AZ

Qalıqları tapılan şəhidlə bağlı TƏSİRLİ FAKTLAR – “Ailəsi bilmədən məzarını ziyarət edibmiş...” – FOTO 

Beyləqanda sümükləri tapılan Birinci Qarabağ şəhidi Elşad Şirin oğlu Qayımovun mərhum valideynləri özləri bilmədən şəhid oğullarının məzarını ziyarət ediblər. 

Belə ki, Şirin və Xədicə Qayımovlar 1994-cü ildə Beyləqanda naməlum əsgər adı ilə dəfn olunan şəhidin məzarını ziyarət ediblər və onlar bilməyib ki, qəbri önünə gəldikləri oğulları Elşadın məzarıdır. 

Həmin vaxt Elşad Qayımov naməlum kimi yenicə dəfn edilibmiş. Bu sirrin üstü isə dövlət səviyyəsində aparılan intensiv axtarış tədbirləri nəticəsində aşkar edilən naməlum hərbçilərin sümüklərinin DNT analizindən sonra bu günlərdə açılıb. 

Birinci Qarabağ Müharibəsi şəhidi Elşad Qayımovla bağlı daha bir təsirli fakt isə onun sümük qalıqlarının anası Xədicənin 40 mərasimi günü-mayın 4-də müəyyənləşməsidir. 

Bu özəl açıqlamanı Bizim.Media-ya Xaçmaz rayon İcra hakimiyyətinin Vətən Müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Fərzəliyev açıqlayıb.

Şəhid Elşad Qayımovun qardaşı Rövşən Qayımov qardaşının sümük qalıqlarının 30 ildən sonra tapılmasına sevindiklərini deyib. Qeyd edib ki, ata-anası Elşaddan nigaran həyatdan köçüblər, indi onların da ruhu şad olar.
Birinci Qarabağ şəhidi Elşad Qayımovun dəfni sabah saat 14:00-da doğulduğu Xaçmaz rayonunun Hacıqurbanoba kənd məzarlığında olacaq.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla