AZ

Dünyanın ən böyük oyun şirkətində çalışan Nicat Behbudov: “Silicon Valley”ə gəlmək uşaqlıq arzum idi”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bu gün Azərbaycanı vətəndən kənarda layiqincə təmsil edən kifayət qədər gəncimiz var. Onlar dünyanın müxtəlif ölkələrində uğurları ilə vətənimizin adını yüksəklərə qaldırırlar.

Bu gənclərdən biri də dünyanın ən böyük oyun şirkəti olan Electronics Art-da  (EA) çalışan Nicat Behbudovdur.

Uşaq vaxtı oyunlara olan marağı illər sonra  Nicatı Silikon Vadisinə gətirib. Banco.az beş ildir Kaliforniyada yaşayan Nicatın uğur hekayəsini təqdim edir:

Nicat, siz dünyanın tanınmış oyun şirkətlərindən olan EA-da çalışırsınız. Təbii ki, bu gün bir çoxlarının arzusu  “Silicon Valley”ə gedib çıxmaqdır. Bu “səyahətiniz” necə başladı?

Bilirsiniz, “Silicon Valley”ə  gəlmək uşaqlıq xəyalım olub. Çox rahat bir formada deyə bilərəm ki, məni arzularım Amerikaya gətirib çıxarıb.  Həmin vaxtlarda kompüterlərə, texnologiya sahəsinə çox böyük marağım var idi.Əmimoğlu Portuqaliyaya gedib, təhsil alıb qayıtdıqdan sonra, Silikon Vadisi barədə təəssüratlarını mənimlə paylaşdı. O danışırdı ki, dünyanın tanınmış "Google", "Facebook", "Apple" kimi böyük şirkətlərinin mərkəzi ofisləri, baş qərargahları Kaliforniyanın Bay Area deyilən yerində yerləşir. Hələ yeddinci və səkkizinci sinifdə oxuyanda artıq Amerikaya gəlməyi qarşımda hədəf qoymuşdum. 10-cu sinifdə oxuyanda "Flex" proqramı vasitəsi ilə Amerikaya gəlib təhsilimin bir ilini burda tamamladım. Ali təhsilimi İqtisad Universitetində mühasibat uçotu və audit üzrə dörd il oxuyub bakalavr dərəcəsi aldıqdan sonra, "Procter" and "Gamble" şirkətində çalışmağa başladım.

Mən hiss edirdim ki, Azərbaycanda olan karyera imkanları xüsusilə də texnologiya üçün olanlar istədiyim qədər deyil. "Procter" and "Gamble" şirkətindən sonra mən Pittsburg Universitetində MBA dərəcəsi üzrə iki ilə təhsil aldım. Pandemiya vaxtı 250-ə yaxın şirkətə müraciət etdim. Nəticədə, EA şirkətində iş tapdım. Hazırda bu şirkətdə məhsul mütəxəssisi kimi çalışıram.

Arzularıma, hədəflərimə köklənməyin daha bir səbəbi çətin keçən uşaqlıq illərimdir. Mən məcburi köçkün ailəsində doğulmuşam. Ailəmiz Ağdam işğal edildikdən sonra, Bakıya köçməli olub. Ümumiyyətlə, gəlib çatdığım bugünkü vəziyyətimə, ailəmə görə, hər zaman şükr edirəm.

Nicat, keçdiyiniz bu yolda  təhsil nə qədər rol oynadı?Azərbaycanda qazandığınız təcrübə Amerikada sizə kömək edə bildimi?

Ümumiyyətlə, karyeranın ilk illərində universitet təhsili çox önəmli olur. Çünki təkcə ali təhsil deyil, eyni zamanda komanda ilə işləmək bacarığı, münaqişələri həll etmək bir sözlə “soft skill”lər yəni yumuşaq qabiliyyətlər haqqında öyrənirsən. Bu bacarıqlar gələcəkdə müəyyən vəzifələrə yüksələndə prosesləri idarə etmək bacarığı aşılayır.

Mən Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunuyam. Bu  İqtisad Universitetinin daxilində ingilis dilində kurikulum əsasında aparılan təhsil idi. Həmin illərdə mənə dərs deyən professorlar, müəllimlər Azərbaycanda ən yüksək şirkətlərdə işləyən adamlar olub.  O şəxslər sənayenin içində olan insanlar idi. Təbii ki, belə şəraitdə təhsil almaq karyera baxımından da müsbət gələcək vəd edirdi. Mən belə şəxslərdən aldığım dəstəyə və məsləhətlərə görə özümü çox şanslı hesab edirəm.

Azərbaycan və Amerikada gənclərin karyera seçimlərində fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

Amerikada olan gənclərin daha çox imkanları var. Çünki burada daha böyük və  fərqli sənaye sahələri var. Sən artıq istədiyin sahədə, karyera istiqamətində düşünüb rahat pul qazana bilərsən.

Burada daha böyük risklər etmək olur. Azərbaycanda daha çox maliyyə, həkim və hüquq təhsili almaq istiqamətində gənclər ixtisaslaşmaq istəsələrdə, bəziləri daha fərqli sahələrə marağı ola bilər. Artıq o digər sahələr üzrə böyük karyera qurub pul qazanmaq çətindir.

Ola bilərki kimsə təbiəti, heyvanları, bitkiləri sevə bilər və hətta bu sahə üzrə karyerasını qurmaq istəyi yarana bilər. Amma Azərbaycanda artıq bu arzu ilə karyera qurmaq imkanı dar çərçivədədir. Amerikada isə həm karyera imkanı daha genişdir, həm də insanlar fərqli bir çox şey öyrənib tətbiq etmək şansları əldə edə bilərlər. Siz hətta çox istəsəniz, bu sahədə öz şirkətinizi belə qura bilərsiniz.

Bilirsiniz ki, hazırda bir çox sahələr, ixtisaslar gələcək üçün aktuallığını itirmək üzrədir. Siz hazırda karyera hədəfləyən, ali təhsil, ixtisas seçimi üzərində düşünən gənclərə əsas hansı istiqamətlərə fokuslanmalarını tövsiyyə edirsiniz?

Mən o vaxtlar ixtisas seçimi edəndə məlumat imkanları məhdudluğu səbəbindən yaxınlarım ilə məsləhətləşərək mühasibat uçotu və auditi seçdim.  2024-cü ildə hansısa bir gəncin ixtisas seçimi etməsi, araşdırma üçün, kifayət qədər resurslar var. Hazırda texnologiya şirkətində işlədiyim üçün daha çox bu sahəyə doğru ixtisaslaşma aparılması düşüncəsindəyəm. Düşünürəm ki, gələcəkdə  hər hansısa bir kompüter, proqram təminatı, data mühəndisliyi kimi ixtisaslar həmişə lazım olacaq. Bəziləri süni intellekti əsas gətirərək proqram mühəndisliyinə ehtiyac olmayacağı düşüncəsində olsa da, mən əksinə ağıllı mühəndislərə həmişə ehtiyac olacağı qənaətindəyəm.

Elə tələbələr var ki, beyinlərinin daha çox kreativ tərəflərini inkişaf etdirməyi sevirlər.  Məsləhətim odur ki, gənclər uşaq vaxtı arzusunda olan, onları sevindirən ixtisaslarla bağlı düşünsünlər. Əgər həmin sahə hələ də onların motivasiyasını yüksəldirsə, seçimi o istiqamətdə edə bilərlər.

Azərbaycanda daha asan və tez yolla pul qazanmaq həvəsində olan bir kütlə var. Xüsusilə kriptovalyuta və kiçik səhmlər alqı-satqısı, dropshipping və s kimi sahələrə son 5 il ərzində həvəs artıb. Mənim üçün çox maraqlıdır, Amerikada yaşayanların bu sahələri marağı varmı, yoxsa Azərbaycan kimi kiçik inkişafda olan ölkələrin əhali kütləsi üçün daha cəlbedicidir?

Əlbəttə, Amerikada da belə düşünən insanlar var. Vəziyyət elə Azərbaycandakı kimidir. Sadəcə olaraq Amerikada resurs imkanı, yəni oxumağa kitablar çoxdur, baxmağa ingilis dilində  video seçimləri genişdir. Bu sahədə təcrübəsi olan adamlar tapmaq, onlarla görüşmək, əlaqə qurmaq, pulsuz kurslar imkanı çoxdur.

Dropshipping köhnədən qalan biznes modeli sayılır. Çünki Amerikada bir çox şirkətlər birbaşa Çindən mal gətirib Amerikada sata bilirlər. Yəni "dropshipping" modeli  artıq aktual deyil.

Nicat oyun şirkətində çalışırsınız, hansı oyunları daha yaxşı oynamağı bacarırsınız?

Hal-hazırda ən yaxşı bacardığım oyun “FC 24” oyunudur.  Bundan başqa "Call of Duty", "Battlefield" kimi oyunları daha yaxşı oynuyuram.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
20
Mənbələr
Şərh ()
Bağla