AZ

“Oyunun burda keçirilməməsi bizim qərarımız deyil”

Misli premyer-liqasının 33-cü turunda “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

İki gün öncə Peşəkar Futbol Liqası məlumat yayaraq oyunun təşkilati məsələlər səbəbindən “Tofiq Bəhramov”da yox, “Azərsun Arena”da keçiriləcəyini bildirdi. Gözlənilməz qərara reaksiyalar da birmənalı olmadı. Maraqlı məqam dəyişikliyin bu derbiyə tuş gəlməsi oldu. Düzdü, təşkilati məsələlər səbəbindən belə olduğu qeyd olunur, amma hansı təşkilati məsələlər? Bu barədə dəqiq məlumat yoxdu.

Görəsən, yaxın müddətdə “Tofiq Bəhramov” hansısa önəmli tədbir təşkil olunacaq?
Səbəbləri öyrənmək üçün Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Tələt Məmmədovla əlaqə saxladıq. O, bildirdi ki, heç bir təşkilati məsələ yoxdu:
“Stadionda hər hansı təşkilati məsələ yoxdu. Yəni oyunun burda keçirilməməsi bizim qərarımız deyil. Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinə müraciət edin. Niyəsini o desin”.


“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. O, sualımızı belə cavabladı:
“Təşkilati məsələlərlə bağlı qərar verilib ki, məkan dəyişdirilsin. Belə bir razılaşma var. Hər hansı narahat yerə köçmürük. Doğma stadionumuzdu, oyun orda olacaq. Qalan ev oyunlarının orda keçirilib-keçirilməyəcəyinə gəlincə, indilik dəqiq məlumat yoxdu. Qarşıda “Zirə” ilə oyunumuz var. Sona çox vaxt da qalmayıb. “Azərsun Arena” da oyunlara hazır vəziyyətdədi. Amma bundan sonrakı oyunlar orda təşkil olunarsa, bu, PFL vasitəsi ilə açıqlanacaq”.


Bəs matçın keçirilməsinə əngəl olan təşkilati amillər nədi?
Sualımıza dəqiq cavab tapmaq üçün PFL-in media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. O, sözügedən dəyişikliyi “Football-plus.az”a belə açıqladı:
“Ümumi məsələlər çoxdu. Problemli məsələ deyil. Sadəcə, çox xırda detallar var ki, onların yoluna qoyulması məqsədilə atılmış addımdı. Məhz “Neftçi” ilə oyuna düşməsi də xüsusi deyil. “Neftçi” istəməsəydi, yer dəyişilməyəcəkdi. Hər iki tərəfə müraciət olundu. Ki, göstərilən məsələlərlə bağlı uyğun bilirsizsə, dəyişək. Onlardan razılıq alınaraq tərəfimizdən yekun qərar verildi. Yəni bunun rəqib amili ilə heç bir bağlılığı yoxdu. Hər stadionda oyunların təşkilində xırda detallar ola bilir ki, Peşəkar Futbol Liqası onların hər birini təhlil edib, ona əsasən qərar verir. Birini deyib başqalarını deməsək, belə çıxır ki, stadionda sırf bu problemə görə keçirilməyib. Yəni orda xırda nüanslar toplu şəkildə olanda belə addımlar atılır. Onlara əsasən PFL tərəfindən belə bir təklif irəli sürülüb. Bu, “Kəpəz” və ya “Zirə” matçında da ola bilərdi. Sırf indiki vəziyyətdə sadalanan səbəbdən verilən qərardı. Növbəti oyuna qədər aradan qalxacaq. Və bu məsələ həll olunandan sonra “Qarabağ”oyunlarını yenidən “Tofiq Bəhramov”da keçirəcək”.


RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla