AZ

Şimali Kipr Avropa Birliyini ittiham etdi- 20 il əvvəlki qərar niyə icra olunmur?..

Image

Elşən Manafov: “Yunanıstanın Kiprə qarşı enozis siyasəti yaranmış problemin səbəblərindən biridir” 

ŞKTC Xarici İşlər Nazirliyi Cənubi Kipr Rum Administrasiyasının birtərəfli və qeyri-qanuni Avropa Birliyinə üzvlüyünün 20-ci ildönümü ilə bağlı açıqlama verib.

Açıqlamada qeyd edilir ki, Avropa İttifaqının Kipr Türk xalqına qarşı etdiyi ədalətsizliyin və tarixi səhvin iyirminci ildönümüdür: “Məlum olduğu kimi, 2004-cü il mayın 1-də Birləşmiş Millətlər Təşkilatının Kipr probleminin hərtərəfli həlli istiqamətində göstərdiyi səylərin nəticəsiz qalmasına səbəb olan Cənubi Kipr Rum Administrasiyası qeyri-qanuni və birtərəfli qaydada Avropa Birliyinə tamhüquqlu üzv qəbul edilməsidir. Avropa İttifaqı adadakı problemin qərəzli tərəfi olmağı seçdi. 24 aprel 2004-cü ildə Şimal və Cənubda eyni vaxtda və ayrı-ayrılıqda keçirilən referendumlarda iki ayrı xalqın olduğu qeydə alınsa da, adada davam edən dalana dirənmənin yeganə məsuliyyəti, şübhəsiz ki, beynəlxalq müqavilələr, eləcə də beynəlxalq təşkilatlar və Kiprdə öz müqəddəratını təyinetmə hüququna malik olan iki dövlətin öz fundamental prinsiplərinə və dəyərlərinə zidd olaraq Cənubi Kipr Rum Administrasiyasını qeyd-şərtsiz tamhüquqlu üzv kimi qəbul etmiş Avropa Birliyidir. Kiprdə hər iki xalqın rifahı üçün öz öhdəliyi ilə yola çıxan Avropa İttifaqı, Nazirlər Şurasının 26 aprel 2004-cü il tarixli qərarı ilə Kipr türklərinə qarşı embarqonu və təcridin aradan qaldırılması ilə bağlı öz qərarını həyata keçirə bilməyib, üzvlük həmrəyliyi adı altında yunan administrasiyasının təsirinə düşərək, hüquqi bərabərlikdən uzaqlaşıb”.

Burada diqqəti çəkən məqam həm də odur ki, Aİ Nazirlər Şurası 26 aprel 2004-cü ildə Kiprə qarşı embarqonun, blokadanın aradan qaldırılmasına qərar versə də, amma öz qərarını bugünə qədər icra etməyib. Halbuki, Kipr türkləri yunanlarla birlikdə keçirilən referendumda Aİ-yə daxil olmaq üçün səs verdilər. Ancaq Aİ təkcə yunan hissəni qəbul etdi, türkləri isə blokadada saxladı və hələ də embarqonu götürməyib.

“ŞKTC-yə göstərilən ədalətsiz münasibət Avroittifaqın Türkiyəyə sərgilədiyi ədalətsiz yanaşmanın davamıdır” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bunu bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, Kipr məsələsi müasir Avropanın indiyədək həll olunmamiş problemlərindən biridir. Ada ingilis müstəmləkəçiliyindən xilas olduqdan sonra ona qarşı təzyiq gücləməyə başlayıb. Yunanıstanın Kiprə qarşı enozis siyasəti yaranmış problemin səbəblərindən biridir. Enozis – Kiprin Yunanıstana birləşdirilməsini nəzərdə tutur. Adanın cənubunda yunan hökumətinin türk icmasına qarşı soyqırım siyasəti 1974-cü ildə adaya Türkiyə hərbi qüvvələrinin yeridilməsinə səbəb olub. Ada rəsmi yunan hökumətinin təzyiqlərinə məruz qaldı. Türkləri qorumaq üçün Türkiyə öz qoşunlarını adaya yeritməli olub. Nəticədə adanın şimalında Çimali Kipr Türk Cümhurriyəti yaradılıb. Beynəlxalq birlik bu faktı tanımaqdan imtina edib. ŞKTC-nin müstəqilliyi yalniz Türkiyə tərəfindən tanınıb. Zamanında BMT Təhlükəsizlik Şurasının Kipr probleminin həllinə munasibətdə sərgilədiyi qərəzli mövqe 2004-cü ildə Avropa Birliyi tərəfindən də təkrar edilib. Halbuki, adanın həm şimalında, həm də cənubunda referendumların keçirilməsinə baxmayaraq, Avropa ölkələri yalnız adanın cənubunun müstəqilliyini tanıyıb. Nəticədə ŞKTC-yə qarşı ədalətsizlik indiyə qədər aradan götürülməyib. ŞKTC-yə olan münasibət Avropanın Türkiyəyə adekvat münasibətinin göstəricisidir. Təəssuf ki, Türkiyənin NATO ilə münasibətləri mehriban düşmənçiliyi xatırladır. Buna səbəb Türkiyə prezidenti Ərdoğanın müsəqil siyasət yürütməsidir. Avropanın  Türkiyəyə münasibətdə qeyri-adekvat siyasəti Qərbin uzun müddət Osmanlıya münasibətinin göstəricisidir. Türkiyənin 1987-ci ildən başlayaraq Avropa Birliyinə üzv olmaq üçün etdiyi müraciətlərə birliyin məhəl qoymaması məhz bu amillərlə bağlıdır. Zamanında Türkiyənin baş naziri olmuş xanım Tansu Cillər “Cənablar, AB xristian dövlətlərinin ittifaqıdır və bizi burda görmək istəmirlər” ifadəsi ilə qiymət verib. Bir sözlə, ŞKTC-yə göstərilən ədalətsiz münasibət Avroittifaqın Türkiyəyə sərgilədiyi ədalətsiz yanaşmanın davamıdır. Məsələnin kökündə həm də xristian amili dayanır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla