AZ

“Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında COP29 mühüm əhəmiyyət kəsb edir”

“COP tədbirinin 29-cu sessiyasına Bakının ev sahibliyi etməsi əlamətdar hadisədir. Sözsüz ki, bu, Azərbaycanın növbəti böyük uğurudur. Onu da nəzərə almaq lazımdır ki, COP29 çərçivəsindəki hədəflərimizin həyata keçirilməsi iki həftəlik tədbirlə sona çatmır. Bu, uzun prosesdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O qeyd edib ki, Azərbaycanın mina problemi, Qərbi Azərbaycana qayıdış, 30 illik işğal dövrü, dinc əhalinin öz yurdundan  didərgin düşməsi tədbir çərçivəsində beynəlxalq medianın diqqətinə çatdırılacaq:

“Bu baxımdan tədbir Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında yardımçı olacaq. Prezident İlham Əliyevin COP-la bağlı çıxışları dünyaya səs salıb. Tədbir o qədər geniş əhatəlidir ki, Azərbaycana təxminən 70 min qonağın gəlməsi gözlənilir. Xüsusilə beynəlxalq media nümayəndələri ölkəmizdə olacaq. Burada olan jurnalistlər təkcə COP29-la bağlı məsələlərlə maraqlanmayacaq, Azərbaycanın inkişafı ilə də maraqlanacaqlar. COP29 çərçivəsində ümumiyyətlə bir neçə istiqamətli tədbirlər keçirilir. Burada müxtəlif zonalar var. Dövlət başçıları, media, dövlət qurumları, QHT, alimlər, ekspertlərin hər birinin öz yeri olacaq. Görüşlərdə sözsüz ki, Prezident İlham Əliyev bu məsələlə xüsusi diqqət ayıracaq. Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəsi var”.

C.Hüseynzadə əlavə edib ki,  COP29-da ölkəmizin milli maraqları müstəvisində böyük uğurlar əldə olunacaq:

“COP29 Azərbaycanı beynəlxalq aləmdə daha da yaxşı tanıdacaq. İşğalla bağlı ötən dövrlərdən qalan problemlər bir daha gündəmə gətiriləcək. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Azərbaycan COP29-da ölkələri atəşkəs bağlamağa dəvət edə bilər. Bu, Azərbaycan üçün yeni bir fürsətdir”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla