AZ

Şah İsmayıl Xətayinin tarixi missiyası

Nizami CƏFƏROV

Hər bir xalqın tarixini elə şəxsiyyətlər yaradır ki, onların tərcümeyi-halı bu tarixin ayrı-ayrı dövrlərinin, mərhələlərinin ən mühüm xüsusiyyətlərini təkcə özündə əks etdirməklə bitməyib, həmin xüsusiyyətlərin zahiri pərakəndəliyini, "xaos"unu daxili bir bütövlüyə, harmoniyaya gətirir. Və belə şəxsiyyətlərin tarixi gedişin məntiqindən güc alan amalları, uğrunda mübarizə apardıqları ideallar, qazandıqları qələbələr, qarşılaşdıqları çətinliklər bir-biri ilə sıx (və mütəşəkkil!) əlaqədə xalqın bütövlükdə tərcümeyi-halının əsas konturlarını təsəvvür etməyə imkan verir. Azərbaycan xalqının tarixinin "gündoğan"ında zühur edərək orta əsrlərdən yeni dövrə ilk addımlarını atmaqda ona (həm xalqa, həm də xalqın tarixinə!) öndərlik eləmiş Şah İsmayıl (Xətayi) məhz bu cür şəxsiyyətlərdəndir. Simasında ideoloq, sərkərdə-hökmdar və söz ustası olmaqla, ən azı, üç istedadı yüksək səviyyədə təcəssüm etdirmiş bu möhtəşəm şəxsiyyətin həmin istedadlarının hər birini səciyyələndirən ümumi bir əlamət varsa, o da "milli"likdir. Çünki mənsub olduğu xalqı etnosdan millətə çevirən Liderin həqiqi missiyası özünü ən parlaq şəkildə, ilk növbədə, burada - milli iradəni tarixi ehtiyac duyulan ən müxtəlif istiqamətlərdə həyata keçirmək qüdrətində göstərir. Şah İsmayıl tarix səhnəsinə çıxanda türk etnosunun türk xalqlarına diferensiasiyası prosesi keyfiyyət həddinə çatmaqda, artıq formalaşmış eyni mənşəli xalqlar Türk məkanında öz milli müstəqillik iddialarını bu və ya digər formada (hərbi-siyasi, iqtisadi-ticari, mənəvi-mədəni və s.) nümayiş etdirməkdə idilər. Coğrafi sərhədlər hələ ən ümumi şəkildə təxmin olunsa da, heç bir şübhə yox idi ki, son dərəcə intensiv siyasi lokallaşma etnik-etnoqrafik hüdudlardakı dəqiqliyə o qədər də riayət etmədən, tezliklə ortaya hər birinin imperiya yaratmaq marağı olan dövlətlər çıxaracaqdır. Və bu qarşısıalınmaz hərəkat kontekstində Azərbaycan xalqının ilkin milli özünütəşkil prosesinin elə bir strateji əlaməti yoxdur ki, Şah İsmayılın tərcümeyi-halında (və tarixi missiyasında!) bilavasitə ehtiva olunmasın.

Əlbəttə, hər nə qədər zaman-zaman "elm meydanı"ndan sıxışdırılıb, hadisələrin təsadüfi əlaqələrini, sadəcə, əks etdirən rəqəmlər yığınından ibarət elan olunsa da, son dövrlərdə dilçilik, ədəbiyyatşünaslıq, tarixşünaslıq kimi sahələr dəqiq metodlara müəyyən maraq göstərməkdə, subyektiv mülahizələr, ideoloji mövqeli təhlillər əvəzinə, sistem-struktur baxış imkanlarını genişləndirməkdə, antroposentrik yanaşmanın ilk uğurlu sınaqlarını keçirməkdədirlər. Bu gün tarixə (burada söhbət həm dil, həm ədəbiyyat, həm də cəmiyyət tarixinə münasibətdən gedir ki, bunun özü də daha dərin diferensiallıq tələb edir) münasibətdə müqayisəli (tarixi-müqayisəli) metod bir qədər dəbdən düşsə də, əslində onun bütün imkanlarının tükəndiyi qənaətinə gəlmək, yəqin ki, özünü doğrultmazdı... Uzun sözün qısası, biz əminik ki, Azərbaycan xalqının təşəkkül tarixinə Şah İsmayılın, sözün geniş mənasında, tərcümeyi-halı "pəncərə"sindən baxmaq, əgər şəxsiyyətlə cəmiyyəti bağlayan, köhnə təbirlə desək, "şəxsiyyətin cəmiyyət tarixindəki rolu"nu az-çox dəqiq əks etdirən prinsiplərə və ya qanunauyğunluqlara əməl eləsək, o mənada faydalı olardı ki, biz, məsələn, Şah İsmayılla Sultan Səlim, dolayısı iləsə, Səfəvi imperiyası ilə Osmanlı imperiyası (buraya şiəliklə sünniliyi də əlavə etmək olar) arasında başlayan çoxəsrlik müqayisənin təfərrüatlarına (və eyforiyasına!) dalmaq əvəzinə, tarixi olduğu qədər də sinxron mahiyyətinə nüfuz edərdik. Və məntiq bizi, ən azından, heç olmasa, ən ümumi təsəvvürlərdə "münaqişə"nin günahkarlarını axtarmaq işgəncəsindən qurtarar, yaxud "qardaş qırğını" barədəki təəssüratın ilğımını dağıdardı.

Azərbaycanlıların, eləcə də Türkiyə türklərinin, türkmənlərin, özbəklərin, qazaxların, qırğızların, tatarların, başqırdların... orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən etibarən etnik-etnoqrafik, coğrafi, siyasi, mədəni-mənəvi, linqvistik və s. müstəqilliyə nail olmalarına qədər, türk etnosu hansı diferensiasiya dövrlərindən və ya mərhələlərindən keçmişdi? Və bu diferensiasiya prosesi nə dərəcədə təbii, qanunauyğun, müasir türk xalqlarının formalaşması baxımından əsaslı idi?

Xalqların tarixinə (deməli, ümumən tarixə!) elmi yanaşma imkan verir ki, biz nəzəri baxımdan mümkün ola bilən iki tendensiyanı tarixin faktlarına istinadən müqayisə eləyərək aydınlaşdıraq ki, bu, diferensiasiya, yoxsa, inteqrasiya tarixidir... Ən geci, XIX əsrin əvvəllərindən, yəni tarixi-müqayisəli metod meydana çıxandan aparılan müşahidələr, induktiv təəssüratlar ardıcıl olaraq belə bir deduktiv qənaəti möhkəmləndirmişdir ki, xalqların tarixi, ümumiyyətlə diferensiasiya tarixidir. Və əgər belə olmasaydı, hind-avropalılar hindlilərə, iranlılara, romanlara, germanlara, slavyanlara, onlar da hər biri, öz növbəsində, müasir hind, İran, roman, german, slavyan xalqlarına bölünməzdilər. Bu elə bir tarixi (diaxron) qanunauyğunluqdur ki, ən azından, belə bir kəşf üçün tarixçilərə minnətdar olmaq, tarixşünaslığa isə faktların necə gəldi (eklektik) yığımı kimi yox, məhz elm kimi hörmət etmək lazım gəlir. Ancaq kəşfin məzmunu bununla məhdudlaşmır. Xalqların təşəkkül və ya formalaşmasında diferensiasiya ümumən nə qədər həlledici olsa da, inteqrasiyanın da müəyyən rolu vardır. Ancaq bu, diferensiasiya ilə hüdudlanmış inteqrasiyadır. Məsələn, azərbaycanlıların, yaxud Türkiyə türklərinin, yaxud da türkmənlərin diferensial (əsasən, etnoqrafik, coğrafi, linqvistik) keyfiyyətləri aparıcı cizgiləri ilə qərarlaşdıqdan sonra həmin xalqlar daxilində inteqrasiya hərəkatı başlayır ki, özünü daha çox siyasi baxımdan göstərir. Yəni burada Şah İsmayıl kimi milli liderlərin, ilk növbədə, siyasi iradəsi tələb olunur ki, təbii diferensiasiya prosesinin tarix səhnəsinə çıxardığı xalqın "təbiət"ində hələ də müəyyən ünsürlər yaşayan "mərkəzdənqaçma" ehtiraslarının qarşısını almaqla onun etnosiyasi bütövlüyünü təmin eləsin.

Türk etnosunun diferensiasiyası, yaxud bölünməsi tarixini həm epik-mifoloji, həm də linqvistik planlarda izləmək üçün çox mötəbər mənbələr vardır ki, onlardan biri "Oğuz kağan"eposu, o birisi Mahmud Kaşğarinin "Divan"ıdır. Eposda Tanrının təqdiri ilə hakimiyyətə gələn Oğuz kağan ölkəsinin (əslində dünyanın!) hüdudları daxilində dövlətini qurub qayda-qanunlar müəyyən etdikdən sonra hərbi iradə göstərərək baş əyməyənlərə baş əydirmək məcburiyyətində olur. Və bu, o dövrdür ki, hələ türk cəmiyyətinin (etnosunun) diferensiasiyasından yox, yalnız inteqrasiyasından söhbət gedə bilər. Oğuz kağana müqavimət göstərən, müstəqil olmaq istəyinə düşən qüvvələrə gəldikdə isə bu, ümumi ictimai (epik) təfəkkürdə diferensiasiya meyilləri deyil, hərcmərclik (disharmoniya) cəhdləri kimi əks olunur. Ona görə də Oğuz hökmdarı bu cür cəhdlərin qarşısını kifayət qədər amansızlıqla alır. Ancaq yaşlaşdıqda, ömrünün sonunun gəldiyini bildikdə böyük bir qurultay çağırıb yurdunu oğulları arasında bölür... Əlbəttə, bu, ölkənin (etnosun!) gələcək diferensiasiyasına "öncədən görmə" səviyyəsində bir işarədir, ancaq gerçəklikdə nə etnik-siyasi bütövlüyü təmin etmək, nə də gələcək təbii diferensiasiya prosesinin törədəcəyi problemlərin qarşısını almaq iqtidarında deyil. Oğuz kağanın istər oğulları arasında, istərsə də, Oğuz-türk cəmiyyətində şəxsi nüfuzu nə qədər güclü olsa da, həmin nüfuz onun sözünə yox, şəxsiyyətinə aiddir (və onu da nəzərə almaq çox mühümdür ki, hökmdarın taleyi Tanrının ixtiyarındadır). Hökmdarın sonrakı nəsli, sülalə tamamilə fərqli dövrlərin tarixi şərtləri əsasında hakimiyyət sürməli olacaqdır... Bir sözlə, "Oğuz kağan" oğuz- türk cəmiyyətinin birliyi ideologiyasını özünəməxsus epik bir vüsətlə tərənnüm edərək öz funksiyasını başa çatdırır. Və onun gələcək diferensiasiya barədəki "öncədən görmə"yə gəldikdə isə bu, etnosun taleyi baxımından nə qədər xoş məramla irəli sürülmüş (əslində də, heç bir xalqın eposu həmin xalq barədə bəd niyyətli heç nə söyləməz) olsa da, ilk növbədə, ona görə son dərəcə sadəlövhdür ki, yeni dövr öz yeni eposunu yaratmaqla etnos barədəki tarixi təsəvvürü əsaslı şəkildə dəyişir. Belə ki, Şah İsmayılın dövründə - orta əsrlərin sonu, yeni dövrün ərəfəsində türk etnosunun "tərcümeyi-halı"nı nə "Oğuz kağan", nə də "Dədə Qorqud" deyil, "Koroğlu" eposu interpretasiya etməyə başlayır. Nə Şah İsmayıl, nə də Sultan Səlim artıq, nəinki Oğuz kağan kimi, heç "Dədə Qorqud"dakı Bayandur xan kimi də Oğuz-türk cəmiyyətinin bütövlüyü məsuliyyətini öz üzərlərinə ala bilməzdilər. "Koroğlu"da isə belə bir məsuliyyət barədə ümumiyyətlə söhbət getmir.

Dil də epos qədər etnosun tarixi vəziyyəti, yəni nə qədər diferensial, yaxud inteqrasion keyfiyyətlər nümayiş etdirdiyi barədə məlumat verir. Mahmud Kaşğari "Divan"ı türkcənin I minilliyin sonu, II minilliyin əvvəllərindəki geniş mənzərəsini təqdim edərək göstərir ki, müəyyən dialektlər ədəbi dillərə çevrilmək iddiasındadır. "Divan" müəllifi hər nə qədər yenilməz bir türk təəssübkeşi olsa da, Türk məkanında müxtəlif dil (bunun ardınca isə, təbii ki, xalq!) təzahürlərinin mövcudluğunu etiraf etməyə məcburdur. Və Mahmud Kaşğarinin elmi obyektivliyinin bir faktı da odur ki, əsərini ərəbcə "Türk dilinin divanı" yox, "Türk dillərinin divanı" ("Divani-lüğat it-türk") adlandırır, halbuki onun əsaslandığı və özünün də bilavasitə nümayəndəsi olduğu ərəb dilçiliyi məktəbinə mənsub lüğətlərdə ümumxalq ərəb dilinin yox, ərəb ədəbi dilinin mənzərəsi əks etdirilirdi.

(Davamı var)
 

"Ədəbiyyat qəzeti"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
46
Mənbələr
Şərh ()
Bağla