AZ

ABŞ-də konqresmen Azərbaycandan rüşvət almaqda ittiham olunur – AP


ABŞ Ədliyyə Nazirliyi Texas ştatından olan demokrat konqresmen Henri Kuellara və onun həyat yoldaşı İmelda Kuellara qarşı ABŞ Konqresində Azərbaycanın maraqlarının lobbiçiliyi ilə bağlı rüşvət və sui-qəsd ittihamı irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi (AP) məlumat yayıb və cütlüyün cümə günü saxlanıldıqlarını yazıb.
İttihama görə, 2014-cü ildən 2021-ci ilə qədər nümayəndə Kuellar və həyat yoldaşı Azərbaycanın nəzarətində olan enerji şirkəti və Meksika bankından təxminən 600 min dollar rüşvət alıblar. Bunun müqabilində Kuelların ABŞ Konqresində Azərbaycanın maraqlarını təbliğ etməyə razılıq verdiyi güman edilir.
ABŞ Ədliyyə Departamentinin iddianaməsində deyilir ki, xüsusilə Kuellar Azərbaycan üçün əlverişli qanun layihəsi üçün lobbiçilik etməli və Nümayəndələr Palatasının iclasında Azərbaycan lehinə çıxış etməli idi.
İttihama görə, cütlüyə ödənişlər İmelda Cuellar və cütlüyün iki övladına məxsus “Shell Texas” şirkəti vasitəsilə həyata keçirilib. Şirkət bəzi strateji konsaltinq və bələdçilik xidmətlərinə görə “qondarma müqavilə” əsasında Azərbaycanın enerji şirkətindən ayda 25 min dollar alıb.
“Əslində bu müqavilə saxta idi və Henri Kuellar ilə Azərbaycan hökuməti arasında korrupsiya müqaviləsini gizlətmək və leqallaşdırmaq üçün istifadə edilib”, - ittiham aktında deyilir.
O cümlədən, müqavilənin şərtlərinə əsasən, İmelda Kuellar iş başa çatdıqdan sonra Azərbaycan enerji şirkətinin Vaşinqton ofisinə qondarma faktura göndərməli idi.
“Əslində İmelda Kuellar müqavilə çərçivəsində faktiki olaraq heç bir iş görməyib”, - deyə prokuror bildirib.
Konqresmen cümə günü bir bəyanat yayaraq, nə özünün, nə də həyat yoldaşı İmelda Kuelyarın ittiham aktında qeyd olunduğu kimi günahkar olmadığını bildirib.
“Konqresdə etdiyim hər şeyi Cənubi Texas xalqı üçün etdim. Hər hansı bir tədbir görməzdən əvvəl mənə yazılı rəy verən Nümayəndələr Palatasının Etika Komitəsindən hüquqi məsləhət aldım”, - edyə Kuellar qeyd edib.
“Bundan başqa, biz faktları aydınlaşdırmaq üçün Vaşinqton prokurorları ilə görüş istədik, lakin onlar bu işi bizimlə müzakirə etməkdən və ya tərəfimizi dinləməkdən imtina etdilər”, - konqresmen qeyd edib.
Cütlük Hyuston məhkəməsi tərəfindən dindirildikdən sonra həbs olunub və 100 min dollar girov müqabilində sərbəst buraxılıb. Əgər günahkar bilinsələr, onları uzunmüddətli həbs gözləyir.
Qeyd edək ki, Kuellar daha əvvəl Nümayəndələr Palatasında Azərbaycanla Əlaqələr üzrə Qanunvericilər Assosiasiyasının həmsədri olub.
Federal hökumətin qeydlərinə görə, konqresmen 2013-cü ildə Azərbaycana səfər edib. İki il sonra Kuelların ofisi Texas Universiteti ilə Azərbaycanın Dostları Assambleyası arasında müqavilənin bağlandığını elan edib. Bu müqavilənin məqsədinin neft-qaz tədqiqatları və təhsil sahəsində əməkdaşlıq olduğu bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla