AZ

Hər kitab bir dünyadır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yazıçı ömrünün səhifələri

Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın sayca 5-ci kitabı – “Yusif Səmədoğlunun həyatı və yaradıcılığı” monoqrafiyası işıq üzü görüb.

“Sənətkarın elmi pasportu seriyası”nın 48-ci nəşri olan kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovadır.

Monoqrafiyada Azərbaycan ədəbiyyatının özünəməxsus imzalarından biri, Səməd Vurğun ocağının genetik və ədəbi davamçılarından olan Yusif Səmədoğlunun ədəbi irsi hərtərəfli işıqlandırılıb. “Yusif Səmədoğlunun həyatı”, “Yusif Səmədoğlu yaradıcılığı və Azərbaycan nəsri”, “Yusif Səmədoğlunun hekayə yaradıcılığı”, “Yusif Səmədoğlunun romanlarında arxetipik məqamlar”, “Yusif Səmədoğlunun yaradıcılığı ədəbi tənqiddə” bölmələrindən ibarət olan monoqrafiya ədibin həyat və yaradıcılığına yeni baxışı özündə ehtiva edir.

Kitab “Xan” nəşriyyatında çap olunub, 132 səhifədən ibarətdir.

Çeçen poeziyası antologiyası

“Ərənlərin nəğməsi. Çeçen şeirindən seçmələr” adlı toplu “Mücrü” nəşriyyatında çapdan çıxıb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Çeçenistan Dövlət Pedaqoji Universiteti ilə birgə hazırladığı topluya son yüzildə çeçen şeirinin bütün ədəbi nəsillərini təmsil edən 41 şairin əsəri daxildir. Şeirləri dilimizə tərcümə edən, antologiyanın tərtibçisi və “Son söz”ün müəllifi AYB-nin katibi şair Səlim Babullaoğludur.

Məryəm İsayeva, Məhəmməd-Salah Qadayev, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Arbi Mamakayev kimi tanınmış çeçen şairlərinin müxtəlif mövzulu şeirləri topluda yer alıb.

Kitabın redaktoru “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, məsləhətçiləri tanınmış çeçen alimləri Tamara Avtayeva və Raisa Buralovadır. Kitabın dizaynında çeçen rəssamları Ruslan Yakixanovun, Məhəmməd Zakriyevin işlərindən istifadə edilib. Toplu Azərbaycan oxucusuna çeçen poeziyası və çeçen xalqının mənəvi tarixi ilə tanışlıq üçün dəyərli vasitədir.

Qəhrəmanların sevgi hekayətləri

Yazıçı-jurnalist Günel Natiqin "Elm və Təhsil" nəşriyyatında “Leyli-Məcnundan da böyük” adlı kitabı işıq üzü görüb.

Günel Natiq bundan əvvəl də sənət və bəşər tarixində iz salmış insanların sevgi hekayətlərini qələmə alan müəllif kimi tanınır. O, daim dəyişən dünyada sevgi ideallarının hər zaman sabit qalacağı fik-
rini önə çəkib. Eyni zamanda, müəllifin məqsədi bu yarı gerçək, yarı əfsanə olan münasibətlərin bəşər mədəniyyətinə verdiyi dəyərlərə işıq salmaq, onun fonunda zaman, mühit, insan problemini aydınlığa qovuşdurmaqdır. Səhnələşdirilmiş radio formatında təqdim edilən “Əhməd Cavad və Şükriyyə”, “Çingiz Aytmatov və Bibisara”, “Mirzə Cəlil və Həmidə xanım”, “Lev Tolstoy və Sofiya”nın sevgi hekayətləri bu qəbildəndir.

Günel Natiqin “Kağız gəmilər”, “Məhəbbət quşları” və “Ədəbi talelər” adlı kitablarıni oxucular maraqla qarşılayıblar. Yeni kitabda isə torpaqlarımızın azadlığı uğrunda döyüşmüş 13 qəhrəman və onların fədakar xanımlarının sevgi hekayətləri yer alır. Onların eşqi vətən sevgisiylə sınağa çəkilib. Sonda yenə Sevgi qazanıb. Çünki bütün sevgilər vətənə məhəbbətdən başlayır. Bir sözlə, bu hekayətləri çağdaş dövrün məhəbbət dastanları da adlandırmaq olar.

Ə.DOSTƏLİ
XQ

Seçilən
160
Mənbələr
Şərh ()
Bağla