AZ

Cənubi Qafqazın iqtisadi güc mərkəzi

Azərbaycanın son illərdə sürətli inkişafı onun beynəlxalq aləmdə nüfuzunun artmasına, regionun əsas siyasi aktoruna çevrilməsinə səbəb olmaqdadır. Bu dayanıqlı və möhkəm güc arxitekturası, eyni zamanda dövlətimizin yürütdüyü güclü siyasi iradənin və geridönməz qətiyyətin nümunəsidir. Respublikamızın regionda güc mərkəzinə çevrilməsini şərtləndirən başlıca amillərdən biri iqtisadi müstəqilliyin möhkəmlənməsi, ölkəmizin strateji maliyyə qüdrətinin artmasıdır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatı nominal ifadədə 14,8 dəfə böyüyərək əsas iqtisadi göstərici olan ÜDM-in həcmi 134 milyard manata çatıb. Dövlət büdcəsinin gəlir və xərcləri 31 dəfə artaraq 1,2 milyard manatdan 36,6 milyard manata yüksəlib. Xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 67 milyard dollara çatıb. Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-dək və ya 51,6 faiz artıb və xarici ticarət dövriyyəsi 5,2 milyard dollardan 56 milyard dollara yüksəlib. 2003-2023-cü illər ərzində ölkə iqtisadiyyatında əsas kapitala ümumilikdə 300 milyard manat investisiya yatırılıb. 

Azərbaycan hazırda Cənubi Qafqaz iqtisadiyyatının lokomotividir. Bu regionda Azərbaycan ÜDM-in həcminə görə, lider və şəksiz sahibidir. Ölkəmizdə ÜDM 68 milyard dollar, Ermənistanda 16 milyard dollar, Gürcüstanda isə 19 milyard dollar təşkil edib. Cənubi Qafqaz iqtisadiyyatının ümumi həcmi 104 milyard dollar təşkil edir ki, onun 65 faizindən çoxu Azərbaycanın payına düşür.

Yaxud, maliyyə-büdcə ehtiyatlarının böyük əksəriyyəti Azərbaycanın sərəncamındadır. 2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 38 milyard dollar təşkil edir ki, onun 22 milyard dolları və ya 60 faizi Azərbaycanın, qalan 40 faizi 2 ölkənin payına düşür. Bu isə bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir.

Yaxud, Cənubi Qafqazın strateji valyuta ehtiyatlarının ümumi həcmi hazırda 85 milyard dollar təşkil edir. Ermənistanın strateji rezervləri 6 milyard, Gürcüstanın rezervləri 11 milyard, Azərbaycanın strateji ehtiyatları isə 68 milyard dollar təşkil edir. Cəmi 85 milyard ehtiyatların 80 faizi Azərbaycanın payına düşür.

Cənubi Qafqaz iqtisadiyyatına yatırılmış cəmi investisiyların həcmi 400 milyarddır, onun 300 milyard dolları Azərbaycanın payına düşür, bu regiona yatırılmış xarici sərmayələrin həcmi isə 200 milyard dollara bərabər olmaqla, 160 milyard dolları Azərbaycana yönəldilib. Beləliklə, xarici investorlar Cənubi Qafqazda kapital qoyuluşlarının 80 faizdən çoxunu Azərbaycana etibar edib.

Beləliklə, ötən 20 ildə əldə olunmuş bu mühüm iqtisadi faktorlar ölkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirməklə tam müstəqil siyasət yürüdülməsini də şərtləndirib, nəticədə Azərbaycanın iqtisadi-siyasi gücünün möhkəmlənməsi bölgənin ən inkişaf etmiş və dayanıqlı ölkəsinə çevrilməsini də təmin edib. 

Çoxşaxəli enerji missiyası...

Azərbaycan çoxşaxəli enerji siyasəti yürütməklə bölgədə enerji tranzitlərinin formatını da müəyyənləşdirməyə nail olub. Bakı-Tbilisi - Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini icra edən,TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz dəhlizinin enerji koridorunu yaradıb. 2020-ci ilə kimi Avropa bazarında etibarlı neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız son 4 ildə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz təminatında da koalisiyanın aparıcı üzvlərindən birinə çevrildi. 

Enerjinin şaxələndirilməsi Avropa regionun 8-dən çox ölkəsinin qaz təchizatının təmin edilməsi və yanacağın illik həcminin artmasına təsir göstərməklə respublikamızın coğrafi mövqeyini də artırmış olub. Belə ki, 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kub.metr, 2022-ci ildə 11 milyard kub.metr, 2023-cü ildə 12 milyard kub.metr qaz ixrac edilib ki, bu da Azərbaycanı ən etibarlı tərəfdaş kimi Aİ-də etimadını yüksəldib. Proqnozlara əsasən, 2025-2030-ci illərdə ölkəmizin qaz istehdsalı 40% artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücünün 20 milyard kub.metrədək artmasına səbəb olacaq. 

Gerçəklik budur ki, Xəzər regionuna zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verən Avropa İttifaqı məhz Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstan və hətta İranın da gələcəkdə Cənub Qaz Dəhlizinə qoşulmasını və bununla da təkcə bu mənbədən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır.

Avropa İttifaqının enerji üzrə ekspertləri də etiraf edirlər ki, Azərbaycan Mərkəzi Asiya-Xəzər regionun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resiurslarının Qərbə nəqlində daşıyıcı missiyaya malikdir. Aparılan geoiqtisadi təhlillər onu deməyə əsas verir ki, Xəzər bölgəsinin kifayət qədər irihəcmli yanacaq ehtiyatlarının Qərbə daşınmasında Azərbaycan üzərinə məsuliyyət və yük düşür. Respublikamız təkcə öz ehtiyatlarını deyil, Xəzəryanı ölkələrin də resurslarını Avropaya nəql edə bilər. Bir sözlə, Azərbaycan həm də regionu Qərbə bağlaya biləcək iqtisadi gücdür. 

Bölgənin nəqliyyat arteriyalarının müəllifi...

Regionun enerji-nəqliyyat, tranzit qovşaqlarının sahibi də Azərbaycandır. Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan çoxşəbəkəli regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin əsas arteriyaları olan Şimal-Cənub, Şərq-Qərb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Yenii İpək Yolunun Orta dəhlizlərindən biri Azərbaycandır. Gürcüstanın da təmin olunduğu bölgədəki bütün nəqliyyat arteriyalarının əsas müəllifi və mərkəzi qovşağı ölkəmizə məxsusdur. 

Hazırda Yeni İpək Yolu magistralının əsas həlqəsinə çevrilən Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa yeni imza atmaqdadır. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Bu dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Bu isə regionda ən nəhəng trans-logistika qovşağının da Azərbaycanda yaradılmasını şərtləndirəcək. Zəngəzur dəhlizinin “Bir kəmər, bir yol” layihəsinə reinteqrasiyası 30-dan artıq ölkənin mənafeyinə xidmət etməklə həm də bölgədə və yaxın region coğrafiyasında yeni geoiqtisadi və geosiyasi meyarları meydana çıxaracaq. Bu baxımdam hazırkı mürəkkəb geosiyasi şəraitdə Şimal-Cənub, Şərq-Qərb, Qafqaz, Xəzər-Qara-Baltik dənizləri hövzələri və Mərkəzi Asiya vektorları üzrə həmahəngliyi təmin etmək, eyni zamanda regional və qlobal xarakterli proseslərin dərin xarakter aldığı xəritədə milli maraq və mənafeləri qorumaq olduqca müdriklik və məharət tələb edir. Məhz buna görə də Azərbaycan Cənubi Qafqazın ən güclü aktoru olaraq Qərbin və Şərqin maraq kəsişməsində özünün tarazlı siyasi iradəsini nümayiş etdirir.

Beləliklə, Azərbaycan Cənubi Qafqazda həm siyasi, həm iqtisadi güc mərkəzi, həm də güclü orduya sahib qüdrətli ölkə kimi dünya birliyində layilqi yerini və mövqeyini möhkəmləndirməkdədir.

E.CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
Mənbələr
Şərh ()
Bağla

Reytinq