AZ

Liderlər arasında xal fərqi qorundu, Yarmolenko tarixə düşdü

Ukrayna çempionatının 28-ci turunda bu ölkənin nəhəngləri, çempionluq uğrunda mübarizə aparan “Şaxtyor”la “Dinamo” qarşılaşacaq.

“Football-plus.az” xəbər verir ki, “Şaxtaçılar” təxirə salınan oyuna məhz həmin qarşılaşmaya qədər hadisələrin axarına nəzarəti öz əlində saxlamaq imkanı kimi baxırdılar ki, buna da nail oldular.

Roman Qriqorçukun çalışdırdığı “Çernomorets”lə oyun braziliyalı xavbek Marlon Qomesin benefisinə çevrildi. O, artıq 3-cü dəqiqədə hesabı açsa da, 12-ci dəqiqədə “Şerif”in heyətində “Qarabağ”a qarşı oyunlardan yaxşı tanıdığımız Badibanqa odessalıların bərabərlik qolunu vurdu. Qomes hissənin sonuna qədər daha iki dəfə fərqləndi. Bu isə o deməkdi ki, Ukrayna çempionatının cari mövsümündə 2-ci het-trik reallaşdı. İkinci hissədə hesab yalnız bir dəfə dəyişdi. Hərçənd “Şaxtyor”un fərqi biabırçı həddə çatdırmaq üçün imkanları çox idi. 64-cü dəqiqədə Donetsk klubunun baş məşqçisi Marino Puşiç dəyişikliklərə əl atdı. Sonradan oyuna qoşulanlardan ikisi Traore ilə Şved idi. Məhz bu tandem “Şaxtyor”un 4-cü qolunu təşkil etdi. Liderliyi qoruyan “şaxtaçılar” mayın 5-də keçirəcəyi növbəti oyunda da “Çernomorets”lə qarşılaşacaq. Ondan sonra isə “Dinamo” ilə həlledici oyun olacaq.

“Şaxtyor” kimi, kiyevlilər də böyükhesablı qələbə qazandı. Artıq 4:1-dən xəbərdar olan Aleksandr Şovkovskinin komandası “Veres”i meydana çıxdığına görə peşman etdi. Kiyevlilərin ilk yarıdakı qol axtarışı yalnız 40-cı dəqiqədə nəticə verdi. Brajkonun cərimə zərbəsindən sonra “canlı sədd”i keçən topu qapıçı Yuşişin önünə qaytardı, Yarmolenko onu dizi ilə tora saldı. “Dinamo”nun “sürüşkən” üstünlüyü, demək olar ki, sona qədər davam etdi. Meydan sahibləri yalnız son 10 dəqiqədə oyunun taleyinə aydınlıq gətirdilər. Əvvəlcə gənc Ponomarenko cari mövsümdə ilk qolunu vurdu. 4 dəqiqə sonra isə kiyevlilərin əks-hücumunu Şepelev məhsuldar zərbə ilə bitirdi. Hər iki halda qol ötürməsini Voloşin verdi. “Şaxtyor”dan hələ də 4 xal geri qalan “Dinamo” bu komanda ilə duel ərəfəsində “Kolos”la qarşılaşacaq.

Yeri gəlmişkən, Yarmolenko “Veres”in qapısına vurduğu qolla tarixə düşdü. O, ukraynalı bombardirlər arasında liderliyi ələ keçirdi. Buna qədər Ukrayna komandalarının heyətində qol sayına görə lider Sergey Rebrov idi (189). “Veres”lə oyuna qədər Yarmolenkonun hesabında da bu qədər qol var idi. Növbəti qol ona vahid liderliyi ələ keçirməyə imkan verdi. Yarmolenkonun qollarından 144-ü “Dinamo”nun payına düşür. Ukrayna çempionatında 106, kubokunda 19, avrokuboklarda da 19 dəfə fərqlənib. Ukrayna yığmasının heyətində isə 46 qolu var. Andrey cari mövsümdə 7 qol vurub. Onun zədə üzündən mövsümün böyük hissəsini buraxdığını, cəmi 14 oyuna çıxdığını da nəzərə alaq.

12-ci turdan təxirə salınan oyun
Çernomorets – Şaxtyor 1:4
Badibanqa, 12 – Qomes, 3; 16; 41. Şved, 65.
Şaxtyor: Riznık, Azarov, Bondar, Konoplya, Matviyenko, Krıskiv (Nazarina, 80), Sudakov, Kevin (Eginaldo, 64), Qomes (Stepanenko, 63), Zubkov (Şved, 64), Sikan (Traore, 64).
5-ci turdan təxirə salınan oyun
Dinamo – Veres 3:0
Yarmolenko, 40. Ponomarenko, 80. Şepelev, 84.
Dinamo: Buşan, Dubinçak, Karavayev, Mixavko (Sirota, 46), Popov, Brajko, Buyalski (Sarenko, 86), Voloşin, Yarmolenko (Şepelev, 66), Vanat (Ponomarenko, 75), Kabayev (Benito, 86).
1. Şaxtyor – 64, 2. Dinamo – 60... 9-10. Kolos, Çernomorets – 29... 14. Veres – 20...
Bombardir: Vanat (Dinamo) – 13.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla