AZ

Adil Şükürov razı, Samir Abasov narazı qaldı

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun ağır oldu. Bunu gözləyirdik. Öz oyunumuzdan həzz almağa çalışırdıq. Futbolçular mübarizlik göstərdilər. Sonadək mübarizə apardıq və 1 xal qazana bildik. Hazırda ən böyük hədəfimiz bizdən öndə olan komandanı keçməkdir. Buna doğru irəliləyirik”.

Adil Şükürov “Sumqayıt”la matçdakı gərginliyə və bəzi klubların “Kəpəz”i stimullaşdırdığına dair iddialara da cavab verib:

“Vəziyyətin bu həddə çatmasının səbəbi “Sumqayıt”ın texniki zonasından gələn sözlər, jestlər idi. Bu da istər-istəməz stresi artırırdı və yekunda vəziyyəti gördüyünüz həddə çatdırıdı. “Sumqayıt” tərəfi bizə qıcıq verdi. Aldığımız qırmızı vərəqələrdən sonra demək olar ki, əlimizdə oyunçu qalmadı. Hakimlik barədə mənə sual verməyin, bu haqda danışan adamlara sual verin.

Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik. Bizə lazım olan oyunumuzu inkişaf etdirməkdir. Kimin nə düşündüyü bizi maraqlandırmır. Futbolçular sağ olsunlar, öz güclərini göstərdilər”.

Samir Abasov: “Bu gün bir çox şeylər məni razı salmadı”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə komandasının səfərdə son dəqiqə qolu ilə xal itirməsinə belə münasibət bildirib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Tovuz çox ağır səfərdir. İki həftə əvvəl də burada olmuşuq. Futbolçularım ağır görünürdü. Oyunun əvvəlində 1-2 epizod yaratdıq. Təəssüf ki, ağır hərəkət etməyimiz, gec qərarlar verməyimiz istədiyimiz kimi oynamağa imkan vermədi. Amma səfərdə 1 xal qazana bildik. Qalan oyunlara daha yaxşı hazırlaşacağıq. Bu gün bir çox şeylər məni razı salmadı. Müdafiəçilərimiz ən pis oyunlarını keçirdilər. Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər.

Bu gün 2 xal itirdiyimizi və ya 1 xal qazandığımızı deyə bilmərəm. Oyunun gedişatı heç ürəyimcə deyildi. Özümüz gərginlik yaradırdıq. İtirdiyimizi və ya qazandığımızı növbəti üç oyundan sonra biləcəyik.

Biz çox planları pozmuşuq. Düşünürlər ki, bu imkanlarla necə olur ki, “Sumqayıt” bu yerdədir? Amma biz bu təzyiqin altından çıxmalıyıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla