AZ

Volkan Demirel istefa verdi – Renat Dadaşov üçün yeni baş məşqçi

Türkiyənin “Hatayspor” komandasının baş məşqçisi Volkan Demirel postundan ayrılıb, onun xələfinin kimliyi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Uğursuz nəticələrin ardından Volkanın istefası xeyli müddət idi gündəmdə idi. Amma o, uğursuz gedişata son qoyacaqlarına ümid bəsləməklə postundan ayrılmağa tələsmirdi. Hatay təmsilçisinin artıq elitanı tərk etmə zonasına düşməsindən sonra Demirel klub rəhbərliyi ilə görüşüb və tərəflər qarşılıqlı razılıq əsasında vidalaşmağa qərar veriblər.

Xatırladaq ki, Volkan Demirel 2022-ci ilin sentyabr ayından “Hatayspor”a rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 55 oyun keçirib, 16 qələbə qazanıb, 16 heç-heçə edib və 23 məğlubiyyətə üzülüb.

42 yaşlı mütəxəssis daha öncə “Fatih Karagümrük”də də baş məşqçi olub.

Artıq “Hatayspor”un yeni baş məşqçisi də məlumdur. Belə ki, komandaya bundan sonra Özhan Pulat rəhbərlik edəcək. 39 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi nəzərdə tutulub. O, komandanı dörd oyuna (“Qaziantep”, “Ankaragücü”, “Beşiktaş” və “Rizəspor”) çıxaracaq. Hatay təmsilçisi Super Liqada qalmaq üçün qalan bütün matçlarından qalib ayrılmaq məcburiyyətindədir. Amma hətta belə olan halda da komandanın elitada qalacağı dəqiq deyil.

Qeyd edək ki, “Hatayspor” mövsümün sonuna 4 tur qalmış 34 oyuna topladığı 33 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb. Bu komanda 7 qələbə qazanıb, 12 heç-heçə edib və 15 məğlubiyyətə üzülüb.

Yeri gəlmişkən, “Hatayspor”a yeni idman direktoru da təyin edilib. Klub bu postu Fatih Kavlaka həvalə edib. Hansı ki, o, 2016/2017 mövsümündə bu komandanın baş məşqçisi olub, 2020/2021 mövsümündə isə klubun idman direktoru kimi fəaliyyət göstərib.

Fatih Kavlak azərbaycanlı futbolsevərlərə də yaxşı tanışdır. O, vaxtilə “Qarabağ” və “Qəbələ”də də çalışıb. 49 yaşlı mütəxəssis 2009/2010 mövsümündə “Qarabağ”da köməkçi-məşqçi olub, sonrakı iki il ərzində isə “Qəbələ”də köməkçi-məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib.

Sonda onu da xatırladaq ki, “Hatayspor”da Azərbaycan millisinin hücumçusu Renat Dadaşov forma geyinir. Müqavilə ilə İsveçrənin “Qrasshopper” klubuna məxsus olan 24 yaşlı forvard Super Liqa təmsilçisində 30 oyuna 5 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla

Reytinq