Azərbaycanda "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsində süni
torpaq sahələrinin
yaradılması haqqında” qanun layihəsi müzkirə edilir.
Qanun layihəsi artıq ikinci oxunuşdan keçib.
Bəs adaların yaradılması Xəzər üçün hansı risklər
yaradır?
Deputat Rüfət Quliyev bildirib ki, bu qanun layihəsi
böyük bir layihədir.
"Bu böyük, dünyəvi bir layihədir. Yeni texnologiyalar
istifadə olunacaq, amma təbiidir ki, bu layihənin hansısa bir smetası
olmalıdır. Ən böyük müsbət cəhət odur ki, bu layihə Azərbaycanda turizmin
sürətlə inkişafına töhfə verəcək”, - deputat deyib.
Quliyev qanun layihəsinin müzakirəsi zamanı qeyd
edib ki, süni torpaq sahələrinin yaradılması üçün torpaqları hardan əldə edəcəyik,
hələ məlum deyil.
İqtsadçı Akif Nəsirli hesab edir ki, Xəzər
dənizində bir neçə süni ada yaradılarsa, Azərbaycan bundan yalnız udacaq.
"Belə layihələr turistik baxımdan nəzərdə
tutulur. Dövlət olaraq bizim itirəcəyimiz
hər hansı bir şey yoxdur. Çünki bu layihənin dövlət büdcəsi hesabına icra
edilməsinə ehtiyac yoxdur. Bu addımı atan sahibkar da orada uğur qazanmasa, öz vəsaiti hədər gedəcək. Elə ona görə də, Azərbaycan üçün riskli addım
deyil. Gəlirli sahəyə çevrilsə, sahibkar büdcəmizə vergi verəcək. Burada yoxdan
torpaq yaradıb dövlət mülkiyyəti hesab etmək ədalətsizlikdir. Bu bəri başdan qanun
layihəsinin ölü doğulması kimi bir şeydir. Azərbaycanın daxilində olan
investorların buna maraq göstərəcəyinə inanmıram. Bu işə xarici investorlar
maraq göstərə bilər”, -
iqtisadçı söyləyib.
Ekoloq
Telman Zeynalovun sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin düşməsi ilə
ərazilər sudan azad olacaq, bununla da şoran torpaqlar artacaq.
O
eyni zamanda vurğulayıb ki, Xəzərin real vəziyyətini heç kəs öyrənə bilməyəcək. Mingəçevirdə balıq yetişdirmək üçün sahildə inşa edilən zavodlar kimi bu adalar da suyun altında qala bilər.
Ekoloq
Ənvər Əliyevin fikrincə, Xəzərdə ada yaradaraq Bakıda əhali sayının artırılması
heç bir nəticə verməyəcək, əksinə insan sayının artması ilə tullantılar
artacaq.
"Azərbaycanda
10 milyon əhali var, onun 20%-i xaricdədir, qalan 5 milyonu da Bakıda yaşayır. Bakı əhalisinin artması tullantıları artacaq, onu təmizləmək lazımdır. Bu
qədər pulla o işləri orda görmək elə də vacib deyil”, - ekoloq deyib.
Azərbaycan Dövlət Dəniz Akademiyası Dəniz
Coğrafiyası və Hidrotexniki Qurğular kafedrasının müdiri, professor Əmir Əliyev bildirib
ki, aparılan hesablamalara görə, 2050-ci ilə qədər dənizin səviyyəsi qalxacaq, ona
görə də burada uzunmüddətli hər hansı layihənin icra edilməsi uyğun deyil.
Onun
sözlərinə görə, hazırda Xəzər dənizinin səviyyəsi enmə mərhələsindədir.
"Xəzərin
səviyyəsi həmişə qalxıb enir. Hazırda Xəzər dəniz səviyyəsi enmə
mərhələsindədir. Bu enmə mərhələsindən sonra qalxacaq. Xəzərin səviyyəsi 1930-cu
ildən 1970-ci ilə qədər 2 metr aşağı düşüb, 1970-ci ildən 1995-ci ilə qədər 2
metr yarım qalxıb, 1995-ci ildən bu günə qədər 2 metr aşağı düşüb. O ki, adalar
düzəldib bura torpaq gətirirlər 20 ildən sonra Xəzər qalxanda su altında qalacaq.
Ona görə də Xəzərin sahilində belə obyektlər
tikmək olmaz. Bizim hesablamalarımıza görə, təxminən 2050-ci ilə qədər
Xəzərin səviyyəsində qalxma müşahidə olunacaq. Son 4 000 il ərzində müəyyən olunub
ki, Xəzərdə 8 belə periodik hadisə var. 250 il təxminən səviyyə düşür 250 il
isə qalxır. Axırıncı ən yüksək səviyyə 1805-ci ildə olub. 1978-ci ildə Xəzərin
səviyyəsi qalxanda Azərbaycanın sahil zonasında 1000 ha ərazi su altında qaldı.
Buna görə də Xəzərin qayda-qanunlarını bilib ona uyğunlaşmaq lazımdır.
Bundan
öncə qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib
ki, süni adaların yaradılmasında dövlət banklarının iştirakına qanunla icazə
verilməməlidir. O Qaradağda inşa edilən belə layihənin yarımçıq qalmasına
diqqət çəkərək vurğulayıb ki, layihəni hazırlamaq istəyən şəxs maliyyə
durumunu rəsmi şəkildə açıqlamalıdır.
Həsənquliyev həmçinin
süni adalar yaradılandan sonra onun dövlət mülkiyyətinə keçməsini doğru addım
saymadığını da əlavə edib.
Deputat Tahir Mirkişi
cavab olaraq söyləyib ki, Su Fonduna tabe olan mülkiyyətlər dövlət mülkiyyəti
sayılır.
Bununla yanaşı deputat Siyavuş
Novruzov deyib ki, süni torpaq sahələrinin yaradılması haqqında
yeni qanunda investorlara güzəştlərin edilməsinə ehtiyac var.
Deputat Nurlan Həsənlinin fikrincə isə, bu qanun iqtisadiyyatın inkişafına yönəlib və daha çox
turizmin inkişafına xidmət edəcək.
Deputat Tahir Mirkişi də
vurğulayıb ki, bu qanun ərazidə mülkiyyətin tikilməsi üçün nəzərdə tutulub.
Gələcəkdə ehtiyac olarsa, həmin sahibkarların vergilərdən azad olunması məsələsinə baxıla bilər.
Deputat Aydın Hüseynzadə
isə süni torpaq sahələrinin yaradılmasını bahalı layihə hesab edir.
Onun sözlərinə görə, sahildə olan torpağın dəyəri ilə adada olan ərazilərin qiyməi arasında
kəskin fərq olacaq. Baha olduğu üçün turistləq adada tikilən otelə deyil sahildə yerləşənlərə üstünlük verəcək.
"Odur ki, bir ada düzəldib sahil zolağında dağları uçurmağa dəyərmi?", - Hüseyzadə əlavə edib.
Dünya praktikasında dənizdə belə adaların yaradılması presedenti yaradılıb. . Belə ki, 12 ölkə ərazisində belə süni adalar yaradılıb. Bura Montoneqro, Fransa, Peru, Danimarka, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr daxildir.
Aygün Mirakif
www.anews.az