AZ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

İstanbul, 4 may, Günel Karatepe, AZƏRTAC

Türkiyənin İzmir şəhərində keçirilən “Qızılalma ”Beynəlxalq Turan Film Festivalında Azərbaycan dörd mükafata layiq görülüb. Festivalın estafeti Azərbaycana təhvil verilib.

Bu barədə AZƏRTAC-a müsahibəsində festivalın münsiflər heyətinin üzvü, Laçın şəhərində yerləşən Hoçazfilm yaradıcılıq studiyasının direktoru Amil Məmibəyli (Amil Amal) bildirib.

O deyib ki, festivalda iştirak üçün Azərbaycandan üç film seçilib. Bunlar Ruslan İbrahimlinin “Qara bulud”, Zamin Məmmədovun “Səs” və Leyla Qəmbərlinin “Böyük qırmızı ev” filmləridir. Ekran əsərlərindən ikisi “Azərbaycanfilm” kinostudiyasının istehsalıdlr. “Səs” filmi “Ən yaxşı film”, “Qara bulud” filmi isə “Gənc istedad” kateqoriyası üzrə mükafata layiq görülüb. Festivalın “İnsan haqlarına töhfə” mükafatı Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, “Kino sənətinə töhfə” mükafatı isə Azərbaycan Respublikasının Kino Agentliyinə verilib.

“Tədbirin bizim üçün sevindirici məqamlarından biri də Beynəlxalq Turan Film Festivalının estafetinin Azərbaycana ötürülməsi oldu. Hoçazfilm olaraq növbəti festivalı bu ilin payız aylarında Laçın şəhərində keçirməyi planlaşdırırıq. Doğma Qarabağımızda belə bir tədbirə ev sahibliyi etmək bizim üçün qürur mənbəyidir”, - deyə Amil Amal bildirib.

Qeyd edək ki, festival Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Film Baş İdarəsi və Dövlət Arxivləri Baş İdarəsinin dəstəyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə Egey Universitetinin təşkilatçılığı ilə baş tutub.

Tədbirin əsas məqsədi Türk dövlətləri və topluluqlarının kino sahəsi üzrə mütəxəssislərini bir araya gətirərək, filmlərimizin beynəlxalq səviyyədə tanıdılmasına, eləcə də mədəniyyətimizin kino vasitəsilə geniş tamaşaçılara çatdırılmasına töhfə verməkdir.

Ortaq mədəniyyətimizdən ilham alan filmlərin nümayiş olunduğu və bu ekran əsərlərinin digər türkdilli dövlətlər ilə paylaşıldığı bir platforma yaratmağa xidmət edən festivalın hədəfi milli filmləri təbliğ etmək, mədəni əlaqələrin inkişafına zəmin hazırlamaq, birgə layihələr həyata keçirmək, mədəni irsin qarşılıqlı paylaşılmasını dəstəkləməkdir.

Festivala ümumilikdə 77 ölkədən 1055 müraciət daxil olub və juri tərəfindən seçilən filmlər burada iştirak edib.

Festival çərçivəsində Türkiyə Dövlət Arxivləri Baş İdarəsinin “Səssiz şahidlər: Türk boylarına səyahət” mövzusunda fotosərgisi açılıb. Türk dünyasının ortaq dəyər və mədəniyyətini özündə əks etdirən bu sərginin qarşıdakı dövrdə TÜRKSOY-a üzv digər ölkələrdə də açılması nəzərdə tutulur.

Mükafatlandırma mərasimində türkdilli dövlətlərin milli rəqs və musiqiləri nümayiş etdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla