AZ

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Samir

Tbilisi, 5 may, AZƏRTAC

Asiya İnkişaf Bankının Tbilisidə keçirilən 57-ci illik toplantısında Asiya və Avropa arasında nəqliyyat kommunikasiya əməkdaşlığı və Orta Dəhliz layihəsi barədə müzakirələr aparılıb. Müzakirələrə Azərbaycan tərəfindən dəvət edilmişdim. Bu da təsadüfi deyil. Ona görə ki, Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir. Şübhəsiz ki, ölkəmizin xüsusi coğrafi geosiyasi mövqeyi hamı tərəfindən yaxşı bilinir və belə olduqda Azərbaycanın da bu müzakirələrdə iştirak etməsi təsadüfi deyil.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisi şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 57-ci İllik Toplantısında iştirak edən Azərbaycanın maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov söyləyib.

O qeyd edib ki, müzakirələr zamanı Azərbaycanın son illər ərzində keçirdiyi məqsədyönlü tədbirlərdən danışılıb, müvafiq məlumatlar verilib. Orta Dəhliz, eyni zamanda, Cənubi Qafqazdan Avropaya elektrik enerjisinin verilməsi məsələlərinə də toxunulub.

“Azərbaycan bu proseslərin ən fəal iştirakçılarından biridir. Qara dəniz sualtı elektrik kabelinin quraşdırılması layihəsi barədə müzakirələr aparıldı və həmin layihələrə müvafiq maliyyə dəstəyi məsələlərinə də toxunuldu.

Azərbaycanın hazırda ənənəvi enerji mənbələrindən istifadə etməklə diversifikasiya meyilləri, bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisinin generasiya edilməsi layihələri böyük maraq doğurur. O cümlədən Azərbaycan Xəzər dənizinin külək enerjisi potensialından istifadə edərək elektrik enerjisinin Avropa bazarlarına çıxarılmasında maraqlı tərəf kimi öz mövqeyini möhkəmləndirir və bu istiqamətdə müvafiq tədbirlərin keçirilməsini təmin edir”, - deyə, S.Şərifov vurğulayıb.

Nazir deyib ki, beynəlxalq maliyyə qurumları ilə, ilk növbədə, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq barədə məlumat verilib və eyni zamanda, Azərbaycanın bərpaolunan enerji potensialının inkişaf etdirilməsində özəl sektordan investisiyaların cəlbi istiqamətində aparılan tədbirlərdən danışılıb.

S.Şərifov deyib: “Bu ilin noyabrında Azərbaycan ən mötəbər qlobal iqlim dəyişikliyi məsələlərinə həsr olunan konfransa - COP29-a ev sahibliyi edəcək. Bununla əlaqədar həmin konfransda və konfrans ərəfəsində Azərbaycan Hökuməti tərəfindən iqlim dəyişikliyi üzrə sazişlərin bütün iştirakçı dövlətləri ilə intensiv danışıqlar aparılmaqdadır. İqlim dəyişikliyinin yaratdığı fəsadların aradan qaldırılması, bununla bağlı qaydaların müvafiq qaydada hazırlanması və bütün ölkələr üçün enerji keçidinə - bərpaolunan enerji mənbələrinə keçidə şərait yaradılmalıdır. Həmin şəraitin yaradılması üçün ən vacib amillərdən biri müvafiq maliyyə resurslarının təmin edilməsidir. Bu resurslar qlobal səviyyədə təmin olunmalıdır. İnkişaf etmiş ölkələr tərəfindən inkişafda olan ölkələr üçün müvafiq maliyyə yardımı təmin edilməlidir”.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
2
Mənbələr
Şərh ()
Bağla