AZ

Sensasion İDDİA: Netanyahu və yüksək vəzifəli israilli məmurlar həbs olunacaq – ABŞ-da rezonansa səbəb olacaq MÜZAKİRƏLƏR

“İsrailin baş naziri Benyamin Netanyahu və İsrail hökumətinin bir sıra üzvlərinin həbs edilməsi ilə bağlı verilən qərarları ABŞ tərəfi vermir”.

Bu barədə Yenicag.az-ın suallarını cavablayarkən politoloq Natiq Miri deyib.

O, İsrailin Qəzza zolağında apardığı əməliyyatlar fonunda bu ölkənin hərbi-siyasi rəsmilərinin həbsi ilə bağlı beynəlxalq mediada yayılan məlumatları dərc edib.

N. Mirinin sözlərinə görə, bununla bağlı qərarları yalnız Beynəlxalq Cinayət Məhkəməsi ilə Avropa İnsan Hüquqları Məhkəməsi verə bilər.

“Bu kontekstdə İsrailin Baş naziri və digər israilli hərbi-siyasi rəsmilərin konkret cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müraciət mövcuddur. Artıq bu müraciətin içərisinə Türkiyə də daxildir ki, bu qrup getdikcə böyüməkdədir və ABŞ daxil olmaqla, bütün dünya ölkələrindən Netanyahuya dəstəkdən vaz keçilməsi tələb olunur”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, İsrailin Qəzzadakı əməliyyatlarının qarşısını almaq üçün ABŞ rəhbərliyi hərəkətə keçərsə, bu, sadəcə, prezident seçkilərini qazanmaqla məhdudlaşacaq bir məsələ olmayacaq:

“Əksinə, bu, ABŞ-nin nüfuz məsələsidir ki, biz hazırda sürətlə nüfuzunu itirən Birləşmiş Ştatlar obrazını görürük. Çünki bu gün Yaxın Şərqdə – Fələstində öldürülən 35 mindən çox insanın 40%-i körpələrdir. Bunu nə iləsə izah etmək mümkün deyil. Ona görə ki, körpələr nə terrorçudur, nə də ki hansısa günahlara malik olan adam. Onlar məsumdur və hələ də günah etməyiblər. Onun üçün də körpələrin öldürülməsi məsələsinin sualı hələ də qlobal səviyyədə İsrailə verilməyib”.

Politoloqa görə, ABŞ-nin İsraili müdafiə etməsi Vaşinqtonun beynəlxalq səviyyədə güc mərkəzi olması ehtimalının üstündən xətt çəkir:

“Artıq qəzetlərin nə yazması önəmli deyil. Reallıqda Türkiyə bu prosesə qoşulduğunu və Cənubi Afrika Respublikasını dəstəklədiyini, habelə bu qrupların artırılması yönündə ciddi fəaliyyət ortaya qoyacağını bəyan edib. Qısacası, proseslər buna doğru gedir. Ona görə də indiki vəziyyətdə prezident seçkiləri öncəsi bundan siyasi alət olaraq istifadə olunması ehtimalı həmin siyasi dairələrə geri qayıda bilər. Çünki ortada böyük bir müharibə cinayəti var və kimsə buna şərik olursa, bu, onların özünü yandırması anlamına gəlir.

Onsuz da, mən gələcək perspektivdə Benyamin Netanyahunun həbs olunmasını gözləmirəm, lakin Beynəlxalq Cinayət Məhkəməsi bununla bağlı order verərsə, bu, həm İsrailin müharibə cinayətində məsul tutulmasına, həm də ona dəstək olan, anti-İsrail qətnamələrinə daim veto qoyan ABŞ-a böyük zərbə olacaq”.

Xatırladaq ki, hakimiyyətə yaxın olan yerli media qurumları iddia ediblər ki, hər iki partiyadan olan amerikalı senatorlar Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) rəsmiləri ilə İsrailin baş naziri Benyamin Netanyahu da daxil olmaqla yüksək vəzifəli İsrail məmurlarının həbsinə orderlərin verilməsinin mümkünlüyü ilə bağlı müzakirələr aparıblar. Analitiklərin fikrincə, sözügedən məsələ İsrailə qarşı beynəlxalq təzyiqlərin artması və prezident seçkiləri öncəsi fonunda Amerikada rezonansa səbəb ola bilər.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
30
Mənbələr
Şərh ()
Bağla