AZ

Yüksək Liqa: Mövsümə yekun vuruldu, qaliblər mükafatlandırıldı

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün sonuncu – 20-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, “Record” yarışdan kənarlaşdırıldığına görə, “Baku Fire” son turda 3 xalı meydana çıxmadan qazanıb.

“Yasamal Bakı” ilə qarşılaşan “Neftçi” bu dəfə meydana legionerlərsiz çıxıb və mövsümə qələbə ilə yekun vurub.

Yüksək Liqada mövsümün son matçında isə çempionluğu təmin etmiş “Araz-Naxçıvan” və U-19 yığmamız üz-üzə gəliblər. Son çempionun qələbə qazanacağı gözlənilən idi. Bu matçda da sensasiya baş verməyib.

Beləliklə, Yüksək Liqada 2023/2024-cü illər mövsümünə yekun vurulub. Son oyundan sonra komandalara mükafatlar təqdim olunub. Əvvəlcə matçın hakim-inspektoru Murad Məmmədov və referilər – Elgün Hüseynov, Mahir Məmmədov və Rza Məmmədov səhnəyə dəvət olunublar.

Vitali Borisova ən yaxşı baş məşqçi, 57 qol vuran “Neftçi”nin üzvü Reza Abquna isə ən məhsular oyunçu nominasiyası üzrə mükafat təqdim edilib.

“Neftçi”yə bürünc, “Baku Fire”-ə gümüş, “Araz-Naxçıvan”a isə qızıl medallar və çempionluq kuboku təqdim olunub.

Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər.

Yüksək Liqa
20-ci tur
2 may

“Neftçi” İK – “Yasamal Bakı” 15:6
Qollar: Vahib Xocayev, 0:21; 35:32. Ülvi Əliyev, 4:42; 12:16; 24:05; 38:14. Fərid Atakişiyev, 6:11. Şahbaz Həndəmli, 18:48; 19:50; 27:54; 32:12; 33:51. Nüsrət Fərzəli, 27:35; 31:15. Mirzə Əmirov, 36:50 – Əsgər Abasov, 8:05; 31:54. Tofiq Məlikov, 8:21; 30:02. Mirəhməd Məmmədov, 20:46. Murad Ələkbərli, 26:58.
Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 11:45.

“Araz-Naxçıvan” – U-19 8:0
Qollar: Həsənəli Rəhimov, 7:38. Xəzər Ağalızadə, 14:00. Miloş Todoriç, 18:34; 25:30. Novruz Kazıxanov, 23:05; 28:27; 29:25. Emil Həsənzadə, 31:43.
Hakimlər: Elgün Hüseynov, Mahir Məmmədov, Rza Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 14:00.

Turnir cədvəli: “Araz-Naxçıvan” – 50. “Baku Fire” – 44. “Neftçi” İK – 39. “Yasamal Bakı” – 20. U-19 – 9. “Record” – 4.

Bombardirlər: Reza Abqun (Neftçi İK) – 57. Kənan Manafov (Baku Fire) – 52. Rüstəm Bağırov (Yasamal Bakı) – 42 qol.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla