AZ

Mbappe “sarı divar”ı keçə bilmədi

yarımfinal, ilk oyun
Borussiya – PSJ 1:0 (1:0)
Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuerson (Volf, 87), Hummels, Şlotterbek, Maatsen, Can, Zabitser, Adeyemi (Roys, 83), Brandt (Nmeça, 87), Sanço, Füllkruq (Mukoko, 90+1).
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi, Markinyos, L.Ernandes (Beraldo, 42), Mendeş, Zair-Emeri, Vitinya, Ruis, Dembele, Mbappe, Barkola (Kolo Muani, 65).
Qol: Füllkruq, 36.
Vərəqələr: Maatsen, 19. Ruis, 53. Şlotterbek, 73 – sarı.
Hakim: Entoni Teylor (İngiltərə).
1 may. Dortmund. 81365 tamaşaçı.
Cavab oyunu mayın 7-də keçiriləcək.
oyunun statistikası
12 (4) qapıya (“çərçivə”yə) zərbə 14 (3)
4 künc zərbəsi 3
1 ofsayd 2
11 qayda pozuntusu 6
2 (0) sarı (qırmızı) vərəqə 1 (0)
46 topa sahibolma (faizlə) 54

PSJ bu oyuna Fransa çempionatındakı vəzifəsinin öhdəsindən gələndən sonra çıxmışdı. Parislilər son turda evdə “Havr”la oyunda çətinliklə məğlubiyyətdən qaçsalar (3:3) da, “Monako”nun “Lion”a uduzması üzündən növbəti çempionluğu bayram etmişdilər. Onların əvvəlki mərhələdə “Barselona”nı sıradan çıxardığını da unutmayaq. “Borussiya”nın isə çempionatda problemi çoxdu. Dortmundular “Leyptsiq”dən 5 xal geri qalmaqla yalnız 5-ci pillədə qərarlaşıb. “Sarılar” son turda elə məhz bu komandaya uduzmuşdular. “Borussiya” da yarımfinala “Atletiko”nu sıradan çıxarmaqla yüksəlmişdi. Hər iki yarımfinalçının əvvəlki mərhələdə, yəni 1/4-də ilk oyunda uduzduğunu, sadəcə, cavab görüşündə vəziyyəti dəyişdiyini də xatırladaq. Yeri gəlmişkən, PSJ ilə “Borussiya” artıq ÇL-in cari mövsümündə üz-üzə gəlmişdi. Onda evdə 2:0 hesabıyla qalib gələn parislilər səfərdə 1:1 hesablı heç-heçə ilə kifayətlənmişdi. “Ölüm qrupu”nda 1-ci yeri dortmundlular tutmuşdu. Qrupda “Milan” və “Nyukasl” da var idi. İtkilərə gəlincə, “Borussiya”da Bensebaini, PSJ-də isə Kimpembe, Riko və Kyurzava zədədən əziyyət çəkir.

İlk yarımfinal oyunu cavab görüşü üçün çoxlu buraxdı. Final fitindən sonra PSJ-dən heç kimi, eləcə də baş məşqçi Luis Enrike məyus görünmürdü. Hər kəs anlayır ki, irəlidə cavab görüşü var, cütün taleyi Parisdə həll olunacaq. Bu oyun isə “Borussiya”nın xeyrinə bitdi. Dortmund təmsilçisi daha yığcam və təşkilatlanmış komanda təsiri bağışladı. Meydan sahibləri PSJ-nin möhtəşəm hücum qrupunu neytrallaşdıra bildi. Xüsusən də ilk yarıda. Həmin zaman kəsiyində parislilərin oyununda, demək olar ki, heç nə alınmadı, dünya ulduzu Mbappe isə qətiyyən gözə dəymirdi. Dortmundular ilk yarıdakı nadir təhlükəli vəziyyətlərdən birini qola çevirdilər. 36-cı dəqiqədə Şlotterbekin müdafiəçilərin arxasına göndərdiyi ötürməni ələ keçirən Füllkruq Donnarumma ilə təkbətək çıxdı və topu onun yanından qapıya göndərdi.

Fasilədən sonra PSJ canlandı. Hissənin əvvəlində hücumların birində həm Mbappe, həm də Hakimi topu dirəyə vurdu. Qonaqlar bundan sonra da bir neçə əlverişli imkanı qaçırdı. Dembele 73-cü və 80-ci dəqiqələrdə hesabı bərabərləşdirə bilərdi. Ancaq əvvəlcə Kobellə dueldən məğlub ayrıldı, ardından topu qapının üstündən vurdu. “Borussiya” rəqibin təzyiqinə dözdü, hətta bir neçə dəfə fərqi artırmaq imkanı da qazandı. “Sarılar” heç də öz qapısı önündə ətdən divar hörməmişdi. Odu ki, dortmunluların haqlı qələbə qazanmadığını demək olmazı. Bu başqa məsələ ki, cütün taleyinə Parisdə aydınlıq gələcək. Bu dəfə “Borussiya” PSJ-nin və azarkeşlərin güclü təzyiqi altında olacaq. Yayda “Real”a keçidi şübhə doğurmayan Mbappe üçün əsl qəhrəmanlıq vaxtıdı.

Oyundan sonra...
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Bu futboldu, əksər hallarda gözəldi. Ancaq bəzən belə hallar da baş verir. Biz bundan daha yaxşı vəziyyətdə olmağa üstünlük verərdik. Oyun bərabər səviyyədə keçdi. İşimizin asan olmayacağını bilirdik. Paltardəyişmə otağında bir qədər narahatlıq var. Azarkeşlərimiz bizi oyunboyu dəstəklədi. Etiraf etməliyik ki, “Siqnal İduna Park” müstəsna stadiondu, burda azarkeşlər öz komandalarını necə dəstəkləməli olduqlarını bilirlər. Parisdə çox güclü olacağıq. İtirəsi heç nəyimiz yoxdu”.


Edin Terziç, “Borussiya”nın baş məşqçisi:
“Qələbəni haqq etdik, komandam yaxşı oyun göstərdi. Daha çox qol vura bilərdik, ancaq rəqibin də qol imkanları var idi. Bu üzdən düşünürəm ki, 1:0 normaq nəticədi. Biz çox hərəkət etdik, ancaq belə oyunda bu zəruridi. “Uembli”yə vəsiqəni qazanmaq lazımdı. İndi bizə cavab görüşündə heç-heçə lazımdı, ancaq qələbə qazanmaq da istəyirik. Kiçik üstünlüyümüz var, bu şansdan yararlanmalıyıq”.


Markinyos, PSJ-nin müdafiəçisi:
“İrəli atılan, pressinq edən və topa nəzarət etmək istəyən iki komanda qarşılaşdı. Çətin sınaq idi. Aşkar qol imkanlarımız oldu, onları qaçırmamalıydıq. Finala çıxmaq istəyiriksə, evdə bunlardan maksimum yararlanmaq lazımdı. Komanda daha yığcam oynamalıydı, ehtiyatlı olmalıydıq. Qolun əvəzini çıxa biləcəyimizi göstərdik. Cavab görüşü ərəfəsində bizə nə ümid verir? “Park de Prens”, azarkeşlərimiz. Daha artığınıza nail ola biləcəyimizi anlayırıq, sadəcə, imkanlardan maksimum yararlanmaq lazımdı. Həm də belə qol buraxmamalıydıq”.


Mats Hummels, “Borussiya”nın müdafiəçisi:
“Top səviyyədə oyun keçirdik. Bizim ifamızda çox yetkin oyun idi. Ən yaxşı oyunumuzu göstərməkdə bir-birimizə yardım etdik. Çempionlar Liqasının yarımfinalında sakitliyi qorumaq və düzgün qərarlar vermək asan deyil, ancaq bu gün əsasən buna nail olduq. Əlbəttə, “Uembli”yə yollanmaq istəyirik, ancaq Parisdəki qarşılaşma asan olmayacaq. Finala çıxmaq istəyiriksə, Parisdə vəzifəmizin öhdəsindən gəlməliyik”.


Əşrəf Hakimi, PSJ-nin müdafiəçisi:
“Nəticə bizi məyus etdi. Şanslardan yararlana bilmədik, xüsusən də 2-ci hissədə. “Borussiya”nın bu oyunda nələr edəcəyini bilirdik. İlk növbədə müdafiəçilərin arxasına ötürmə verəcəkdilər. Bunu yadda saxlamalıydıq. Baş məşqçi həftə boyunca bizə bu haqda danışdı. Evdə hər şey fərqli olacaq. Öz stadionumuzda azarkeşlərin də dəstəyi ilə fərqli nəticəyə ümid edirik. Komandamıza çox inanıram. Bu gün yaratdığımız imkanları gələn həftə mükəmməlliyə çatdıracağıq”.


Niklas Füllkruq, “Borussiya”nın hücumçusu:
“Qeyri-adi atmosfer var idi. Bu stadionda həmişə elə hiss yaranlr ki, sanki meydana artıq 1:0 hesabı ilə çıxırsan. Ancaq bu gün çox dözməli olduq. Oyunun elə bölümləri oldu ki, rəqib bizə güclü təzyiq göstərdi. Belə top-komanda ilə oyunda bu cür təzyiq qaçılmazdı. Bu dueldə ilk mərhələ arxada qaldı. “Uembli”dəki finala qədər hələ 90 dəqiqə də var. Bu üzdən təmkinimizi qorumalıyıq”.


Nunu Mendeş, PSJ-nin müdafiəçisi:
“Oyunun çətin olacağını bilirdik. Rəqib evdə - azarkeş dəstəyi altında oynadı. Qalib gəlmək üçün bütün gücümüzü qoydu, ancaq alınmadı. Cavab görüşündə də can qoyacağıq. Duelin sonuna hələ 90 dəqiqə qalır. Növbəti oyuna köklənməliyik. Motivasiyamız yüksək səviyyədədi, qalib gəlmək üçün hər şey edəcəyik”.


Canluici Donnarumma, PSJ-nin qapısıçı:
“PSJ yaxşı pressinq etdi. Topu ələ keçirdik, daha çox qol vəziyyəti yaratdıq. Rəqib finala daha yaxın olduğunu düşünürsə, ciddi səhvə yol verir”.


Faktlar
* Füllkruq “Borussiya”dakı debüt mövsümündə 16 qol vurub. O, 1/4 final mərhələsində “Atletiko”nun da qapısına yol tapmışdı. 31 yaşlı hücumçunun caru mövsümdə dortmunluların heyətində bütün turnirlərdə 43 oyun keçirdiyini də xatırladaq. Maraqlıdı ki, Füllkruq iki mövsüm əvvəl 2-ci bundesliqada – “Verder”in heyətində çıxış edirdi.
* PSJ mövsümdə ilk dəfə bir qol da vurmadan uduzdu. Parislilər Dortmunddakı oyunda qapıya 14 zərbə vurdu, üç dəfə “çərçivə”yə düşdü.

Maraqlıdı...
“Borussiya”ya məğlubiyyətin ardından PSJ-nin avtobusu “Siqnal İduna Park”ı Kilian Mbappesiz tərk etdi. 25 yaşlı fransalı ulduz dopinq-nəzarət üzündən geçikdi. Sonra o, şəxsi avtomobillə hava limanına yollanaraq komanda yoldaşlarına qoşuldu.

Almaniyadan 5 komanda
Almaniyanın 5 komandası Çempionlar Liqasının 2024/25 mövüümünün qrup turnirində təmsil oluancaq. Bu, “Borussiya”nın PSJ üzərindəki qələbəsindən və Almaniyanın əmsalına xal əlavə etməsindən sonra reallaşdı. Dortmund klubu Çempionlar Liqasının qalibi olarsa və bundesliqada da 5-ci yeri tutarsa, onda Almaniyanı qitənin ən nüfuzlu klub turnirində 6 komanda təmsil edəcək. Buna qədər İtaliyanın 5 komandasının da növbəti mövsüm qrup turnirində iştirak edəcəyi bəlli olmuşdu. Hazırda bundesliqanın turnir cədvəlinin ilk 5 pilləsində “Bayer-04”, “Bavariya”, “Ştutqart”, “Leyptsiq” və Dortmund “Borussiya”sı qərarlaşıb.

Ernandes üçün hər şey bitdi
“Borussiya” ilə oyunun 42-ci dəqiqəsində zədə üzündən Beraldo ilə əvəzlənən PSJ-nin müdafiəçisi Lüka Ernandesin taleyinə aydınlıq gəlib. O, 6-7 aylığa sıradan çıxıb. Maqnit-rezonans tomoqrafiyası zamamı müdafiəçinin sol dizinin ön xaçvari bağının qırıldığı məlum olub. 28 yaşlı futbolçu 14 iyun – 14 iyul aralığında keçiriləcək futbol üzrə Avropa çempionatını buraxmağa məcburdu.

Bellingem Keynə nə deyirdi?
“Bavariya” – “Real” oyununun 57-ci dəqiqəsindəki epizod, yəqin ki, hər kəsin diqqətini çəkdi. Keyn qonaqların qapısına təyin olunan penaltini yerinə yetirməyə hazırlaşarkən Rüdiger qapıçı Luninə yaxınlaşıb nəsə anlatmağa çalışdı. Maraqlıdı ki, “Real”ın yarımmüdafiəçisi Bellingem də həmin məqamda həmvətəni Keynin fikrini yayındırmağa çalışırdı. Hər halda, 30 yaşlı hücumçu karyerasındakı 73-cü penalti qolunu vura bildi. Oyundan sonra isə jurnalistlərin bu haqda sualını cavabladı:
“Bellingem penalti ərəfəsində qulağıma nəsə deyirdi, ancaq konkret nə dediyini bilmədim. Hiss edirdim ki, nəsə deməyə çalışır. Yəqin ondan nə demək istədiyini soruşmalıydım. Ancaq həmin anda penaltini necə vuracağıma köklənmişdim, əmin idim ki, o, məni yanıltmaq istəyir. Xoşbəxtlikdən Cud bunu bacarmadı, penaltini qola çevirdim”.

Bellingem özü isə jurnalistlərə bildirib ki, Keynə “penaltini sola vuracağını bilirəm” deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla