AZ

Ramin Allahverdiyev: Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol - MÜSAHİBƏ

Bu ilin yanvarına olan məlumata görə, Azərbaycanda 36659 narkotikdən əziyyət çəkən şəxs dispanser nəzarətindədir.

Bakıvaxtı.az-ın məlumatına görə, 2023-cü ildə 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib. Həmin şəxslərin 8458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir:

Məlumata görə, 36659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir.

Narkomaniyayla necə mübarizə aparmaq olar? Bu sahədə marifləndirmə metodlarının, psixoloji müalicənin təsiri nə qədərdir?

Respublika Narkoloji Mərkəzin psixoloqu Ramin Allahverdiyev Bakıvaxtı.az-a müsahibəsində bu və digər sualları cavablandırıb.

- Hazırda ölkəmizdə narkomaniya ilə bağlı vəziyyət nə yerdədir?

- Narkomaniya xroniki bir xəstəlik olduğundan burda sağalma prosesi çətindir. Bu səbəbdən də şəxslərin qısa müddətli və ya uzun müddətli uzaqlaşması fərdə görə dəyişir. Hazırda Respublika Narkoloji Mərkəzində 33610 nəfər qeydiyyatda olan vətəndaşımız var. Əlbəttə, bu, rəsmi şəkildə müraciət olunan vətandaşlarımızın sayıdır. Statistik dəyərləndirmə onu göstərir ki, qeydiyyatda olmayanlardan da kənarda müraciət etməyən vətəndaşlarımız mövcuddur. Bu normaldır. Bəziləri anonimliyə görə müraciət etmirlər, bəzilərində ailə problem yaradır, bəziləri müalicə almaq istəmirlər çünki onlarda tənqidi fikir yoxdur: mən asılı deyiləm, mən özüm bacaracam, həkimə ehtiyacım yoxdur kimi yanıldıcı düşüncələr olur ki, bu da onların müalicəsinə problem yaradır. Amma dövlətimizin ortaya qoyduğu layihələrlə, tapşırıqlarla istər TƏBİB, istərsə də Səhiyyə Nazirliyinin nəzdində narkomaniya ilə mübarizə mərkəzləri yaradılıb ki, bu da vətəndaşlarımızın müalicə olunmasına və bu prosesdən uzaqlaşmasına şərait yaradır.

- İnsanların narkotikə meyl etməsinin əsas səbəbi nədir?

- İlk olaraq narkomaniya, alkoqolizm, toksikomaniya nədir yox, asıllıq nədir sualına cavab verməliyik. Asıllıq bəzilərinə görə iradəsizlik, bəzilərinə görə gücsüzlük, əxlaqi dəyişim, seçimdir. Amma tibbi yanaşmaya görə xroniki beyin xəstəliyidir. Mənə görə isə asıllıq ağrıdan qaçışdır. Şəxsdə psixoloji bir ağrı var və o, ağrıdan qaçmaq üçün özünəxas qısamüddətli məntiqsiz bir davranış həyata keçirir və ona elə gəlir ki, narkotik vasitə yeganə çıxış yoludur. Amma narkotik və digər psixotrop maddələrin tez bir zamanda asılılıq yaratmaq kimi bir xüsusiyyəti var ki, sonradan asılılığın ən ağır mərhələsi ortaya çıxır.
Asılılığın yaranma səbəblərini bəzi ədəbiyyatlarda genetik faktorla əlaqələndirirlər, bəzi ədəbiyyatlarda isə onu sonradan qazanılan psixoloji və fizioloji travmaların nəticəsi kimi dəyərləndirirlər. Psixoloji və fizioloji travmalar insanın beyin funksiyalarında müəyyən bir bloklanma ortaya çıxarır. Bu bloklanma nəticəsində beyin artıq ağrıkəsicinin özü ifraz edə bilmədiyinə görə xaricdən ekstranal olaraq ağrıkəsici tələb edir. Bu zaman da normal olaraq ortaya asıllıq problemi çıxır.

- Bəs insanları narkotikə aludə edənlər kimlərdir?

- Əslində narkotikə meyllənmədə biz çox faktorları qeyd edə bilərik. Burda ailə modelinin vacibliyini qeyd edirik, dost çevrəsidir, aldığı informasiyalara uyğun maddənin təbliğatıdır, baxdığı filmlər, dinlədiyi musiqilər, yəni özünə yaratdığı prototiplərdən yola çıxırıq.
Bilirik ki, insan gənclik və yeniyetməlik dövrü tam təcrübə dövrüdür. Özünütəsdiqə can atır, emosional beynin aktiv olan dövrüdür. Yəni emosiolan beynin bir funksiyası var ki, verdiyimiz qərarlar emosional olur, rasional əsası yoxdur. Yeniyetməlik yaş dövründə biz fayda və zərəri düşünmürük, əsas istədiyimiz nədir onu həyata keçiririk. Bu zaman da şəxs düşünmür ki, narkotik onda bir zərər yarada bilər.

- Bir dəfədən heçnə olmaz...

- Bir dəfədən heç nə olmaz, tez böyümə istəyi, diqqət mərkəzində olmaq və o prototipləri də yaradanda artıq özünəxas obrazlar ortaya qoyur ki, məsələn, mən atama oxşamalıyam, dayım kimi mən da siqaret çəkəcəm, dostlarımdan seçilmək istəmirəm.

Bu, həmin cəmiyyətə qəbulolunma istəyi kimi dəyərləndirilə bilər?

- Bəli, bu, şəxsin qəbulolunma, özünü təsdiq etməsidir. Əslində bu özünü təsdiq etmənin dərinliyinə getsək, yenə də gedib çıxır uşaqlıq travmalarına. Məsələn, uşaqlıqda şiddətli travmalar görənlər daha çox özünü günahlandırmanın ön planda olduğu, özünü qiymətləndirmənin sıfıra endiyi, özünütəsdiq etmənin ön planda olduğu insanlardır. Yəni özünü günahlandırma çox yüksək olur: “Mən acizəm”, “mən lazımsızam”, “mən sevilmirəm” kimi hallarda özünü qiymətləndirmə düşür sıfıra. “mən heç nə bacarmıram” düşüncəsi ilə davranan insanlarda özünü təsdiq həmişə ortaya qoyulur ki, mən hamıdan seçilməliyəm. Özünü təsdiq yox demə bacarığının sıfırda olması deməkdir. Bu tip insanlar daha tez təsir altına düşürlər. Başqalarının düşüncəsi, başqalarının fikri onlar üçün çox vacibdir, tənqidə və tərifə çox həssasdırlar.

Amma ikinci məsələyə baxsaq, yəni özünü günahlandırması aşağı olan insanlar özünü qiymətləndirməsi çox yüksək olan tiplərdir. Özünü qiymətləndirmə dedikdə adekvat qiymətləndirməni nəzərdə tuturuq. Onlar özünü təsdiqə çox da can atmırlar, özlərinin konkret düşüncələri, fikirləri olar. Bu tip insanlanlara biz koqnitiv elastikliyi güclü insanlar deyirik. Koqnitiv elastiklik cəmiyyətə adaptasiyanın daha yaxşı həyata keçməsi deməkdir. Onlar təhlükələrə özlərinə xas modellərlə, mübarizə texnikaları ilə yola çıxırlar. Amma travma görən insanlarda koqnitiv elastiklik çox aşağı olur. Onlar heç vaxt təhlükəyə qarşı tam adekvat fikir ortaya qoya bilmirlər.

- Gənclərin narkotikə aludə olmasında valideynin günahı var deyə bilərikmi?

- Günahlandırma cəhətdən məsələyə yanaşmaq bir az doğru olmazdı. Amma burda bir məsələ var. Psixologiyada Albert Banduranın "Sosial öyrənmə nəzəriyyəsi" var. Burda onu deyir ki, uşaq doğulduğu mühitdə bütün davranışları mənimsəyir. Uşaq anadan oldusa, ailədəki aqressiyanı, ailədəki xoş münasibəti, yəni ailədəki mühüti mənimsəyir. Məsələn, kanadalı bir həkim var. Öz xatirə dəftərinə qeyd edir ki, mən 1936-cı ildə Macarıstanda doğulmuşam. O vaxt 1939-cu ildə Hitler Almaniyası tərəfindən Macarıstana hücumlar oldu. Qeyd edir ki, bir gün mən durmadan ağlayırmışam. Anam həkimə zəng edib ki, durmadan ağlayır, gəlin ona baxın. Həkimin isə ona cavabı çox maraqlı olur: "Bu dəqiqə Yahudi uşaqlarının hamısı ağlayır". Halbuki burda o, bilmirdi Hitler kimdir, bilmirdi müharibə, soyqırım nədir. O, ailənin narahatlığını mənimsəmişdi. Ailədə stress vardı, stressi mənimsəmişdi. Ona görə də ailə mühiti bir uşaq üçün çox vacibdir. Bundan başqa ailədəki tərbiyə sisteminin uşaq üçün ön plandadır. Tərbiyə modeli dedikdə avtoritar, demokratik ailə modelini götürə bilərik, uşağın qarşısına qoyulan tələblərdir, uşağın şəxsiyyətinin nəzərə alınmasıdır, düzgün mükafatlandırma-cəzalandırma sistemi nəzərdə tuta bilərik ki, bu da uşağın normal şəxsiyyət kimi ortaya çıxmasından qaynaqlanır.

Bizi narkotikdən uzaqlaşdıran amillərdən biri yüksək şəxsiyyət keyfiyyətlərinə malik olmağımız, qərar verməkdə daha adekvat olmaq, normal proqram qurmaq, beynin daha analitik işləməsi, müqayisəli təhlildir ki, bu da uşaq vaxtlarından inkişaf etdirilir. Sonraki yaş dönəmlərində beyin keçmiş yaş dövrlərini mənimsəyir, bir növ aktivləşmək istəmir. Çünki uşaq vaxtı yaratdığımız vərdiş hansı formada şaxələnirsə elə də gedir.

- Narkomaniyanın müalicəsi  necə aparılır?

- Biz ilk olaraq şəxsin qəbul etdiyi maddənin növünə, vasitəsinə və müddətinə baxırıq. Əlbəttə bəzi maddələr var ki, şiddətli şəkildə abstinent sindromu yaradır. Abstinent sindromu "kəsilmə" deməkdir. Yəni maddənin kəsilməsi zamanı ortaya çıxan şiddətli ağrılardır. Şəxsdə şiddətli ağrılar, mədə-bağırsaq, ürək-qan-damar sistemində ciddi pozuntular, saçın tökülməsi, aqressivlik, psixiatrik və psixoloji problemlər meydana gəlir. Bu zaman həkim nəzarəti çox vacibdir. Narkoloq-həkim tərəfindən 2-3 həftəlik müalicə plana tətbiq olunur. Burda əsas məqsədimiz orqanizmin narkotik maddələrdən təmizlənməsi və şəxsin ağrıdan xilas olmasıdır. İnkişaf etmiş ölkələrdə bu psixoterapiyaya hazırlıq mərhələsidir.Çünki maddə asılılığını biz əsas düşüncə xəstəliyi olaraq qəbul etdiyimizə görə, pasiyentin düşüncələri ilə işləməliyik. Yox demə bacarığının inkişaf etdirilmə, istəyin azaldılması, müəyyən texnika və metodikaların verilməsi, ailə işinin təşkili, günahlandırma-mühakimə-müqayisəni ikinci plana atmaq, xarici və daxili tətikləyicilər ilə işləmə modellərini ortaya qoymaq əsas məqsədimizdir. Ona görə biz şəxsdə tənqidi fikirləri formalaşdıraraq psixoterapiyaları həyata keçirməyə başlayırıq. Bununla paralel də ailə işini həyata keçiririk ki, şəxsin ailəsi onun üçün tətikləyi rolunu oynamasın.

- O zaman müalicədə əsas psixoloji müayinədir deyə bilərikmi?

- Bəli. Əsas texnika psixoterapiyadır. Çünki az öncə də qeyd etdiyim kimi, bu ağrının aradan qaldırılması, terapiyaya hazırlıq mərhələsidir. Bir növ dərman terapiyası bu prosesdə faiz dərəcəsi ilə dəyərləndirsək 5% əhəmiyyətlidir. Çünki məsələn, biz dişimiz ağrıyanda sevdiyimiz filmə baxa bilmirik, sevdiyimiz müəllimin dərsinə qulaq asa bilmirik. Yəni bu, maddə ağrısıdır və şiddətli şəkildə ağrı ortaya çıxır.

- Yanınıza özü öz xoşu ilə gəlib sağalmaq istəyən pasiyentlər olubmu?

- Maraqlı sualdır... Maddə asılılığında bizim əsas rastlaşdığımız problemlərdən biri şəxsin məcburi şəkildə müalicəyə yönləndirilməsidir. Burda bir az beynin funksionallığına toxunmağımızda fayda var ki, əslində asılılıq zamanı bizim beynimizdə hansı proses gedir? Mükafatlandırma sistemi pozulur. Mükafatlandırma sistemi dedikdə, biz hər gün onlarla davranış sərgiləyirik: ləzzətli yemək yeyirik, maşın sürürük, maddiyyat qazanırıq, müəllimimizdən yüksək qiymət alırıq, sevdiklərimizlə zaman keçiririk. Bu zaman beynimiz "dopamin" adı verdiyimiz bir neyrotransmitterini ifraz edir. Tədqiqatlar onu göstərir ki, dopamin ifrazı 80%-i keçmir. Maraqlısı isə odur ki, daşınması və satışı Azərbaycan Respublikasında qadağan olunan bəzi maddələr, məsələn metanfetamin var ki, indi küçə adını çəkmək istəmirəm. Mənə görə maddənin yayılmasının əsas səbəblərindən biri də kütləvi informasiya vasitələrində onların küçə adlarının çəkilməsidir. Bu bu maddənin istifadəsi zamanı beynimizdə dopamin ifrazı 2500-3000 artır. Artdığı təqdirdə bizim düşünən beynimiz, alın payımız bloklanır, şəxs artıq rasional bir düşüncə ortaya qoya bilmir. Yəni maddə istifadə edir, zərərini bilir, amma kontrolu əlində saxlaya bilmir. Maddə asılılığı ehtiyacımız olmayan bir şeyin ehtiyacımız olan hala çevrilməsdir. Ona görə də asılı şəxsin istəkli halda müalicəyə yanaşması çox qeyri-real görünür. Maddə asılılığında bizim işimizi ləngidən əsas problemlərdən biri şəxsin məcburi şəkildə müalicəyə yönləndirilməsidir.

Narkoloji müəssisədə 2 tip müalicə növü var. Biri var könüllü müalicə, biri var məcburi müalicə. Məcburi müalicə adından da göründüyü kimi, məcburi müalicənin təyin olunmasıdır ki, hüquq-mühafizə orqanları tərəfindən rəsmi qərarla həyata keçirilir. Minimum 6 aydan maksimum 2 ilə qədər vətəndaş Respublika Narkoloji Mərkəzində məkhəmə qərarı ilə tam ödənişsiz şəkildə müalicə alır. Biri də var könüllü müalicə. Hansı ki, onu da formal olaraq 2 yerə bölürlər: real könüllü və formal könüllü.
Real könüllü şəxsin öz istəyi ilə müalicə almasıdır. Artıq baxıb görür ki, sosial həyatında parçalanmalar, ağrılar, psixoloji problemlər, əmək fəaliyyətində parçalanmalar və s. var.
Biri də var formal könüllülük ki, valideyn tərəfindən cəzalandırılaraq və ya mükafatlandırılaraq gətirilir. Bu zaman da biz müalicənin effektliyində ciddi problemlərlə qarşılaşırıq.

- Asılılıqdan birdəfəlik qurtulmaq mümkündürmü?Təcrübənizdə belə hal olubmu?

- Asılılılıq hər bir şəxsə görə fərqli mənalandırılan bir prosesdir. Amma akademik mənalandrma odur ki, asılılılıq beynimizin neyrokimyəvi pozuntusu nəticəsində yaranan xroniki bir beyin xəstəliyidir. Xroniki sözü ilə mənalandırdığımız problemlər heç vaxt sağalmayan xəstəliklər təsnifatına daxildir. Əlbəttə, biz deyə bilmərik narkotik sağalmayacaq, şəxs narkotikə başladısa ömrünün axırına qədər istifadə edəcək. Bu, qəti olaraq düzgün cümlə deyil. Xroniki xəstəlik o deməkdir ki, təkrarlanandır. Təkrarlanan olması ilə paralel sağalma sözündən yox, saxlama sözündən istifadə etməliyik. Bu, təkcə narkomaniya üçün keçərli deyil. Bu, şəkər xəstəlikləri, psixiotrik pozuntular üçün də keçərlidir. Bəzi müaicələr zamanı simptonlar yoxa çıxır. Amma gələcəkdə, məsələn, 20 ildən sonra alkoqol aludəçiyi yenidən özünü büruzə verə bilər. Yəni itmir, beyin onu proqramlaşdırır. Sadəcə remisiyanın müddəti şəxsə, tətikləyicilərə görə dəyişir. Ona görə də biz narkomaniyada biz remisiyanın müddətini artıra bilərik. Şəxs ömrünün axırına qədər maddə istifadə etməyə biər. Əgər nəzarətdə olacaqsa, terapiya alacaqsa, ailə işi aparılcaqsa, risk yaradan amillərdən uzaq olacaqlarsa narkotiksiz yaşamaq mümkündür.

- İradəsi tab gətirməlidir?

- İradə sadəcə olaraq bu prosesdə şəxsin daxili gücünün müəyyən cism və hadisəyə yönəməsidir. Burda bir haşiyəə çıxım - Şəxs narkoloji mərkəzdə müalicə alır. Ailə yoxdur, dağılıb, əmək fəaliyyəti dayanıb, maddi sıxıntısı var, evi yoxdur. Amma biz ona deyirik ki, iradəli ol düzələcəksən. Əlbəttə, iradənin də rolu var. İstək, atılan addımlar iradədən qaynaqlanır. Amma maddə asılılığı multidisiplinar işi xoşlayan bir xəstəlikdir. Yəni komanda işini sevir. Maddə asılılığında şəxsi apar qoy reabilitasiya mərkəzinə, onunla iş aparılmayanda 6 aydan sonra çıxıb yenə də maddə istifadə edəcək.

- Bəs maarifləndirmə işi necə aparılmalıdır?

- Dünyada asılılığın qarşısının alınmasında düşünüldüyü qədər effektiv olmayan proqramlar var. Bunlardan birincisi əsasən psixoaktiv maddə istifadəsi və onun təsirləri ilə bağlı məlumat verən informativ proqramlardır. Yəni maddə asılılığı ilə bağlı verilən informasiya xarakterli proqramlardır. Bundan başqa psixioaktiv maddə istifadəsinin mənfi təsirlərini və mümkün riskləri vurğulayan qorxu oyandıran proqramlardır, istifadənin mənfi təsirlərini vurğulayan əxlaqi proqramlardır və özünüqiymətləndirmə, məsuliyyətli qərar qəbul etmə və şəxsiyyətlərarası münasibətlərdə inkişaf yaratmağı hədəfləyən affektiv proqramlardır. Əlbəttə, burda sual çıxa bilər ki, özünü qiymətləndirmə, doğru qərar qəbul etmə proqramları niyə effektiv olmasın. Çünki burda olan müsbət keyfiyyətlərin aktivləşməsi şəxsin ola bilər ki, təhsilə qarşı müsbət keyfiyyətlərini aktivləşdirsin amma narkotik maddə istifadəsində elə də effektiv deyil. Bunların aradan qaldırılması üçün biz əsas 4 proqram təklif edirik ki, məktəblərdə bu proqramramlar işlənməlidir.

1. Profilaktik təlim sessiyaları. Yəni narkotik maddə ilə yox, daha çox şəxsin şəxsi keyfiyyətlərinin aktivləşməsi ilə bağlı aparılan işlərdir

2. Fərdi və qrup konsultasiyalarının təşkilidir. Bu zaman mütləq ixtisaslı kadr seçimi vacibdir.

3. Valideyn proqramlarının təşkilidi. Biz təkcə şagirdin üstünə fokslanmamalıyıq.

4.Yönləndirmə. Burda əsas nevroloji, psixiatrik məsələlər və digər tibbi proseduralardır ki, təkcə psixoloji işin təşkili ilə mümkün deyil.

Biz orta məktəblərdə narkotikdən danışmaq yerinə daha çox şəxsiyyətin inkişafına fokuslanmalıyıq. Psixoloji problemlər korreksiya olunamlıdır, fərdi terapiyalar aparılmalıdır, valideynlərlə iş təşkil olunmalıdır, çətin tərbiyə olunan uşaqlar diqqət mərkəzində olmalıdır. Bir sözlə, şagirdlərdə daxili və xarici resursları aktivləşdirməliyik. Narkotikə aparan əsas amillərdən də biri valideyn və uşaq arasında olan boşluq, ünsiyyət problemidir. Uşaq öz problemini valideyn ilə bölüşmək yerinə çıxış yolunu narkotikdə, siqaretdə, enerji içkilərində, başqasına danışmaqda tapır ki, başqalarının verdiyi tövsiyyə ilə valideynin verdiyi tövsiyə eyni ola bilməz.

- Müsahibələrinizdən birində demişiniz ki, maddə asılılığından yardım sahəsində mütəxəssis qıtlığı var...

- Bəli, yadıma gəlir o tədbir. Hal-hazırda mənim əsas fikirlərimdən biri budur ki, asılılığın müalicəsi ilə bağlı düzgün mütəxəssislərin yetişməsidir. 7-8 il bundan öncəyə qədər narkomaniya belə aktual, kütləvi şəkildə diqqət mərkəzində deyildi, mətbuatda elə də tez-tez dilə gətirilmirdi. Dünyada bu istifadə tendensiyası artandan sonra Azərbaycan da bu prosesdən geri qalmadı çox təəssüf ki. Asılılıq sadəcə Azərbaycanın problemi deyil, dünyanın problemidir. Tez bir zamanda baş verən bu prosesdə işini bilməyən “mütəxəssislər” ortaya çıxdı. Az öncə qeyd etdim ki, maarifləndirmə işləri həyata keçirilməlidir. Amma maarifləndirmə işi də ixtisaslı kadrlar tərəfindən həyata keçirilməlidir. Yəni hər psixoloq asılılıqla bağlı məlumat verə bilməz. Çünki onun tədqiqat sahəsi deyil. Çox sevindirici hallardan biri budur ki, hal-hazırda Bakı Dövlət Universitetində keçən ildən “Sabah” qruplarında "Asılılıq psixologiyası" tədris olunur, 4 ildir Xəzər Universitetində mən tədris edirəm. Ümid edirəm ki, növbəti illərdə digər universitetlərimizdə də "Asılılıq psixologiyası" tədris olunacaq. Düzgün mütəxəssis seçimi də ali təhsil müəssisələrimizin bu məsələyə hansı yöndən yanaşmasından keçir. Yəni bir vətəndaş narkoloji problemdən əziyyət çəkirsə, bunu heç vaxt gedib bir pediatra müraciət etməyəcək. Hər sahənin öz mütəxəssisi olmalıdır və bu mütəxəssislər çoxaldıqca vətəndaşlarımız da daha asan şəkildə sağlamlıqlarına çata bilərlər.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla