AZ

Ayısəsinin təbiəti

Ayısəsi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşkənd rayonunda kənddir. 1988-ci ildə kəndin sakinləri ermənilər tərəfindən deportasiya olunub və kənd hal-hazırda işğaldadır. Kəndin füsunkar təbiətindən bəhs edəcəyəm.

Kəndin florası çox zəngindir. Dağlarda yolotu, gicitkan, çiriş, əvəlik, ələyiz, cacıq, qazayağı, çıldırım, şıppırt, quzuqulağı, baldırğan, yelmik, çaşır, kortum, kəklikotu, çöl soğanı, çöl vəzərisi, yarpız, qokkiliy, ağ və qalın göbələk bol idi. Gicitkan, çiriş və yolotundan həm ləziz kətə hazırlanardı, həm də qovrulub yeyilirdi. Əvəlik və ələyiz pencərini qurudub hörərək qışa saxlayardılar ki, omac aşı, çəkmə aşı, əriştə kimi dadlı xörəklər hazırlasınlar. Şıppırtı da qurudub qışa saxlayardılar. Əvəlik qaynadılıb yumurtayla da qovrulurdu. Çıldırımın kökü yeyilirdi. Baldırğandan turşu qoyulurdu və çiçəyindən dovğa da bişirilirdi. Quzuqulağı və yelmik duzla yeyiləndə dadlı olurdu. Kortum yetişəndə özəyini soyub yeyərdilər. Qokkiliy turpa bənzəyirdi, başını soyub yeyirdilər. Ətirli kəklikotundan çay dəmlənirdi. Yarpız suyun qırağında və quru yerdə olurdu, quru yerdə yetişən yarpız daha keyfiyyətli olurdu və yığıb dovğasını hazırlayırdılar.

İtburnu, zirinc, əppəyli, qaraca,  dağdağan, quş alması, çöl armudu da bol idi. İtburnu atamgilin evinin üst tərəfində yetişirdi, şirəsi hazırlanır və çayı da dəmlənirdi. Çöl armudunu otun arasında saxlayıb qışda yeyirdilər. Yazda zirincin yarpağı yeyilirdi. Qaraca əvvəl qızarırdı, qaralana doğru yeyilirdi. Yazda dağlarda lalə, bənövşə, nərgiz göz oxşayırdı. Qızıl ala balıq çaylarda çox olurdu, başqa yerlərdən də gətirib çaya buraxırdılar ki, bol olsun. Evlərdə inək, qoyun, keçi və s. saxlayırdılar. Meşələrdə ayı, çöl qabanı, dağ keçisi, sığırçın, çil, bildirçin, şanapipik, ağacdələn çox idi.

Ayısəsinin dağının, çayının, bulağının da gözəlliyi və özəlliyi var. Ağ bulağa Südlü bulaq da deyilirdi. Suyu süd kimi idi. Dik yoldan Dinməz suya gedirdin, Şiş qayada oradadır. Dinməz suda Turş su da var, qazlı olduğu üçün içmək olmurdu.  Dinməz suda süfrə açıb yemək də yeyərdilər. Dinməz suya gedəndə görürdün ki, daşlarda qazanın arxasının, atın nalının izi var, buraya bayda dalı deyilirdi. Ayıölənə dağdan suların gətirdiyi daşları daban daşı kimi də işlətmək olurdu.

Ayısəsi deyəndə Tələ meşəsi, Qalon yurdu, Təzəyli, Kürdün yurdu, Dərə yer, Taxtalar, Uzunlar,  Baş yol, Orta yol, Ayaq yol, Pənahın yurdu, Ayı ölən, Ortaqlı, Demin düzü, Demin bulağı, Bağın armudları, Sənəmin armudu, Taharın armudu, Qabaq Kəfşən də yada düşür. Deyilənə görə, vaxtiykən kəndin girəcəyi- baş yoldan gələndə Gavın qəyəsində Torpaq yeyənin səngəri var idi, o buradan kəndi qoruyardı. Bu ona işarədir ki, kəndin tarixi qədim, təbiəti də zəngindir

Osman Əhmədzadə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla