AZ

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

Xalq Bankın “Xalq Əmanəti” layihəsinin 24-cü nəşri azərbaycanlı rəssam Cahid Camala həsr olunub.  

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış bədii albom Cahid Camalın həyat və yaradıcılığına nəzər salır, onun irsini açıqlayır. 

Mayın 3-də Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilib. Gecədə çıxış edənlər kitabın zəngin mənbə olduğunu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınması istiqamətində xüsusi rol oynaycağını qeyd edib, bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunması sahəsində əhəmiyyətindən danışıblar. 

Cahid Camal 15 noyabr 1928-ci ildə Qarabağ torpağında, Ağdam rayonunun Gülablı kəndində anadan olub. Ailələrinin Şuşada da evi vardı. Pasport alarkən, valideynlərinin razılığı ilə Cahid özünə babasının adını – Camal soyadını götürür.  

Belə bir məlumat da var ki, ata tərəfdən Cahidin şəcərəsi Sarıcalı xanlarının xəttilə Qarabağ xanlığının əsasını qoyan Pənah Əli xana qədər uzanır. 

Cahid Camalın bədii üslubu və yaradıcılığının formalaşmasında coğrafiyanın müstəsna rolu var. O, Azərbaycanın yalnız şəhər mədəniyyətini deyil, kənd mühitini də göstərməyi bacarıb. Azərbaycanın dili, tarixi, əfsanə və rəvayətləri, təbiəti, musiqisi, memarlığı, xalq tətbiqi sənəti, xalı və tikmələri rəssamın ilham mənbəyinə çevrilib, əsərlərinin süjet və rəng həlli, parlaq boyalara və ornamentlərə sevgisində əks olunub. 

Cahid Camal Rusiya Federasiyasının Əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Monqolustan Rəssamlar İttifaqı və Beynəlxalq Təsviri Sənət Fondunun üzvü olub. Rəssamın əsərləri Azərbaycan İncəsənət muzeyində (Bakı), Q.Zanabazar adına Təsviri İncəsənət Muzeyində, Monqol Milli-Tarixi Muzeyində (Ulan-Bator), Dövlət Rus Muzeyində (Sankt-Peterburq), Dövlət Şərq Muzeyində (Moskva), qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Sərgiləri hələ sağlığında Bakı, Moskva, Dubna, Minsk, Almatı, Kişinyov, Ulan-Bator və Gəncədə təşkil edilib. 

Titullarından da göründüyü kimi, rəssamın yaradıcılığı zəngin mədəniyyətə malik üç ölkə – Azərbaycan, Rusiya və Monqolustan ilə eyni dərəcədə bağlıdır. Onun adı bu ölkələrin XX əsrin ikinci yarısı və XXI əsrin birinci onilliyinin təsviri sənət tarixinə yazılıb.  

Bu vaxtadək Cahid Camalın rənglərin təbiətinin araşdırılmasına həsr edilmiş “Rəngin anatomiyası” və “Geyimdə rəng” əsərləri nəşr etdirilib. 

Cahid Camal şəkil çəkməyə çox erkən yaşlarından həvəs göstərib, getdikcə maraq və istəyi daha da güclənib, buna baxmayaraq, uşağın rəssam olmaq arzusu valideynləri üçün gözlənilməz olub.  Lakin onun anası Gülcahan xanım oğlunun yaradıcı istedadına, qabiliyyətinə inanır, hətta onun uşaqkən çəkdiyi rəsmləri toplayırmış.  

1945-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən kimi, 1946-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutuna daxil olur, təhsilini “dekorçu-rəssam” ixtisası üzrə dekorativ tətbiqi rəssamlıq sənəti bölməsində davam etdirir. Ali təhsilini başa çatdırandan sonra Camal Bolşoy Teatra stajçı-rəssam kimi işə götürülür və orada iki il ərzində (1952-1954) peşəkar təcrübə toplayır. Staj müddətini bitirən həmyerlimiz Mayakovskinin adını daşıyan teatrda dekorçu-rəssam kimi işə düzəlir.  

1952-ci ildə rəssam Üzeyir Hacıbəylinin Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulacaq “Koroğlu” operası üçün dekorasiya eskizləri də çəkir. 1958-1961-ci illərdə isə Moskva yaxınlığındakı Elektrostal şəhərinin Xalq Opera Teatrında “Yevgeni Onegin”, “İolanta” tamaşaları üzərində çalışır.  

1956-cı ildə Cahid Camal Moskvadakı VDNX-də (XTNS) Azərbaycan pavilyonunun baş rəssamı olaraq tədbirlərə qatılıb.  

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
27
Mənbələr
Şərh ()
Bağla