AZ

Bölgədə nəfəslər kəsiləcək – Bir barışıq, o biri vəsiqə istəyir

Premyer Liqanın ən maraqlı oyunlarından biri Tovuzda baş tutacaq.

Cari mövsümdə ev komandası kimi ad çıxaran “Turan Tovuz” avrokuboklara vəsiqəyə iddialı “Zirə”ni qəbul edəcək.

Qərblilər beynəlxalq matçlara vəsiqədən uzaq düşsələr də, bu oyunda qələbə onlara hava-su kimi lazımdır. Söhbət turnir cədvəlindəki durumu yaxşılaşdırmaqdan yox, azarkeşlərlə barışmaqdan gedir.

“Turan Tovuz”un son iki oyunu məğlub başa vurması azarkeşlərin əhvalını korlayıb. “Sumqayıt”la “Neftçi”dən alınan yenilgilərlə limit dolub.

Sevimli komandalarına böyük ümidlər bəsləyən tovuzlu fanatların könlünü oxşamaq üçün “Zirə”dən azı 1 xal qoparmaq mütləqdir.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv də eyni arzudadır. “Araz-Naxçıvan”dan alınan sürpriz yenilginin ardında Tovuzda da uduzmaq işləri qəlizləşdirəcək. “Qartallar”ın bölgədə büdrəməsi “Sumqayıt”, “Neftçi” və “Sabah”ı irəli ata bilər.

Komandalar cari mövsümdə 3-ü çempionatda, 1-i ölkə kubokunda olmaqla 4 dəfə qarşılaşıb. Bu oyunların 2-də zirəlilər, 1-də tovuzlular qələbəyə sevinib. 1 oyun heç-heçə başa çatıb.

Maraqlı məqam odur ki, “Zirə” cari mövsümdə Tovuzda bir dəfə səfər edib və həmin görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.

Hər iki komanda meydana itkilərlə çıxacaq. Qonaqlar cəzalı Vladislav Kulaçla Dmitrios Çantakiasın xidmətindən yararlana bilməyəcək. “Turan”da Brunao Qonçalveş cəzalı, Fərid Yusifli, Eltun Turabov və Rojerik Miller zədəlidir.

Tovuz şəhər stadionunda keçiriləcək nəfəsləri kəsən qarşılaşma mayın 4-də saat 16:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
Mənbələr
Şərh ()
Bağla