AZ

Xəzər niyə geri çəkilir?

Dənizin canlı aləmi təhlükədədir


Xəzər dənizi sürətlə dayazlaşır. Son 25 ildə dənizin səviyyəsi 2 metr azalıb. Onun sahil xətti getdikcə uzaqlaşır və indi bəzi yerlərdə su 1 kilometr çəkilib. Bu, dənizin şimal hissəsində xüsusilə nəzərə çarpır. Qazaxıstan sahilində Kaydak körfəzi quruyur. Xəzərin sürətlə quruması Türkmənistanın sahilyanı ərazisində də nəzərə çarpır. İndi bəzi yerlərdə su 800 metr çəkilib. 

Oxşar vəziyyət Azərbaycanda da nəzərə çarpır. Artıq Bakı buxtasındakı ada bunun bariz nümunəsidir. Dayazlaşma isə ekoloji təhlükə yaradır. Sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə – balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir.

Xəzərdə ciddi dəyişikliklər

Yuxarıda qeyd etdiyimiz kimi, iqlim dəyişiklikləri nəticəsində Xəzər dənizinin nəinki Azərbaycan sektorunda, ümumiyyətlə, bütün Xəzər dənizi akvatoriyasında ciddi dəyişikliklər gedir. Suyun temperaturu həm üst, həm də orta təbəqədə 4–5 dərəcə artıb. Temperaturun bu cür qalxması zooplanktonları yandırır. Bir tərəfdən də yayda günəşin şüalanması da artır. Onların azalması zooplanktonla qidalanan xırda balıqların populyasiyalarının, əsasən də kilkələrin sayının azalmasına səbəb olur. Çünki kilkələr Xəzər ixtiofaunasının təxminən 60 faizini təşkil edir. Xırda balıqlarla qidalanan nərə balığı, qızılbalıq, siyənəkkimilərin ehtiyatları dəfələrlə azalır. 

Xəzər dənizində balıqların azalmasının digər səbəbi çaylarda suyun səviyyəsinin aşağı düşməsidir. Son illərdə Kürün axar həcmi 50–60 faiz azalıb. Volqa və Ural çaylarında da həmin proses müşahidə olunmaqdadır. Belə vəziyyətdə balıqlar çaya girib kürü tökə, çoxala bilmirlər. Bu, yaxın illərdə bəzi balıqların yox olmasına da səbəb ola bilər.

Xəzərsahili ölkәlәrin neft hasilatını artırması da dənizin ekosisteminə təsirsiz ötüşmür. Bunun nəticəsində dənizin ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə isə tərkibində zərərli kimyəvi maddələr olan tullantılardır. Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələri və ağır metalları göstərmək olar. Onlar suyun və qruntun tərkibini dəyişdirir. Zəhərli maddələr balıqlar üçün yem ehtiyyatını tükədir, oksigen aclığı yaradır. Bunlar genlərdə dəyişikliklərə səbəb olur ki, onlar da rüşeymləri məhv edir, irsiyyət və nəsil artma kimi bioloji funksiyaların pozulmasına şərait yaradır. 

Çayların gәtirdiyi çirkab sularını da nәzәrә alsaq vəziyyətin ürəkaçıcı olmaması ortaya çıxar. Problemin əmələ gəlməsində bioloji çirklənmənin də payı var. Söhbət Volqa–Don kanalı vasitəsilə Azov–Qara dəniz hövzəsindən gələn yad orqanizmlərdən gedir. Belə ki, Türkmənistana aid sektorda meduzalar (aurella aurita, mneniopsis leudyi) aşkar edilib. Bu meduzalar Xəzərdə çoxalaraq vətəgə əhəmiyyətli iri balıqların qidasını yeyib tükəndirir. Məsələn, bu meduzalar kilkə ilə qidalanırlar. Kilkənin azalması paralel olaraq onlarla qidalanan müxtəlif su heyvanlarının sayca azalmasıyla nəticələnir. 

Unutmayaq ki, Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95 faizi) burada cəmləşib. Məlumdur ki, nərə balığı dünya bazarında çox qiymətli sayılan qara kürünün "istehsalçısıdır".  Dənizin dayazlaşması, çirikləməsi və yem ehtiyyatının azalması isə bu balıqdan yan keçmir. Əgər bir vaxtlar Bakının balıq mağazalarında (Okean mağazaları) nərə balıqları sərbəst satılırdısa, bu gün onlara demək olar ki rast gəlinmir. 

Ekoloji tarazılığın pozulması Xəzər suitisinədən də yan keçməyib. Qırmızı Kitaba daxil olan bu heyvanların cəsədləri hər il sahilə çıxır. Bu, Xəzər dənizinin biomüxtəlifliyinin vəziyyətini göstərir. 

Dəniz xilasını gözləyir

Aydındır ki, Xəzər dənizini taleyin hökmünə buraxmaq olmaz. Bu baxımdan bir sıra beynəlxalq konvensiyaların tələblərinə ciddi əməl olunmalıdır. Onlardan biri də “Xəzər dənizində dəniz mühitinin mühafizəsi haqqında” çərçivə konvensiyasıdır. Bu konvensiyaya görə hər bir tərəf, o cümlədən Azərbaycan dəniz mühitinin qorunması məqsədilə öhdəlik götürüb. Ölkəmiz bu öhdəliyi yerinə yetirir. İlk növbədə dənizə axıdılan çirkab sularınının, atmosferə buraxılan zəhərli qazların qarşısı alınır, neft və neft məhsulları ilə çiriklənmiş torpaqlar təmizlənir. Qeyd edək ki, qurudulması mümkün olmayan göllərin təmizlənməsi və əhali üçün istirahət zonasına çevrilməsi istiqamətində layihələr həyata keçirilir.

Xəzər dənizinnin ekologiyasını qorumaq üçün dəniz obyeklərindən atmosferə atılan səmt qazının miqdarının azaldılması istiqamətində də müəyyən işlər görülür. Vaxtilə atmosferə gün ərzində milyonlarla kub metr səmt qazı atıldığı halda, indi onlardan məqsədyönlü istifadə olunur. Bakı buxtası və Cilov adası ərazilərində batmış və yarımbatmış gəmilərin, istifadəsiz estakadaların, yanalma körpülərinin və atılıb qalmış dəmir beton konstruksiyaların dənizdən çıxarılıb. Bu işlərə isə külli miqdarda vəsait xərclənir. Halbuki, Abşeron yarımadasında Sovet dövründə 1,5 milyard ton neft çıxarılıb və ondan əldə olunan təqribən 400–500 milyard dollar pulun çox hissəs Moskva tərəfindən mənimsənilib və onun neqativ nəticələrini aradan qaldırmaq isə bizə düşüb. 

Bundan başqa, su hövzəsinə balıq kürülərinin buraxılması da davam edir. Bu barədə Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib: “2023-cü il ərzində Xəzər dənizinin və daxili su hövzələrinin balıq ehtiyatlarının artırılması məqsədilə 600 min ədəddən çox nərəcinsli, 15 min ədəddən çox qızıl balıq və 8 milyon ədəddən çox çəkikimi balıq körpələri su hövzələrinə buraxılıb”. Onun sözlərinə görə, son 5 il ərzində isə, ümumilikdə, 30 milyon müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.

Mühüm tədbirlərdən biri də balıqların kürütökmə dövrü ilə bağlı ovunun qadağan edilməsidir. Bununla əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib. Proses sentyabrın 1-dək davam edəcək.

Sənaye üsulu ilə balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməli idi. Əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab edilir və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq. Yəqin ki, bu tədbirlər müsbət nəticələr verəcək.

Aydındır ki, Xəzər dənizinin ekoloji təhlükəsizliyini, təmizliyini yalnız Azərbaycan tərəfinin gördüyü işlərlə təmin etmək mümkün deyil. Xəzərə yalnız bir yox, 5 sahilyanı ölkənin qayğı göstərməsi vacibdir. 

Professor Fəxrəddin Yusibov:

Əksər çaylarda və hər şeydən əvvəl Kür çayında bəndlər salınıb. Bu səbəbdən də balıqlar kürütökmə yerlərinə gedə bilmirlər. Bunlar nərəcinislilər də daxil olmaqla balıqların ehtiyatlarının kəskin aşağı düşməsinə səbəb olur.

1970-ci illərin ortalarında Xәzәrdә 27 min ton nərə balığı ovlanırdı. Son illərdə ovlanan nərə balığı min tonu keçmir. Bu, kürü istehsalına da mənfi təsir göstərir. Keçən ilin yanvar–noyabr aylarında Azərbaycan xarici ölkələrə 487,1 min dollar dəyərində 530 kiloqram nərə balıqlarının kürüsünü ixrac edib. Bu, 2022-ci il ilin yanvar–noyabr ayları ilə müqayisədə dəyər baxımından 1,7 dəfə, miqdar baxımından 2,2 dəfə çoxdur. Keçən il 1 kiloqram kürünün orta ixrac qiyməti 919 dollar (1562 manat), 2022-ci ildə isə 1172 dollar (1992 manat) təşkil edib. Bu, 2022-ci illə müqayisədə artım kimi görünsə də, ötən əsrin 70–80-ci illərindəki göstəıricidən dəfələrlə kiçik rəqəmdir. 

İqlim dəyişikliyi balıqların mutasiyasına səbəb olur. Bu günlərdə Salyan balıqçıları  ziyad balığı tutmuşdular. Balıqdakı dəyişiklər diqqət çəkir. Üzərindəki ağ ləkələrə bu günədək Azərbaycanda rast gəlinməyib.

Pünhan ƏFƏNDİYEV 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla