AZ

Sosial reabilitasiya xidmətlərinin genişləndirilməsi prioritetdir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, məişət zorakılığından zərər çəkmiş şəxslərin, habelə görmə qabiliyyəti məhdudluğu olan şəxslərin sosial reabilitasiyası həyata keçirilir. Onlara sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətlərinin, sosial-məsləhət yardımının göstərilməsi, həmçinin müəssisəyə stasionar formada qəbul edilmiş bu kateqoriyalardan olan şəxslərin reabilitasiya müddətində müvəqqəti yaşayış yeri ilə təmin olunması, qaynar xətt vasitəsi ilə həssas əhali qrupundan olan şəxslər üçün sosial-məsləhət xidməti təşkil edilir.

Müəssisədə çarpayı sayı 125 olmaqla, çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin reabilitasiyası şöbəsinə 50, baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslərin reabilitasiyası şöbəsinə 25, görmə qabiliyyəti məhdud şəxslərin reabilitasiyası şöbəsinə 20, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinə 30 yer ayrılıb. Müəssisə tərəfindən uşaqların mənəviyyatına zidd informasiyalardan müdafiəsi, nəzarətsizlikləri və baxımsızlıqları ilə mübarizənin təşkili, narkotik vasitə və alkoqollu içkilərin aludəçisinə çevrilməmələri üçün mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir. Həmçinin müəssisədə müvafiq kateqoriyadan olan şəxslərə narkotik vasitələrin təsiri altına düşməsinin qarşısının alınması, narkotik vasitələrin mənfi təsirləri ilə bağlı profilaktik tədbirlər həyata keçirilir. Müəssisə sakinləri arasında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, bu problemin vurduğu ziyanın həcminin praktiki olaraq böyüklüyü və narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox mənfi hallara gətirib çıxarması ilə bağlı maarifləndirmə işləri aparılır.

Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli qərarı ilə Sosial Xidmətlər Agentliyinin tabeliyindəki Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında məqsəd penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədilə onlara hüquqi, sosial-psixoloji, sosial-məsləhət yardımı və sosial-məişət xidmətlərinin göstərilməsidir. Həmçinin onların narkotik vasitələrin təsiri altına düşməsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi və şəxslərin sosial adaptasiyası ilə bağlı digər tədbirləri həyata keçirməkdən ibarətdir.

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, nazirlik tərəfindən 2013-cü ildən etibarən sosial xidmət sahəsində dövlət sifarişlərinin qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarına verilməsi yolu ilə çətin həyat şəraitində olan şəxslərin müdafiəsinin təmin edilməsi məqsədilə həmin kateqoriyalardan olan şəxslər üçün sosial sifarişlər həyata keçirilir.

Cari ildə əlilliyi olan şəxslərə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara, həssas əhali qrupuna aid olan və imtiyazlı şəxslərə sosial xidmət məqsədləri üçün müxtəlif istiqamətlərdə ümumilikdə 30 qeyri-hökumət təşkilatı və 1 fiziki şəxslə 49 sosial sifariş üzrə müqavilə bağlanıb. Sosial sifariş əsasında uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə layihələr çərçivəsində 30 şəhər və rayon üzrə 900 uşağı əhatə edən günərzi xidmət mərkəzləri fəaliyyət göstərir.

Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial cəhətdən həssas qruplardan olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması, peşəyönümlü məsləhət xidmətlərinin göstərilməsi fəal məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir. Yetkinlik yaşına çatmayan şəxslərin və gənclərin təlim-tərbiyəsi, məşğulluğu, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının həyata keçirilməsi məqsədilə 2023-cü il ərzində Agentlik tərəfindən gənclərin (15-29 yaş) məşğulluğuna diqqətin artırılması istiqamətində işlər aparılıb. 3 minədək gənc özünüməşğulluq proqramına, 5005 nəfər peşə hazırlığına cəlb edilib, 41 538 nəfər isə münasib işlə təmin olunub.

Cari ilin birinci rübü ərzində isə 129 gənc özünüməşğulluq proqramına, 1819 peşə hazırlığına cəlb edilib, 12 090 nəfər isə münasib işlə təmin olunub. Cəzaçəkmə müəssisəsindən azad olunan şəxslərdən 2024-cü ilin 3 ayı ərzində 152 nəfəri işlə təmin edilib.  

Cavid Əbdul-Qədirov,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbərinin müavini

Seçilən
101
37
Mənbələr
Şərh ()
Bağla