AZ

Siz uşağınızı nə qədər başa düşürsünüz?..


Əgər bir valideyn uşağına qarşı “səhv mövqe tutmaqda” davam edirsə və ya ən kiçik bir hərəkətində belə səbirsizlik göstərirsə, deməli, hələ də uşağını başa düşmür.
Elə isə uşağı başa düşmək nə üçün vacibdir? Başqa sözlə, valideyni tərəfindən başa düşülməyən uşaq mütəmadi təzyiqlərə məruz qalırsa, bunun kənar təsirləri nə ola bilər? Fikirlərimizi bir misalla izah etməyə çalışaq. Məsələn, bədəninizin bir yerindən şikayətiniz olduğunu və buna görə həkimə müraciət etdiyinizi düşünək. Misalı bir az da konkretləşdirək. Məsələn, ayağınızın ağrıdığını düşünək. Həkiminizə ayağınızın ağrıdığını deyəndə təbii ki, o da sizə müxtəlif suallar verəcək və xəstəliyinizin vəziyyətindən asılı olaraq müxtəlif analizlər tələb edəcək. Bütün bu mərhələlərdən sonra həkiminizin xəstəliyinizi müəyyən etdiyinə inanacaqsınız. Və həkimə etimad etdiyiniz üçün dediklərini (hətta sizə çətin olsa belə) yerinə yetirməyə çalışacaqsınız. İndi də əksini düşünün. Həkimə ayağınızın ağrıdığını deyirsiniz. Həkim də sizə heç bir sual vermədən və ya heç bir analiz tələb etmədən dərman yazır. Təbii ki, belə olduqda həkimin bu işdə ciddi olmadığını düşünəcək və dediklərini yerinə yetirməyəcəksiniz. Hətta üstəlik, bu hərəkətinə görə onu tənqid də edəcəksiniz.
Uşağın hərəkətinin səbəbini bilmədən, başa düşməyə çalışmadan reaksiya vermək də eynilə bunun kimidir. Uşaq bir hərəkət edir. Ancaq bunu edərkən şüuraltındakı düşüncələrinin təsiri altında qalır. Məsələn, divara şəkil çəkən uşaq bu hərəkəti ilə divarı gözəlləşdirdiyini və beləliklə, anasının onu daha çox sevəcəyini düşünür. Bu düşüncə ilə divara şəkil çəkən uşaq şəkli anasına göstərir. Əgər belə vəziyyətdə ana şəkli bir qaralama kimi qiymətləndirirsə və buna görə fiziki və ya şifahi cəzaya müraciət edirsə, təbii ki, uşağın ruhunda sağalmaz bir iz buraxır. Bu münasibəti ilə uşağını öz hərəkətindən uzaqlaşdırmaq istəyən ana bəlkə də, daha ciddi problemlərin meydana gəlməsinə səbəb olur. Eynilə xəstəsini dinləmədən dərman yazan həkimin onu daha ciddi bir təhlükə ilə üz-üzə qoyması kimi. Halbuki ana əvvəlcə uşağını dinləməyə çalışsa idi, həm məsələnin heç də onun düşündüyü kimi olmadığını görər, həm də uşağa psixoloji zərbə vurmadan divara şəkil çəkməyin pis iş olduğunu başa sala bilərdi.
Başqa bir məsələ isə uşağın öz hərəkətlərində təkid etməsidir. Belə ki, bəzən uşaq etdiyi bir hərəkətə görə valideynindən əks reakisya görür. Ancaq buna baxmayaraq, valideyni ilə ünsiyyətini davam etdirmək üçün öz hərəkətində təkid edir. Əslində, bu da valideynin uşağını başa düşə bilmədiyini göstərir. Halbuki uşağınızı başa düşməyə çalışsanız və məqsədinizə nail olmadıqda bir mütəxəssislə məsləhətləşsəniz, səhv etmək ehtimalınız da azalar. Elə isə bu hərəkətlərin səbəbi nədir və ya uşaqlar mənfi hərəkətlərində niyə təkid edirlər? Hər şeydən əvvəl bu suala bu üç səbəblə cavab vermək olar:
1. Diqqəti cəlb etmək üçün;
2. Gücünü isbat etmək üçün;
3. Özünü ifadə etmək üçün...
Ancaq bəzən uşaqlar qısqanclıq, intiqam və inamsızlıq (ilk növbədə, özünə inamsızlıq) hissləri ilə də öz mənfi hərəkətlərində təkid edirlər. Hətta bəzi uşaqlar üçün bu səbəblərin sayını 50-yə də çıxarmaq olar. Buna görə də, nə olursa-olsun, uşağınızı başa düşməyə çalışın və bununla təkcə bugünkü yox, gələcəkdəki problemlərinizin də qarşısını aldığınızı unutmayın.

Aygün Vəliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
2
Mənbələr
Şərh ()
Bağla