AZ

Sumqayıtda 39 yaşlı kişi dostuna xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü Saleh şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı dostu İlqara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Salehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş İlqar onun dostudur, onların yaxşı münasibətləri var: “Hadisə günü, saat təxminən 12.00-da İlqar evlərində heç kim olmadığına görə onlara gəlib birlikdə nahar etməyi təklif etdi. Mən də etiraz etməyərək onlara getdim. Həmin zaman evdə kənar şəxs olmayıb. Biz birlikdə yemək yedikdən sonra evdən çıxdıq. Evin həyətində İlqarla zarafat etdikdə, mənə kobud cavab qaytararaq getməyimi dedi. Mən isə onun bu sözünü ciddiyə almadım, bir daha İlqarın valideynləri ilə bağlı zarafat etdim. Bu zaman İlqar ünvanıma nalayiq ifadələr işlətdi. Məhz bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək sağ əlim ilə İlqarın sol tərəfdən baş nahiyyəsinə bir dəfə yumruqla vurdum. İlqar  isə heç bir şey etməyərək evə daxil olaraq qapını arxadan bağladı. Mən bir neçə dəqiqə həyətdə gözlədikdən sonra İlqarın çıxmadığını gördüm, oradan getdim”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Salehin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla