AZ

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

İtaliyanın

Roma, 3 may, AZƏRTAC

İtaliyanın “AISE” informasiya agentliyi Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlərə yer verilib.

Məqalədə Forumda müzakirə olunan məsələlərdən biri - çoxtərəfliliklə bağlı Azərbaycan Prezidentinin çıxışından sitat gətirilib: “Azərbaycan öz təcrübəsini göstərib. Biz qəti şəkildə çoxtərəfliliyə sadiqik. Biz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etmişik. O, BMT-dən sonra ikinci ən böyük təşkilatdır və həmçinin bununla bağlı yekdil qərarımız oldu, sədrliyimiz yekdil qərarla əlavə bir il də artırıldı. Təbii ki, Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır. Biz həmin Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik. Bütün bunlar məhz Azərbaycan tərəfindən yaradılıb”.

Azərbaycan hökumətinin tezisi ondan ibarətdir ki, bütün əsas problemləri daxildə həll etmək, bütün etnik qrupların və bütün dinlərin nümayəndələrinin özlərini təhlükəsiz, ləyaqətli və hörmətli hiss etdikləri atmosfer yaratmaq lazımdır.

“Əgər belə olmasa, bu, yalnız ayrı-seçkiliyə, etimadın çatışmazlığına aparıb çıxarar və sonda bu, sosial və bir çox hallarda siyasi çətinliklərlə nəticələnər. Bu, ölkə daxilində parçalanmaya səbəb olar. Buna görə, məhz təcrübəmiz göstərir ki, biz müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq və bu vəziyyətdən çıxa bildik. Çünki o vaxt işğal var idi, çox iqtisadi və sosial çətinliklər özünü büruzə verirdi. Azərbaycanı parçalamaq cəhdləri var idi və məhz aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi. Əlbəttə ki, bu kontekstdə dini rəhbərlərin rolu xüsusi əhəmiyyət kəsb edir”, - deyə Prezident İlham Əliyev forumda bildirib.

Məqalədə qeyd olunur ki, Forum Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə başlanmış və aparıcı beynəlxalq təşkilatların dəstəklədiyi “Bakı Prosesi”nin tərkib hissəsidir. Məqsəd dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Forum yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırır və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malikdir.

Üç gün ərzində Forum çərçivəsində keçirilən bir sıra plenar iclaslarda və dəyirmi masalarda geniş spektrdə maraqlı tərəflər, o cümlədən hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, görkəmli mədəniyyət xadimləri, 100 ölkədən jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və dünyanın müxtəlif ölkələrindən olan ziyalılar aktual qlobal çağırışları müzakirə etmək üçün toplaşıb.

Yazıda Azərbaycanın Avropa və Asiya arasında geosiyasi mərkəz olmağa, eyni zamanda, enerji dosyesindən kənarda da rol oynamağa namizəd olduğu bildirilir.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla