AZ

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir –peşə təhsili alan sahibkar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Tələbə

Bakı, 3 may, Aysel Azad, AZƏRTAC

AZƏRTAC “Müasir Azərbaycan peşəkarı” silsiləsindən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Ruslan Məmmədovun uğur hekayəsini təqdim edir.

Ruslan Məmmədov 1982-ci ildə Göyçay rayonunda anadan olub. Göyçay şəhər 3 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə ali təhsil alıb. Daha əvvəl tikinti firmalarından birində tikinti işinə nəzarət sahəsində çalışıb. Həmçinin bir neçə şirkətdə satış sahəsində özünü sınayıb.

Un məmulatları istehsalı sahəsinin idarə olunması istiqamətində aldığı təkliflər, eyni zamanda, həmin sahədə satış və istehsalla bağlı uğurlarının olması onun bu işə yönəlməsinə səbəb olub. Ruslan Məmmədov 2011-ci ildən Lənkəranda şirniyyat sahəsində ən böyük müəssisə olan “İpək Yolu” şirkətinin direktorudur.

Müsahibimiz deyir ki, direktoru olduğu şirkətin fəaliyyət dairəsi onu peşə təhsili almağa yönəldən səbəblərdən biridir: “Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq müqaviləsi bağladıq. İdarəetmə biliklərindən əlavə istehsal biliklərinin nəzəri hissəsinin vacib olduğunu düşündüm. 2023-cü ildə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin qənnadıçı-şirniyyatçı qrupunda təhsil almağa başladım. Peşə məktəbinin mükəmməl dərslikləri və müəllim heyətinin peşəkar olmağı çox xoşuma gəldi. İşlərimin çox olmasına baxmayaraq təhsilimə və davamiyyətimə diqqətlə yanaşıram. Bu biliklər iş həyatımı daha böyük uğura aparır. Tələbə yoldaşlarımla birlikdə həm nəzəri biliklərə yiyələnmək, həm də təcrübə sahəsində biliklərimi onlarla bölüşmək qürurvericidir”.

Qəhrəmanımız tələbə yoldaşı ilə həm də əməkdaşlıq edir: “Lənkəran rayonunda 3 şöbəmiz və 120-yə yaxın əməkdaşımız var. Peşə məktəbindəki tələbə yoldaşımı da işə qəbul etmişəm. O, hazırda tort istehsalı sahəsində işləyir. Gələcəkdə peşə məktəbi tələbələrindən işə götürmək üçün məktəbin direktoru ilə layihələr hazırlayırıq”.

Ruslan Məmmədov gənclərə asudə vaxtlarında kitab oxumağı və seçdikləri ixtisas üzrə biliklərini daha da dərinləşdirməyi tövsiyə edib. Qeyd edib ki, uğurun təməli və davamı yalnız biliklə olur.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla