AZ

Rusiyalı deputat: “Bakı prosesi” özünü qlobal platforma kimi tanıtdı

Moskva, 4 may, AZƏRTAC

“Bakı prosesi” özünü 100-dən çox ölkənin təmsilçilərini açıq, hörmətə əsaslanan, dinc və konstruktiv dialoq vasitəsilə birləşdirən qlobal platforma kimi tanıtdı.

Bu fikirləri AZƏRTAC-a “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev söyləyib.

O qeyd edib ki, bu gün, dünyanın qlobal təhdidlərlə qarşılaşdığı bir vaxtda xalqlar arasında səmərəli mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa kömək etməyə yönələn təşəbbüslər çox mühümdür.

“Bakı prosesi” Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hələ 2008-ci ildə irəli sürülən məhz belə əhəmiyyətli təşəbbüsdür. Hamının etiraf etdiyi kimi, Azərbaycanda mədəniyyətlərarası qarşılıqlı əlaqə təcrübəsi çox pozitivdir, ölkə rəhbərliyinin mədəniyyət sahəsində təşəbbüsləri isə müstəsna dərəcədə proqressivdir. Bu, Azərbaycanı dünyanın mədəni proseslərinin mühüm mərkəzinə çevirir. Əlbəttə, Rusiya beynəlxalq ziddiyyətləri aradan qaldırmaqdan ötrü səylərin birləşdirilməsi üzrə Azərbaycanın təşəbbüslərini tam dəstəkləyir. Xüsusən bu forumda dünyanın aktual problemlərinin həlli üçün yeni yanaşmaların və ideyaların yaranmasına öz töhfəsini verən çoxsaylı rusiyalı dövlət, ictimai, dini və mədəniyyət xadimləri iştirak etdilər”, - deyə o bildirib.

Forumda qaldırılan neokolonializmə qarşı mübarizə mövzusunu şərh edən rusiyalı deputat qeyd edib ki, bu gün Qərb ölkələrinin, xüsusilə Avropanın bəzi aparıcı dövlətlərinin təqdim etdiyi hər bir razılaşmaya qeyri-adekvat münasibətlərlə qarşılaşmamaqdan ötrü onlara çox ehtiyatla yanaşmaq lazımdır.

“Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində Fransanın dənizaşırı ərazisində davam edən məcburi assimilyasiya fəaliyyətlərini xatırladıb. Sözsüz ki, həm Rusiya, həm də Azərbaycan beynəlxalq arenada açıq, ədalətli və bərabərhüquqlu dialoqa – istər siyasi, iqtisadi, istərsə də mədəni dialoqa tərəfdardır”, - deyə Dmitri Savelyev əlavə edib.

Siyasətçi forum çərçivəsində “Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda keçirilən parlamentlərarası konransı “mühüm diskussiya platforması” adlandırıb. Konfransda milli və dünya mədəniyyətinin qorunub saxlanmasında qanunvericilik proseslərinin rolunun əhəmiyyəti müzakirə olunub.

“Rusiya təmsilçiləri forumun bir çox tədbirində iştirak ediblər. Məsələn, “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda mədəniyyət nazirlərinin görüşündə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova çıxış edib. O, Rusiyanın dövlət mədəniyyət siyasətinin prioritetlərini xarakterizə edib. Forum çərçivəsində Azərbaycan və Rusiya humanitar sahədə əməkdaşlığa dair mühüm sazişlər imzalayıblar. Qeyd etmək yerinə düşər ki, Azərbaycan getdikcə tez-tez mötəbər forumların və həqiqətən də dünya səviyyəli digər tədbirlərin təşkilatçısına çevrilir, konstruktiv beynəlxalq dialoqda təşəbbüsçü qismində öz mövqeyini ən yüksək səviyyədə möhkəmləndirir. Bu, bir çox halda ölkə rəhbərliyinin və şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin bəhrəsidir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə artıq bu ilin sentyabrında ənənəvi olaraq Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi X Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində öz işini davam etdirəcək”, - deyə Dmitri Savelyev qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq