AZ

Türkiyəli qonaq Sumqayıtda şəhid ailələrini ziyarət edib - FOTO

2016-cı il iyul ayının 15-də qardaş Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı qəhrəmancasına şəhid olan Ömər Xalisdəmirin qardaşı Doğan Xalisdəmir bu gün Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəvəti ilə Bakıya gəlib.

Herbiand.az xəbər verir ki, qonağı salamlayan İctimai Birliyin rəhbəri Emin Həsənli dəvəti qəbul edərək Azərbaycana gəldiyi üçün ona təşəkkürünü bildirib.

Doğan Xalisdəmir ilk öncə 2020-ci il iyul döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə xanımı Sumqayıtda evində ziyarət edib. Türkiyəli qonaq Səmayə ananın evinin baş tərəfində qardaşının şəklini görüb. Bu foto onu duyğulandırıb. Doğan Səmayə xanımla görüşərək Polad Həşimov haqqında söhbət ediblər. Poladın döyüşdə şəhid olduğundan təəssüf hissi keçirdiyini deyən türkiyəli qonaq Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyi üçün onun ruhunun indi rahat olduğunu söyləyib. Səmayə xanım Doğan Xalisdəmirə qardaşının çevriliş hadisələri zamanı ölməsini kədərli hal olduğunu deyib. Sonda şəhid zabitimizin anası türk qonağa ziyarət üçün təşəkkürünü bildirib.

Doğan Xalisdəmir sonra Emin Həsənlinin müşayiəti ilə Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər. Orada dəfn olunanların ruhuna dualar oxunub. Qeyd edək ki, burada 2016-cı ildə aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucov da dəfn olunub. Şəhid zabitimizin də məzarı ziyarət olunub.

Növbəti yolculuq isə Şirin Mirzəyin həyat yoldaşı Flora xanımın evi olub. Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəy 1992-ci ildə 1-ci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub. Doğan Xalisdəmir Flora xanım ilə söhbət zamanı bildirib ki, Milli Qəhrəmanın həyat yoldaşı olmaq qürurludur. Türkiyəli qonaq Azərbaycanın belə igid oğullarının olmasına çox sevindiyini bildirib. O, bu günkü görüşdən məmnun qaldığını deyib və Flora xanıma can-sağlığı və uğurlar arzulayıb. Flora xanım qonağa xatirə olaraq kitab bağışlayıb.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla