AZ

“Real”ın 36-cı, Ançelottinin 6-cı çempionluğu

Artıq məlum olduğu kimi, “Real” cari 2023/2024-cü illər mövsümü İspaniya La Liqasının çempionu adını qazanıb.

Arena.az məlumat verir ki, bu zəfər 34-cü tur çərçivəsində Madrid təmsilçisinin evdə “Kadis”i 3:0 hesabı ilə məğlub etməsi mənzərəsində “Barselona”nın səfərdə “Jirona”ya məğlubiyyəti (2:4) ilə rəsmiləşib.

Beləliklə, “Real” tarixində 36-cı, “qaymaqlılar”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti isə öz məşqçilik karyerası ərzində 6-cı dəfə ölkə çempionluğunun sevincini yaşayıb.

Bu qənimətə əlavə olaraq, Ançelotti “Milan”la İtaliya A Seriyasını (2003/2004 mövsümü), “Çelsi” ilə İngiltərə Premyer Liqasını (2009/2010 mövsümü), PSJ ilə Fransa Liqa 1- i (2012/2013 mövsümü), “Bayern”lə Almaniya Bundesliqasını (2016/2017 mövsümü) qazanıb.

“Kral klubu” ilə isə bu zəfər Ançelottinin ikinci İspaniya çempionluğudur. Buna qədər italyan mütəxəssis 2021/2022 mövsümündə “qaymaqlılar”ı çempionluğa daşımışdı.

“Real” 34 oyundan 87 xalla La Liqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Karlo Ançelotti futbolçularının cari mövsümdəki işinin keyfiyyətini vurğulayıb:

“Mən heç vaxt cəmi iki məğlubiyyətlə mövsüm keçirməmişəm. Bu silsiləni davam etdirmək istəyirik. Komanda çox yaxşı, böyük fədakarlıqla çıxış edir. Hamısı böyük töhfə verdi: daha çox oynayanlar və az oynayanlar. Biz yekun mərhələyə çox ruhlanmış və qənimətlər qazanmaq arzusu ilə yaxınlaşdıq”, – AS dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Karlo Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssisin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Kral Klubu”na qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Ançelottinin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022, 2023/2024), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022, 20223/2024), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.

64 yaşlı Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla