AZ

Hərbi tibb fakültəsində tələbə tədqiqatçıların məruzələri dinlənilib

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsinin Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı şəhid baş leytenant Ənvər Aqşinli adına mühazirə zalında baş tutub.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

 

Sonra tədbirin aparıcısı, tələbə dekan Əli Sultanzadə sözü fakültənin tədris işləri üzrə rəis müavini, tibb xidməti polkovniki Məharət Rzayevə verib. M.Rzayev bildirib ki, Ulu Öndərin Azərbaycan tibbinə verdiyi ən böyük töhfələrdən biri 2000-ci il mayın 25-də ATU-da Hərbi tibb fakültəsinin yaradılması olub: “Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev gənclərin elm sahəsinə marağının artırılması üçün hər zaman diqqət və qayğı göstərir. Biz də bunu nəzərə alaraq, gənclərin elmə marağının artırılması üçün əlimizdən gələni edirik”.

 

Bu istiqamətdə onların atdığı addımların həmişə ATU-nun rektoru, professor Gəray Gəraybəyli tərəfindən dəstəkləndiyini bildirən rəis müavini, bu konfransı tələbələrin elmə, elmi araşdırmalara marağının bariz nümunəsi kimi dəyərləndirib.

 

ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov da öz çıxışında son illər Tibb Universitetində tələbələr arasında elmi işlərə böyük marağın yarandığını diqqətə çatdırıb: “Sevindirici haldır ki, Hərbi tibb fakültəsinin kursantları arasında da bu istiqamətdə maraq ilbəil yüksəlir. TEC-in proqramı ilə tanış olanda, 22 elmi məqalənin yer aldığını gördüm. Bu qədər elmi məqalənin araşdırılmasını hər birinizin uğuru hesab etmək olar. Keçirilən konfrans gələcəkdə hərbi tibb sahəsində alimlərin yetişməsində mühüm  addımlardan biridir. Tələbə Elmi cəmiyyətlərinin konfranslarında adətən ilk 3 yer uğrunda mübarizə aparılır. Amma mən sizin hamınızı qalib hesab edirəm.

 

Hazırda startap layihələri də həyata keçirilir. Bu işdə gənclərimizin rolu danılmazdır. Onların fəallığını təmin etmək üçün universitetin Elm departamentinin nəzdində Startap Qrupu yaradılıb. Hər hansı ideyanı gerçəkləşdirmək istəyən tələbə dəstək üçün departamentə müraciət edə bilər”.

 

Fakültə rəisinin Elmi işlər üzrə müavini, tibb xidməti mayoru Bəxtiyar Əliyev əvvəllər elmi araşdırma aparan kursantların sayının az olduğunu bildirib: “İndi 22 məruzənin 60 faizini bizim kursantlar hazırlayıb. II Qarabağ müharibəsindən sonra Ali Baş Komandanın göstərişi və müdafiə nazirinin əmri ilə bütün istiqamətlərdə elmi araşdırmaların aparılmasına start verildi və təxminən 13 istiqamətdə elmi işlər aparıldı. Tələbələrimiz də bu işdə, o cümlədən statistikanın və bəzi məsələlərin araşdırılmasında yaxından iştirak etdilər. Bu da bizim üçün bir uğurdur”.

 

Sonra elmi məruzələr dinlənilib və geniş diskussiya ilə konfrans öz işini davam etdirib. Müzakirələrdə çıxış edən Tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi Səidə Hacıyeva tələbə tədqiqatçıların məruzələrini yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
Mənbələr
Şərh ()
Bağla