AZ

Minimum əməkhaqqı 500 manat olacaq?

“Bu ilin dövlət büdcəsinin proqnozlarına ilin ortalarında yenidən baxıla bilər, cünki ötən dövrün nəticələri pis deyil”.

Bu fikirləri maliyyə naziri Samir Şərifov dünya bazarlarında neftin qiymətinin büdcə proqnozlarındakı qiymətlə müqayisədə dəyişməsi ilə əlaqədar 2024-cü ilin büdcəsinə yenidən baxılmasını şərh edərkən deyib. 

Nazir vurğulayıb: 

“Heç nəyi istisna etmək olmaz, bir qayda olaraq, biz ötən dövrün, yəni dörd ayın yekunlarına nəzər salırıq və qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı pis deyil, kifayət qədər yüksəkdir, neft sektoru, eləcə də vergi və gömrük daxilolmaları xətti ilə əlavə gəlirlər mövcuddur”. 

Onun sözlərinə görə, bazarda neftin qiyməti büdcə proqnozlarına daxil ediləndən yüksəkdir:

"Bildiyiniz kimi, bu il Azərbaycanın dövlət büdcəsində neftin bir bareli 60 dollar səviyyəsində müəyyən edilib. Müvafiq olaraq, neft sektorundan əlavə gəlirlər də nəzərə alınacaq, bizim neftlə yanaşı, qazdan da gəlirimiz var”. 

Nazir qeyd edib ki, beynəlxalq qaz bazarlarında qiymətlər çox dəyişkəndir, belə ki, son vaxtlar qazın qiyməti ucuzlaşmağa başlayıb:

“Bütün deyilənləri nəzərə alaraq, bu gün müəyyən hesablamalar aparılır. Buna görə də həmişə olduğu kimi, əlavə gəlir olanda və onlardan makroiqtisadi sabitliyə xələl gətirmədən layihələr üçün istifadə etmək imkanı yarananda orta müddətli, makrofiskal dayanıqlığa əngəl törətməməklə müvafiq səviyyədə qərar veriləcək”. 

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 milyard 234,3 milyon manat, xərcləri isə 8 milyard 412,6 milyon manat təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,4 % və 28,1 % çoxdur. Onu da vurğulayaq ki, son vaxtlar ölkədə minimum əmək haqqının artırılacağı, hətta bu bu rəqəmin 500 manat olacağı ilə bağlı fikirlər səslənir. 

Büdcəyə yenidən baxılarkən, əmək haqqı artımında bu rəqəm nə dərəcədə real ola bilər? 

Millət vəkili Fazil Mustafa “Cebhe.info”-ya bildirib ki, vaxtaşırı həm ölkə Prezidenti, həm də müvafiq qurumlar tərəfindən iqtisadi vəziyyyətlə bağlı təhlillər aparılır: 

“Büdcə gəlirlərində hansısa formada artım varsa, onda digər sahələrə yenidən baxılıraq, vəsait yönəldilir. Bu baxımdan, indi bizdə əsas ağırlıq Qarabağın bərpası üzərindədir. 

Ancaq digər sosial sahələrə də diqqətsiz yanaşma yoxdur. Hər hansı fürsət düşəndə, imkanlara baxıb orta əməkhaqqını, pensiyanı da vaxtaşırı artırırlar. Əslində maliyyə naziri Samir Şərifovun açıqlaması bu reallığa söykənir. Yəni hansısa iqtisadi göstəricilər yaxşılaşanda, mütləq əldə olunan gəlirlərin daha optimal istiqamətlərə, xərclərə yönəlməsi təmin edilir. Bu dəfə də yəqin ki, pensiyalarda, əməkhaqqında da müəyyən artımlar nəzərdə tutula bilər”. 

İqtisadçı-ekspert Natiq Cəfərlinin açıqlamasına görə, Azərbaycanda dekabr ayında büdcə qəbul olunarkən çox konservativ, daha ehtiyatlı yanaşma ənənəsi var:


sonradan büdcə parametrlərində yaxşı göstəricilər olanda, ilin ortasında dəyişdirilir. İndi də dəyişdirilə bilər və çox güman ki, belə də olacaq. Ancaq minimum əmək haqqının artırılması avtomatik olaraq VÖEN-lə çalışan 800 minə yaxın insanın vergisini də artırır. Yəni DSMF-yə ödənişini də artırır. Bu, qanunla bir-birinə bağlıdır. Minimum əməkhaqqı artmalıdır, çünki çox aşağıdır, ancaq bu, DSMF-yə ödənilən faizlərə təsir etməməlidir.

Ona görə də qanunvericilikdə dəyişiklik edilməlidir ki, minimum əməkhaqqı artdıqca avtomatik olaraq DSMF-yə vergi ödənişləri də artmasın. Bu baş verəcəksə, daha məntiqli olar, minimum əməkhaqqının artırılması üçün şərait yarana bilər”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
Mənbələr
Şərh ()
Bağla