AZ

“Böyük Ermənistan” xülyası ilə hara qədər?

Sərhəd dirəklərindən narahat revanşistlər özlərinə yer tapa bilmirlər

Ermənistanda Azərbaycanla delimitasiya məsələləri, o cümlədən Qazaxın dörd kəndinin geri qaytarılması ilə başlanmış isterik durum bütün hədləri aşmaqdadır. Baş nazir Nikol Paşinyana qarşı çıxan qüvvələr xeyli aktivləşiblər. Bu aktivləşmənin iki əsas, bir yardımçı qütbü nəzərə çarpmaqdadır. Birincisi ordu, ikincisi kilsə. Yardımçı qütbə gəlincə, bu, xaricdəki erməni lobbi və diaspor təşkilatlarıdır. Bu qüvvələrin təsiri altında olan Ermənistandakı revanşistlər “Vətən naminə Tavuş” hərəkatına start veriblər. Onlar şüar şəklində bildirirlər ki, “belə getsə, tezliklə sərhəd dirəkləri İrə­vanda basdırılacaq”. Eyni zamanda, pay­taxt küçələrində Azərbaycanla sərhəddə qoyulmuş ilk sərhəd dirəyinin maketləri nümayiş etdirilir, ölkəmizlə bağlı aqres­siv ritorikanın daha da gücləndirilməsinə çalışılır.

Ermənistan­da kəndlərin Azərbaycana qaytarılma­sı, sərhəd dirəklərinin quraşdırılması məsələsəndəki narazılıqların ikinci qüt­bündə ordu dayanır. Nəzərə alaq ki, pro­seslərə hərbi qulluqçular da qoşulublar. Ümumən, haqqında söz açdığımız ordu amili məsələsindəki vəziyyət belədir ki, bir qrup hərbçi sərhədlərin delimitasi­yasına etiraz edən narazı kütlə ilə həm­rəyliyini göstərir. Həmin qrupda yer alan­ların bu addımı uzun müddətdir davam edən hərbi çevrilişlə bağlı müzakirələri aktivləşdirib. Silahlı qüvvələr içərisində baş nazirə qarşı narazı zabit heyətinin olduğu və həmin heyətin hakimiyəti de­virmək üçün fürsət gözlədiyi aydındır. Nikol və onun təyin etdiyi müdafiə nazirləri orduya tam nəzarəti gerçəkləş­dirə bilmirlər. Səbəb sadədir – orduda “Qarabağ klanı”nın qalıqları həddən artıq çoxdur. Bütün bunlar onu göstərir ki, Ermənistan ordusu Paşinyan iqtidarı üçün hər an partlamağa hazır bombadır. Ermənistanın mövcud haki­miyyəti nə qədər çalışsa da, bu sahədəki islahatlar əməli nəticə vermir. 

Erməni lobbisi və diaspor təşki­latları Paşinyanın görmək istədiyi işləri əngəlləmək, onu sabotaj etmək, mümkün qədər zəiflətmək, hət­ta hakimiyyətdən getməsi üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar. Bura sui-qəsd, dövlət çevrilişi kimi ad­dımların atılması da daxildir. Proseslərdə di­asporla yanaşı, erməni apostol kilsəsi də aktiv iştirak edir. Paşinyan hakimiyyəti “Müasir Ermənistanı qorumaq üçün tarixi Ermənistan ideo­logiyasından imtina etmək məcburiyyətin­də qaldıqlarını” etiraf edib. Erməni kilsəsi və erməni diasporu isə bununla barışmır. Həm Paşinyana, həm də Azərbaycana qarşı silsilə hücumlar təşkil edir. Dünya erməniləri son həmləsini gerçəkləşdirir. ABŞ və Avropa institutlarından istifadə edərək, Azərbaycana təzyiq göstərmək, geri addım atmağa məcbur etmək istəyir. Fransada, ABŞ-də, Rusiyada və digər ölkələrdə yaşayıb fəaliyyət göstərən,  dövlətlərin yüksək postlarında təmsil olunan, siyasi dairələrə çıxış imkanı olan haylar böyük dövlətlərin mövqeyinə təsir edərək onlardan iki xalq arasında münasibətləri gərginləşdirmək üçün yararlanıblar. Erməni diasporu an­ti-Azərbaycan, anti-türk mahiyyətdə­dir. Diaspor rəhbərləri hələ də “böyük Ermənistan”  xülyası ilə fəaliyyət göstərir və radikal düşüncələrdən yaxa qurtara bilmirlər.

Siyasi şərhçi Akop Badalyan erməni xalqının xəyallarla, mənasız təskinliklərlə yaşamasını, reallıqları dəyərləndirə bilməməsini tənqid edib. O, "Mamul" nəşrinə açıqlamasında ölkədə yaranmış xaosu, sərhəddə baş verən hadisələri şərh edərkən  erməni cəmiyyətinin boş yerə beynəlxalq aləmə güvənməsini də qınayıb: "İllər keçəcək və erməni xalqı başına gələnlərə baxmayaraq "Azərbaycana xəbərdarlıq edildi" kimi təskinliklərlə yaşamağa davam edəcək. Əvvəlki 30 il ərzində cəmiyyətimiz üçün bu təskinliklərin mənbəyi Rusiya idi. İndi isə sıralamada ABŞ birinci olacaq. Bəlkə də Hindistan və ya Çin növbəti təskinlik mənbəyimiz sayılacaq".

Hər halda proseslərin gedişi Hayastanı qarşıdakı dövrdə daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir. Yaxşı olar ki, revanşistlər də qəbul etsinlər ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəlməsi, Ermənistan ordusunu diz çökdürməsi, separatçıları məhv etməsi regionda əvvəlki vəziyyəti kökündən dəyişdi. Azərbaycan-Ermənistan sərhəddində delimitasiya və demarkasiya prosesi isə  Cənubi Qafqazda sülhə nail olunmasına böyük töhfələr verəcək. Bəzi ölkələr və beynəlxalq təşkilatlar da bilməlidirlər ki, gərginlik nə qədər tez ortadan qaldırılarsa, regiona sülh və təhlükəsizlik də o qədər tez gələr. Bu isə region üçün son dərəcə əhəmiyyətlidir. Beynəlxalq təşkilatlar və nüfuzlu dövlətlər bu vacib məsələyə dəstək verməli, sərhədlərin delimitasiyası prosesində Ermənistanda yaranan  əsassız, süni əngəllərə görə vaxtında ona təzyiq göstərməlidirlər ki, sonradan çox gec olmasın . Əks təqdirdə unutmasınlar ki, “dəmir yumruq”  öz yerindədir…

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla