AZ

Kaliforniya Universitetində Fələstin tərəfdarı 200-dən çox nümayişçi həbs edildi


Kaliforniya Universitetinin Los-Ancelesdəki kampusunda Fələstin tərəfdarı olan etiraz düşərgəsinin dağıdılması zamanı 200-dən çox nümayişçi həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cümə axşamı təhsil ocağının rektoru Cin Blok məlumat yayıb.
“Dünən axşam düşərgədə qalanlara bir neçə dəfə xəbərdarlıq edilib və polis əraziyə daxil olmamışdan əvvəl onlardan düşərgəni dinc şəkildə tərk etmələri tələb edilib. 300-ə yaxın etirazçı könüllü olaraq düşərgəni tərk edib, 200-dən çox nümayişçi isə verilən əmrə tabe olmayıb. Nəticədə, polis sözügedən nümayişçiləri həbs edib”, - Blok bildirib.
O, əlavə edib ki, universitet rəhbərliyi etirazların dayandırılması perspektivlərini müzakirə etmək üçün mitinq liderləri ilə rəsmi görüş tələb edib.
“Təəssüf ki, görüşlə bağlı razılıq əldə edilməyib”, - rektor qeyd edib.
Etiraz düşərgəsinin ləğvi ilə bağıl əməliyyatda 250-yə yaxın polis əməkdaşı iştirak edib.
Qeyd edək ki, Amerika mediasının məlumatına görə, polis ABŞ universitetlərində Fələstini dəstəkləyən nümayişlərdə artıq 2 mindən çox adamı saxlayıb. Aprelin 18-dən etibarən nümayişlər zamanı tələbələri distant təhsilə keçirən və kampuslara girişi məhdudlaşdıran 30 kollec və universitetdə həbslər aparılıb.
Xatırladaq ki, etirazçılar Qəzza zolağında hərbi əməliyyat keçirən İsrailə maliyyə yardımı və silah tədarükünü dayandırmağı tələb edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla