AZ

YEVLAXDA FERMERƏ QAN UDDURANLAR- PREZİDENTƏ MÜRACİƏT EDİLDİ- VİDEO

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Yevlaxın aidiyyəti rəsmi qurumlarının yaratdığı dolaşıqlıq üzündən rayonun Aran qəsəbəsi ərazisindəki qanuni torpaq sahəsi ətrafında yaranmış problemlərin həllinə kömək məqsədilə və Aran Bələdiyyəsinin sədri Əbülfət Rzayevin

yaratdığı problemlərdən canı boğazına yığılan fermer Nuru Sultanov "Təzadlar" qəzeti redaksiyasında oldu... Məsələ şəxsi fermerlə bağlı deyil. Məsələ Azərbaycanın ərzaq təhlükəsizliyinə yaradılan problemlərdən gedir. Adamın inanmağı gəlmir ki, qoyun-quzu saxlayan sahibkara Yevlaxda arxa duran yoxdur. Əksinə, ona yetərincə problemlər yaradanlar var. 

***

Beləliklə, əli Yevlaxın bəzi rəsmi qurumlarından üzülən fermeri təsərrüfatın hazırkı qayğılı vaxtında Bakıya şikayətə gəlməyə sövq edən problemlərlə bağlı onu əvvəlcə redaksiyada diqqətlə dinlədik, təqdim etdiyi sənədlərini təhlil etdik... Açıq deyək, onun başına gətirilən oyunların realllığına əvvəlcə inanmadıq. Axı necə ola bilər ki, hər gün mediada ətin qiymətinin əlcatan olmadığı barədə həyəcanlı xəbərləri oxuduğumuz bir vaxtda, Yevlaxda min bir əziyyətlə qoyun-quzu bəsləyib ət istehsalına dəstək verən, bolluq yaradan... bir sahibkara zülm edilir, otlaq sahəsi əlindən alınır, kimlərəsə verilir və s.

***

...Uzun illərdir Qaradolaq sortlu qoyun- quzu yetişdirməklə məşğul olan Nuru Sultanov ailəlikcə 30 ildən çoxdur bu torpaq ərazisində çalışır, hazırda isə 2037- ci ilədək torpağa icarə müqaviləsi sənədləri var, hətta Əmlak Komitəsi mütəxəssislərinin yerində xəritələşdirdiyi torpaq sahəsində həyatını həsr etdiyi qoyunçuluqla məşğuldur... İndi isə, özünün dediyi kimi, Kəlbəcərdən olan bir ailə ilyarımdır günəbaxan əkini ilə məşğul olduğu halda, onun başına açmadığı oyun qalmayıb. Nuru Sultanov qanıqara halda danışır: "...Bütün bu problemlərin müəllifi Aran Bələdiyyəsinin sədri Əbülfət Rzayevdir. Belə ki, mənim təsərrüfat sahəmə yaxın ərazidə Həşimovlar ailəsi məskunlaşıb, günəbaxan əkib- becərirlər... Bələdiyyə sədri onlara söz verib və iştirakım olmadan mənə məxsus torpaq sahəsini hərraca çıxarıb, gizli şəkildə. Necə ola bilər ki, məni və torpaq sahəmi yaxşı tanıyan, dəfələrlə ərazidə olan  bələdiyyə sədri bilmir ki, bu yer mənə məxsusdur??? Və qanuni sənədlərim, hər il torpaq icarəsinə görə ödədiyim pulların qəbzlərini sizə təqdim edirəm, bunları bilən sədr qanundan xəbərsiz idimi? Bəs bilmirdi ki, mən bu icarə haqlarını nəyə görə ödəyirəm???

 

yevlax-2

Hətta hərrac keçirirsə, formal olaraq, ilk növbədə mənə təklif edilməli idi... İndi Həşimovlara nəyi və necə söz veribsə, məni bu ailə ilə üz- üzə qoyub... Hətta Həşimovlar mənə zəng edib ölümlə hədələyirlər... İş o yerə çatıb ki, uzun illərdir əkdiyim yoncanı bir neçə gün əvvəl gəlib biçiblər ki, yonca bizimdir. Əllərində həmin əraziyə məxsus bir sənəd belə olmayan, yalnız bələdiyyənin qanunsuz və əsassız sözü ilə əkdiyim yoncanı daşıyıb aparmaq istəyirlər... Bu hansı qanuna və adamlığa sığır? Xahiş edirəm, rayona gəlin, məsələni yerində araşdırın, məhv olmaqda olan təsərrüfatımın dağılmasının qarşısını almaqda kömək edin. Axı mən bu damazlıq təsərrüfatı Azərbaycan üçün yetişdirirəm... Bu qoyun- quzu Azərbaycan bazarı üçündür. Hətta Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi səviyyəsində damazlıq təsərrüfatımı hər yerdə nümunə çəkirlər... İndi bir bələdiyyə sədri nəyinsə naminə günümüzü göy əskiyə büküb, ərazidə qan çanağı yaradıb...".

yev-4

(Şəkildə: Aran Bələdiyyəsinin sədri Əbülfət Rzayev)

 ...Media olaraq dünən məsələni yerində araşdırmaq üçün Yevlaxda, sonra Aran qəsəbəsində və mübahisələndirilən örüş və əkin sahəsində olduq... Yevlax rayon Prokurorluğunda, rayon Polis Şöbəsində, Aran qəsəbəsi Bələdiyyəsində, eləcə də mübahisə meydanına çevrilmiş təsərrüfata da baş çəkdik... Videokameramızın yaddaşında maddi məsul şəxslərin müsahibə və şərhləri var... Eləcə də adı çəkilən damazlıq təsərrüfatının çobanları ilə söhbət etdik... Danışılanlar acı təəssüf hissi doğurur. Doğrudanmı Yevlax rayon İcra Hakimiyyətinin rəhbərliyi üçün bu süni yaradılmış qalmaqallı hadisəni yerində araşdırıb həll etmək çətindir?! Yaxud, niyə kimlərsə yerlərdəki şikayətlərin paytaxta axışmasında maraqlıdır? 

İnanırıq ki, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tezliklə bu qalmaqala son verəcək, problem aradan qaldırılacaq və fermer Nuru Sultanov vaxtını şikayətnamələrə deyil, qoyun-quzuya həsr edəcək...

Bu və ya digər suallara cavabı həm sahibkar Nuru Sultanovun, həm təsərrüfatda çalışan çobanların, həm də Aran Bələdiyyəsinin sədri Əbülfəz Rzayevin müsahibələrində tapa biləcəksiniz. Aşağıda təqdim edilir:

("Təzadlar"ın Araşdırma Qrupu)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla