AZ

Doğrudanmı, cavanlar korlanıb?!

"Atalar və oğullar" problemi yoxdur, zalım atalar və nankor oğullar problemi ola bilər. Amma bütün zamanlara və bütün insanlara xas deyil.

Məsələn, on doqquzuncu yüzilin sonundakı müti toplum rus çarının ətəyini öpürdü. Amma yeni gələn nəsil öz millətinə müstəqil dövlət qurdu. Bax, elə bizdən əvvəlki nəsillər bir-birini satıb, Sovet quruluşu yaratmışdı, bizim nəsillər o quruluşu dağıtdı, müstəqilliyi yenidən gətirdik. Bizim nəsillər Qarabağı itirmişdi, bizdən sonrakılar Qarabağı geri qaytardı...

Onda niyə oğullar atalarından pis oldu ki?!

Şəxsən mən bizdən sonrakılara hər zaman özümüzdən daha çox inanmışam.

"Cavanlar korlanıb" klişesi həmişə ürəyimi yorur. Üstəlik dərindən üzür. Əgər bu, gerçəkdirsə də, üzücüdür, gerçək deyilsə də. Cavanlar gerçəkdən korlanıbsa, bunda biz (də) günahkarıq. Yox, əksinə, korlanmayıbsa, niyə böhtan atırıq?!

Bu yaxınlarda qoca bir "ziyalı"nın müsahibəsi qarşıma çıxmışdı...

Nə deyim?!

Zamanında özünün "orta yaş" sindromuna əsir düşərkən, qız tələbəsinin həyatını alt-üst etmiş birisi indi çıxıb: "İndiki cavanlar korlanıb" deyəndə tüstü təpəmdən çıxır... Nə isə. Lənət Şeytana! Həm də hər cür şeytana...

Nəsillər zamanla dəyişmir, yox! Qarşıya qoyulan hədəflərə, çağırışlara uyğun şəkildə dəyişir. Zahiri yaşam şəkli də, dərindəki daxili cövhəri, məğzi də dəyişir. Bəzən hətta elə kökündən dəyişir, şəkilçisindən yox...

Dönüb, lap başlanğıcımıza baxaq. İbtidai insanın təfəkkürü fizioloji salamatlığa hədəflənmişdi; hardan giləmeyvə tapsın, mamontu necə ovlasın, mağaranı necə qızdırsın?! Acından və soyuqdan ölməsin deyə. Ölmədi də. Sübutu: biz varıq.

Bu gün gedib tarix muzeyində mamontun dişinə baxırıq. "Aman allah, necə böyük, qorxulu heyvan olub!" deyirik. Mamontla yox, əcdadınla qürur duymalısan. Çünki sənin əcdadın bu mamontu, demək olar, əliyalın ovlayıb.

Dünənin öz hədəfi var idi, sabahın öz hədəfi var.

Mamont dedim, yadıma düşdü. Bir dəfə çox varlı bir jurnalist ("varlı jurnalist" - nə qəribə səslənir!) təbiətə vurduğu ziyandan fəxrlə danışırdı, deyirdi: "Oğuzda "Kalaşnikov" avtomatı ilə dağ kəlini ovlamışam".

Necə içim yandısa, dönüb dedim: "Onda belə çıxır ki, nazirlər də cüyürü S-400-lə vurur?" Dedim: "Əcdadımız mamontu primitiv nizə ilə ovlayıb. Allah bizi o vaxtlara qaytarsa, lap tezlacından ölərik. Biz dağ kəlini deyil, dağ kəli bizi ovlayar".

Nə dediyimi başa düşmədi. Çünki çox güldü. Yəqin hələ də başa düşməyib.

Bəli, insanlığın ibtidasında insanı, şərti desəm, fizioloji təfəkkür idarə edirdi. Sonra insan mifoloji təfəkkürə yiyələndi. Dünyanı mifoloji obrazlarla, metaforalarla dərk eləməyə başladı. Şimşək çaxanda elə bilirdi, hansısa qara qüvvənin işidir. Sonra o "qara qüvvələr" "ağarmağa" başladı; mifoloji təfəkkür yerini teoloji təfəkkürə verdi. Səma dinləri gəldi, Allahı tanıdıq. İnsan öz qorxularının qaynaqlarını müqəddəsləşdirdi. Hətta öz üzərində hakimiyyəti o əlçatmaz müqəddəsin Yer təmsilçilərinə verdi. Beləcə uzun müddət məbəd, kilsə, məscid əsas hakimiyyət idi. Keşişin, mollanın kəsdiyi başa sorğu-sual yox idi (adda-budda da olsa, hələ də bəzi yerlərdə Allahın adından sui-istifadə var: "Allah böyükdür" deyibən baş kəsirlər). Hələ bu bir yana. Hökmdar Allahın yer üzündəki kölgəsi sayılırdı. Hətta qədim Misirdə firon elə Tanrının özü demək idi. Necə deyərlər, dini inanc kralın ikinci taxtıydı. Bəlkə də lap birinci...

Bir yerdən sonra kultroloji təfəkkür önə çıxdı. Sənətdə, elmdə, fəlsəfi fikirdə intibah baş qaldırdı. Reformasiya Avropada dini dövlətdən ayırdı. Klassik siyasət yerini bərkitdi. Ardınca da yavaş-yavaş ideoloji təfəkkür oturuşdu. Siyasi fikir böyüyüb, "həddi-buluğa" çatanda, zalım tiraniyaya qarşı demokratiyanı qoydu. Bir nəfərin diktatına qarşı toplum iradəsinin sözün bütün mənalarında səsli ifadəsi ortaya çıxdı və qalib çıxdı.

Demokratiya, Çörçillin dediyi kimi, bəşəriyyətin yeganə uğurlu "qüsuru" idi və sonda texnoloji təfəkkürün önünü açdı. Dörd sənaye inqilabı yaşadıq. Beşincisi qapıdadır (hətta bir ayağı astanadan içəridədir).

Bəli, hər dövrün hədəflərinə görə yeni insan tipi formalaşırdı. İndiki insan - texnoloji insandır. Onun əlindən texnologiyanı al, burax özünə, mamont nədir, heç dovşanı da ovlaya bilməz. Bu onların korlanmasıdırsa, bəlkə elə yaxşı ki korlanıblar; dovşan da, ceyran-cüyür də rahat nəfəs alar. Ancaq bir gerçək mütləq var: əgər məndən cavanlar, doğrudan da, mənə nisbətdə "korlanıbsa", məndən daha uzağa getmək və daha ucaya qalxa bilmək üçün "korlanıblar". İnsan Yer kürəsinin orbitindən kənara çıxacaq qədər "korlanmasaydı", kosmosa uça bilərdi?! Yox!

O halda bizim düçüncəmizə görə, cavan nəsil korlanıbsa, deməli, bizdən daha YAXŞI və daha böyük hədəflərə çatmaq üçün.. "korlanıb".

Bir cavan qızımız bu gün çıxıb Avropada şahı mat qoya bilirsə (ilk dəfə bizdən biri bu yaşda qitə çempionu olursa), demək, o, bizim nəsilə nisbətdə daha uğurlu "korlanıb".

Cavanların "korlanması" bizi rahatsız etməsin. İnsanın uğurları həmişə ilk qüsurdan... başlayıb. Hər kəsin həyatının əvvəlində "qüsur limiti" var.

...Kiminsə nə vaxtsa, barıtı yaş çıxıbsa, oxu daşa dəyibsə, buna cavanlar neynəsin?! Sən özünün bacarmadığının günahını özündən qıraqda, daha da qəribəsi, özündən sonrada axtarma. Sənin axtardığın öz itirdiyindir, başqalarının tapa bildikləri, ya da hələ tapa bilmədikləri deyil. Bizdən sonrakı nəsillərin tapıntıları bizim öz zamanımızda doğru yerdə axtarmaq istəmədiyimiz nəsnələrdir...

Bahəddin Həzi

visiontv.az



Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla