AZ

Paşinyana qarşı çıxan keşişlər müharibəyə göndərilsin- tələblər sərtləşir...

Image

Məlum olduğu kimi, aprelin 19-da İrəvan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildiriblər. Bu xüsusda səsləndirilən bəyanatda deyilir ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır. 

Ermənistan tərəfi bu razılaşmaya uyğun olaraq hərbi qüvvələrini Azərbaycana qaytarılacaq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ərazisindən geri çəkir. 

Artıq sərhəd xətti üzərində 35 dirək vurulub. Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində qeyd edir ki, ölkəsi ilə Azərbaycan arasında sərhədin delimitasiyası üçün bütün lazımi sənədlər mövcuddur, onlar Ermənistan hökumətinin sərəncamındadır və onlarla iş aparılır: “Bu sənədlərin müəyyən məxfilik dərəcəsi və onlarla işləmək üçün müəyyən prosedurlar var və hesab edirəm ki, bu prosedurlarla bağlı anlaşılmazlıqlar ola bilər”. Paşinyan müxalifət deputatlarından birinin Kadastr Komitəsinə müraciət etməsi və bu sənədlərin onların ixtiyarında olmadığını bildirməsinə münasibət bildirərkən daha sonra deyib: “Hələ 2022-ci ildə “Hayastan” fraksiyasının rəhbəri bu sənədləri Kadastr Komitəsindən tələb etmişdi. Ona bu sənədlərin məxfiliyinin olduğunu və təqdim edə bilməyəcəklərini bildirmişdilər, buna baxmayaraq, onu Komitədə sənədlərlə tanış olmağa dəvət etmişdilər. Daha sonra delimitasiya prosesləri intensivləşəndə Ermənistan Müdafiə Nazirliyi bu sənədləri Kadastr Komitəsindən tələb edib və qəbul edib. Müxalifət ikinci dəfə Kadastr Komitəsi ilə əlaqə saxladıqda artıq bu sənədlərin əllərində olmadığını bildirdilər. Delimitasiya prosesində hökumətin vəzifəsi sərhədin təkcə ayrı-ayrı hissəsinin deyil, həm də bütün Ermənistan-Azərbaycan sərhədinin bərpası üçün qanuni əsasları təmin edəcək formulun tətbiqi idi. Delimitasiya  uzun bir prosesdir. Delimitasiya komissiyaları bir neçə mühüm məsələdə razılığa gəliblər və əsas odur ki, Almatı Bəyannaməsi hər iki tərəfdən delimitasiya prosesinin əsas prinsipi kimi qəbul edilib. Azərbaycanın timsalında, hamımıza məlum olan şərtlər daxilində delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır. Niyə? Delimitasiya aparılmadığı üçün aydındır ki, bu, münaqişə səbəbi ola bilər. Buna görə də vəziyyəti mümkün qədər idarəolunan saxlamaq məqsədilə biz münaqişə üçün ən böyük potensiala malik yerlərdən başlayırıq”. Paşinyan vurğulayıb ki, demarkasiya olunmuş ərazilərə gəlincə, Ermənistan Müdafiə Nazirliyi bu əraziləri mühafizə etməyəcək, bu vəzifəni Milli Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələri icra edəcək: “Sərhədin bu hissələrində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq. Mümkündür ki, biz suveren ərazilərimizdən çıxaq, çünki burada Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları xidmət edəcək”. Beləliklə, sərhədlərin müəyyən olunması istiqamətində işlər davam edir. Amma erməni müxalifəti və Erməni Kilsəsi hələ də prosesi əngəlləməyə çalışır. Bu fonda Paşinyanın siyasi müttəfiqləri ölkənin sərhədindəki Tavuş rayonunda iki həftədir davam edən etirazlara başçılıq edən arxiyepiskopu sərt tənqid atəşinə tutublar. Söhbət arxiyepiskop Baqrat Qalstanyandan gedir.  

Baqrat Qalstanyan Erməni Kilsəsinin yerli ruhani rəhbəridir. O, aprelin 20-dən dörd kəndin Azərbaycana qaytarılmasına etiraz edən Tavuş rayon sakinlərinə başçılıq edir. Qalstanyan  və tərəfdarları kəndlərin qaytarılmasının və müvafiq delimitasiya işləri aparılmasının qarşısını almaq məqsədi ilə Azərbaycanla həmsərhəd kənddə çadır düşərgəsi yaradıblar. O da bütün Erməni Kilsəsi kimi Paşinyan hökumətinə müxalif mövqe tutur. Etirazçıları Ermənistan müxalifəti, xüsusilə də “Daşnaksutyun” partiyası dəstəkləyir. Bunlar fonunda parlamentin sessiyasında Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar Qalstanyanı ağır ifadələrlə tənqid ediblər. İqtidar deputatları keşişi Rusiya casusu olmaqda, Azərbaycanla daha bir müharibəni qızışdırmaqda ittiham ediblər. Onlardan bəziləri 52 yaşlı arxiyepiskopu zorla hərbi xidmətə çağırmağı təklif edib. Bəzi deputatlar bilərəkdən onun haqqında danışarkən kilsə titulları işlətmədən, sadəcə “Baqrat ağa” ifadəsindən istifadə ediblər. Hakim partiyadan deputat Emma Palyan deyib: “Bəzi siyasi qüvvələr, keşişlər başqa ölkələrin maraqlarına xidmət edirlər və Ermənistanı daha bir müharibəyə sürükləmək istəyirlər. Onlar bu təlimatları xaricdən alırlar”. Paşinyanın başqa partiyadaşları və iqtidar mediası da Qalstanyanı və bütövlükdə müxalifəti və kilsəni xarici qüvvəyə, belə görünür, “Rusiyaya işləməkdə” ittiham ediblər. Ermənistan parlamenti müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan Ermənistanın dövlət sərhəd xidmətinə yeni hərbi birlik yaratmağı və hökumətə qarşı çıxan keşişləri həmin birliyə səfərbər etməyi təklif edib. Qalstanyan isə ona yönəlik ittihamları rədd edib və bildirib ki, “böhtançıları” məhkəməyə verəcək: “Əgər deyirlər ki, biz agentik və hələ də saxlanmamışıq, deməli, ölkədə Milli Təhlükəsizlik Xidməti, dövlət, hakimiyyət yoxdur. Artıq böhtanla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər edilib. Mən əminəm ki, onlar məhkəmə qarşısında cavab verməlidirlər”. Müxalifət liderləri keşişə qarşı söz hücumunu pisləyiblər və Qalstanyanı müdafiə ediblər. Eçmiədzində mənzillənmiş Erməni Kilsəsi də arxiyepiskopu müdafiə edib və kəndlərin Azərbaycana verilməsi planını pisləyib. Xatırladaq ki, Paşinyan hökuməti ilə Katolikos II Qaregin arasında münasibətlər son dərəcə gərgindir.

Samirə SƏFƏROVA





Seçilən
58
38
Mənbələr
Şərh ()
Bağla