AZ

“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 

“Şərqi Avropanın keçmiş sosialist ölkələrindən Polşada “KQB” arxivlərinin açılmasından sonra məlum oldu ki,  milli azadlıq hərəkatının bir sıra liderləri Moskva ilə əməkdaşlıq edib...”
 
“Son vaxtlar “Xarici agentlər haqqında” qanunun qəbul olunması postsovet məkanında bir növ “dəb” halını halıb. Bunun da səbəbkarı Rusiya Federasiyasıdır. Çünki həmin qanun ilk dəfə bu ölkədə qəbul olunub və bu gün də çox aktiv çəkildə tətbiq olunmaqdadır.  Bu qanunun qəbulundan başlayaraq  ictimai, siyasi fəallar sürəkli təqib olunur və cəzalandırılır.
 
Konkret Gürcüstana gəldikdə, onsuz da biz proqnoz verirdik ki, 2024-cü il ərzində bu Cənubi Qafqaz ölkəsində təlatümlü siyasi proseslər gözlənildiyi barədə proqnozlar vermişdik və  bu, düz çıxdı. İndi burada başqa problemlər də ortaya çıxır”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında  Gürcüstanda Qərblə sıx əməkdaşlığa qarşı yönəlmiş hesab edilən “Xarici agentlər haqqında” qanunun qəbul olunması və ümumiyyətlə, postsovet ölkələrində Rusiya ilə münasibətlərə əngəl ola biləcək “Lüstrasiya haqqında” qanuna münasibətdən danışan beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı ifadə edib.  
 
“İndiki Prezident xanım Zurabişvilinin özünün də dəstəyi ilə seçilmiş “Gürcü arzusu” partiyası hazırda özlərinə müxalif olub. Bu gücün hakimiyyətə gəlməsi səbəbindən Gürcüstanın demokratik dəyərlərə doğru inkişafında böyük rol oynamış eks-prezident Mixail Saakaşvilinin həbs olunması kimi problemlər ortalığa çıxdı. Və maraqlıdır ki, Saakaşvili 2012-cü ildə Obama administrasiyası dövründə Ağ Ev –Kreml razılaşması nəticəsində hakimiyyətdən getdi. Sonra isə hansısa qüvvə onun Tiflisə qayıdışını təşkil etdi və o, həbs olundu. Yəni ona söz verən qüvvələr arxasından çəkildi”,- deyə davamında şərhçi bildirib.
 
“Lüstrasiya haqqında qanuna gəldikdə, keçmiş sovet respublikalarının əksəriyyətində belə bir qanunun qəbul olunması ziddiyyət və müqavimətlərlə qarşılaşıb və yalnız Baltikyanı ölkələr və Ukrayna həmin qanunu qəbul ediblər. Və bu gün də digər postsovet ölkələri bu cür qanunun qəbulunda tərəddüd edirlər. Mənim düşüncəmə görə, Lüstrasiya haqqında qanunun qəbul olunmamasının, başqa sözlə, “KQB” arxivlərinin açılmamasının səbəblərindən biri Rusiyanın təzyiqi, diktəsidir. Və yaxud iddia olunur ki, SSRİ-nin dağılması ərəfəsində həmin arxivlərin əsas hissələri bir çox postsovet ölkələrində, o cümlədən Azərbaycan və Gürcüstanda Kreml nümayəndələri tərəfindən götürülüb və ya yandırılıb.  İkincisi, məsələn, Şərqi Avropanın keçmiş sosialist ölkələrindən Polşada “KQB” arxivlərinin açılmasından sonra məlum oldu ki,  milli azadlıq hərəkatının bir sıra liderləri Moskva ilə əməkdaşlıq edib. Və bu da cəmiyyətdə müəyyən ziddiyyətlər, çaxnaşmalar yaratdı. Üçüncüsü, bəzi dövlətlər hesab edir ki, Lüstrasiya qanununun qəbulu, ölkədə agentura şəbəkəsinin ifşası milli təhlükəsizliyə təhdid yarada bilər. Elə Gürcüstanın hazırkı hakimiyyəti də “Xarici agentlər” qanununu öz təhlükəsizliyi üçün qəbul edir. İddia edirlər ki, guya üçüncü ölkələr bu qanunun qəbuluna qarşı çıxış etməklə yalnız Rusiya ilə Gürcüstan münasibətlərini pozmaq məqsədi güdür. Baş nazir deyir ki, ABŞ Tiflisdə hakimiyyəti dəyişməyə çalışır. Ola bilsin ki, ölkədəki hazırkı Rusiyapərəst hakimiyyət və onları dəstəkləyən digər qüvvələr iqtidarı itirəcəkləri halda yeni hökumətin Lüstrasiya haqqında qanunu qəbul edəcəyi və onların özlərinin  və bir sıra qara, sirli əməllərinin ifşa olunacağından ehtiyat edir”, - deyə analitik vurğulayıb.
 
Sultan Laçın
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla