AZ

Azərbaycanın konqresmen Kuellara 600 min dollar rüşvət məsələsini ermənilər düz-qoş edib...

Image

Məhərrəm Zülfüqarlı: “Bu məsələdə erməni lobbisindən bir vasitə kimi istifadə edilir”

ABŞ Ədliyyə Nazirliyi Texas ştatından olan demokrat konqresmen Henri Kuellara və onun həyat yoldaşı İmelda Kuellara qarşı ABŞ Konqresində Azərbaycanın maraqlarının lobbiçiliyi ilə bağlı rüşvət və sui-qəsd ittihamı irəli sürüb.

İttihama görə, 2014-cü ildən 2021-ci ilə qədər nümayəndə Kuellar və həyat yoldaşı Azərbaycanın nəzarətində olan enerji şirkəti və Meksika bankından təxminən 600 min dollar rüşvət alıblar. Bunun müqabilində Kuelların ABŞ Konqresində Azərbaycanın maraqlarını təbliğ etməyə razılıq verdiyi güman edilir.

ABŞ Ədliyyə Departamentinin iddianaməsində deyilir ki, xüsusilə Kuellar Azərbaycan üçün əlverişli qanun layihəsi üçün lobbiçilik etməli və Nümayəndələr Palatasının iclasında Azərbaycan lehinə çıxış etməli idi. İttihama görə, cütlüyə ödənişlər İmelda Kuellar və cütlüyün iki övladına məxsus “Shell Texas” şirkəti vasitəsilə həyata keçirilib. Şirkət bəzi strateji konsaltinq və bələdçilik xidmətlərinə görə “qondarma müqavilə” əsasında Azərbaycanın enerji şirkətindən ayda 25 min dollar alıb. 

Bütün bunlara baxmayaraq, konqresmenlə bağlı ittihamların arxasında ABŞ-dakı erməni lobbisinin dayanması ilə bağlı ehtimal böyükdür. Çünki bir sıra məsələlər ard-arda baş verir. Məsələn, erməni lobbisinin təşəbbüsü ilə Azərbaycanın 44 məmurunun qara siyahıya salınması məsələsi qaldırılıb. Daha sonra Konqresdə 66 ermənipərəst konqresmen Ermənistana üst-üstə 200 milyon dollar yardımın edilməsi təşəbbüsü ilə çıxış edib. O baxımdan konqresmen Henri Kuelların 600 min dollar rüşvət almaqda ittiham olunması da Azərbaycana qarşı atılmış addıma bənzəyir. Erməni lobbisinin məqsədi ABŞ-da Azərbaycanın dayaqlarını sarsıtmaqdır.

“Müasir dövrdə Azərbaycan qalib dövlət kimi Rusiya ilə özünün münasibətlərini normal saxlamaqla öz dövlət...” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix üzrə fəlsəfə doktoru, professor Məhərrəm Zülfüqarlı prinsipcə bunu istisna etmədi: “Əvvəla, lobbiçilik dünya praktikasında yayılmış bir şeydir. Lobbi sözü dəhliz deməkdir. Yəni dəhlizdə çay, kofe içə-içə insanların işgüzar söhbətlər aparmasına tarixən lobbiçilik deyilib. İndi də bu proses davam edir. Bəzən lobbi məsələsini elə qələmə verirlər ki, guya bu, qanun pozuntusudur və s. Bu, belə deyil. Lobbi dünyada, xüsusən də Qərb ölkələrində normal qəbul edilir. Məsələn, hansısa kiçik və orta sahibkarlar hansısa qanunun qəbul olunmasında maraqlıdılarsa, onlar xüsusi insanlar vasitəsilə təbliğat, danışıqlar aparırlar. Nəticədə bu qanun qəbul olunur. Konqresmen Henri Kuellarla bağlı rüşvət məsələsinə gəldikdə isə, bu, əsasən indiki dövrdə Azərbaycanla Birləşmiş Ştatlar arasında olan münasibətlərdən doğur. Yəni Azərbaycan-ABŞ münasibətlərində bir qədər sərinlik yarandığına görə, o cümlədən Avropa Şurasi ilə Azərbaycan münasibətlərində müəyyən soyuqluq hökm sürdüyünə görə belə vasitələri ortaya atırlar. Fikrimcə, bu, əsasən sadaladığım məsələlərlə bağlıdır. Müasir dövrdə Azərbaycanın qalib dövlət kimi Rusiya ilə özünün münasibətlərini normal saxlamaqla öz dövlət maraqlarına uyğun siyasətini davam etdirməsi Qərbin maraqlarına uyğun deyil. Ona görə də belə vasitələrə əl atırlar. Yoxsa belə bir məsələnin erməni lobbisinin gücü daxilində olduğunu düşünmürəm. Bu məsələdə erməni lobbisindən bir vasitə kimi istifadə edilir. Erməni lobbisi da yaranan fürsətdən Azərbaycana qarşı maksimum istifadə etməyə çalışır. ABŞ Azərbaycana təzyiq üçün bu vasitələrdən istifadə edir. Ümumilkidə, erməni lobbiçiliyi ilə məşğul olanlara nə Avropa İttifaqında, nə ABŞ Konqresində güldən ağır söz deyən yoxdur. Əksinə, dövlət səviyyəsində bu məsələyə dəstək var. Bu da onu göstərir ki, Ermənistan daim marionet bir rejim olub. İndi də Rusiyanın təsir dairəsindən çıxmağa çalışan Ermənistanı Qərb ölkələri öz marionetinə çevirmək istəyir. Ona görə də onların lobbiçiliyinə dəstək verirlər. Azərbaycanın haqq işinə dəstək verənlərə qarşı bu cür təzyiqlər var”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla