AZ

Vətən müharibəsinin qadın şəhidi – Arəstə

Savaş meydanı onun son iş yeri oldu

“Müharibəyə gedəndə bacımla mənə “İşə gedirəm, şənbə günü geri qayıdacağam” dedi. Onunla görüşüb, riyaziyyatdan hazırlığa getdim. Anam məndən iki saat sonra evdən çıxıb”. Bu sözləri Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışovanın oğlu Mərdan anasının şəhid olduğunu biləndən sonra deyib.

Xaçmazlı qızı Arəstə Baxışova müharibəyə qədər doğulduğu rayona aid olsa da, indi bütün Azərbaycanın övladıdır. Özü də fəxr etdiyimiz, qürur duyduğumuz şəhid qızımızdir. Atası– Mühafizə xidməti rəisi, baş leytenant Kərim Baxışov Arəstənin 4 yaşı olanda vəfat edib. Anası çiyninə götürdüyü ağır yükü təkbaşına çəkib. Arəstə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə oxuyub. Anası onun hər hansı bir peşəyə sahib olmasını çox arzulayırdı. Ona görə də o, 2004–2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili ixtisası üzrə təhsil alıb.

Atasını uniformada geyimi ilə xatırlayan qızda bu geyimə xüsusi məhəbbət yaranıb. Ona görə peşə istiqamətini dəyişib və hərbi sahədə işləməyi seçib. Arəstə Baxışova 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist işinə götürülüb. 2019-cu il iyulun 12-dək orada işləyib. Hərbi hospitaldan sonra Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə operator vəzifəsində çalışıb.

Çavuş Arəstə Baxışova Vətən müharibəsinin qızğın günləri zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə ən qaynar nöqtədə, elə döyüş meydanında tibbi yardım göstərib. O, 1 aya qədər müddətdə kişilərlə çiyin-çiyinə gah səngərdə, gah meşədə yaralılara ana-bacı olub. Başına güllə yağa-yağa yaralanan hərbçi qardaşlarını böyük əziyyətlə atəş altından çıxarıb, neytral əraziyə gətirib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı yaralı zabiti döyüş meydanından çıxararkən şəhidlik məqamına yüksəlib. Arəstə Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.

Gənc ananın Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb. Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın oğlu ötən illərdə şəhid övladları uçün təşkil edilən “Qaliblər düşərgəsi”nin 14 günlük iştirakçısı olub. Mərdan qəhrəman xanımın oğlu olduğuna görə fəxr edir: “Anamı çox sevirdim. O bizi dəyişməz ana sevgisi ilə böyüdürdü. Anamın şəhadətindən üzülsək də, xəbəri qürurla qarşıladıq. Çünki şəhidlər ölmür, onlar hər zaman bizim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin!” – deyir Mərdan.

İki ciyərparasını anasına əmanət edərək, canından çox sevdiyi Vətənin azadlıq savaşına qalxıb döyüşə atılan Arəstə Baxışovanın son sözləri belə olub: “Bəlkə də mən sağ qayıtdım. Amma bu, döyüşdür, nəticəsi bilinməz. Uşaqlarım sənə əmanət”.

Mərdanın arzusu hərbçi olmaqdır. Anasının Vətənə bağlılığı, yurd sevgisi onda bu istəyi yaradıb. Allah yolunu açıq etsin. Bu gün Arəstənin 35 yaşı tamam olur. Gənc qız həyatının çiçəkləndiyi vaxtda çiçəklər əhatəsində uyuyur. Ruhu şad olsun.

Zərifə BƏŞİRQIZI
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
Mənbələr
Şərh ()
Bağla