AZ

"10 ildən çoxdur çalışırıq, amma..." — Azərbaycan spirtli içki ixracında geridə qalır

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev komitənin iclasında alkoqollu içkilərin ixracı məsələsinə toxunub. Onun sözlərinə görə  bu gün Azərbaycanda alkoqollu içki istehsal edən 132 müəssisə fəaliyyət göstərir. Onların 75 %-i qanunvericiliklə müəyyən edilmiş ixracla bağlı (100 min dekalitr istehsal gücü) tələbi ödəyə bilmir: “Ölkədə fəaliyyət göstərən müəssisələrin 98-i araq, 65-i şərab, 20-si pivə, 4-ü şampan şərabı, 2-si tündləşdirici içkilər istehsal edir. Araq istehsal edən 98 müəssisənin yalnız 8-nin istehsal gücü qanunun ixracla bağlı tələbini ödəyə bilir. 75 % istehsalçı bu tələbi ödəyə bilmir. Kölgə iqtisadiyyatına ən çox araq istehsalı sektorunda rast gəlinir. Bu, düşündürücüdür. Pandemiyadan əvvəl 2019-cu ildə 978 min dekalitr, sonra 790 min dekalitr alkoqollu içki ixrac edilib”, millət vəkili əlavə edib. 

İqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a açıqlamasında deyib ki, alkoqollu içkilər bazarı dünyada ən mürəkkəb sahələrdən biridir:

“Maya dəyəri 10-15 dollara olan spirtli içkini bir ölkə 80, digəri isə 40 dollara təklif edir. Məsələ ondadır ki, baha təklif edən ölkələr artıq bu sahədə liderliyi ələ alıb. Burada keyfiyyət faktoru da var. Bununla yanaşı bazarda alıcı qazanmaq, özünü tanıtmaq da rol oynayır. Hazırda dünyanın alkoqollu içkilər bazarında mövqe tutmaq o qədər də asan deyil. Azərbaycan, əsasən, Rusiyaya araq ixrac edir. Avropa bazarlarına çıxmaq üçün uzun vaxt lazımdır, üzərimizdə işləməliyik. Ermənistan və Gürcüstan bu sahədə bizi qabaqlayır. Sovet dövründə Azərbaycanın yalnız Ağdam çaxırı tanınırdı. Qonşu ölkələrdə isə müxtəlif ad altında müxtəlif spirtli içkilər istehsal olunur, məşhurlaşırdı. Baxmayaraq ki, biz daha keyfiyyətli məhsul istehsal edirik, amma brend yarada bilməmişik. Bu istiqamətdə sahibkarlarımız 10 ildən çoxdur çalışır, amma ciddi uğur əldə edə bilməmişik”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla