AZ

COP29 ərəfəsində dünya üçün iqlim dəyişikliyinin fəsadları güclənir...

Image

Dünyada iqlim dəyişikliyinin fəsadları hər keçən gün özünü daha qabarıq büruzə verir. İqlim dəyişikliyi indi bütün dünyanın qarşısında danılmaz bir reallıq kimi dayanır.

Qalıq yanacaq istifadəsinin yayılması və bunun nəticəsində atmosferə atılan istixana qazlarının artması dünya temperaturunun yüksəlməsinə səbəb olub. Qlobal temperaturun artması üzündən hava şəraiti dəyişib - ekstremal hava hadisələri və təbii fəlakətlər daha tez-tez baş verir. Meşə yanğınları, sel, tufan, torpaq sürüşməsi, quraqlıq kimi hadisələr çoxalıb. Hətta iqlim dəyişikliyi zəhərli ilanların həyat tərzinə də təsir edir. Bu barədə tədqiqatın nəticələri “Lancet” nəşrində dərc olunub. Məqalə müəllifləri bildirirlər ki, iqlim dəyişikliyi ilanların miqrasiyasını sürətləndirir. Buna görə də, əvvəlki illərdə ilan olmayan ərazilərdə indi gürzə və kobralara rast gəlinir. Bu da ilansancma hallarının artması ilə nəticələnir. Bir çox ölkə bu vəziyyətə hazır deyil.

Qlobal istiləşmə və iqlim dəyişikliyi nəticəsində  qasırğalar, quraqlıqlar və daşqınlar kimi ekstremal hava hadisələri daha tez-tez baş verir. Bu hadisələr qida və su təhlükəsizliyinə, quraqlıq və ekstremal hava hadisələri olan regionlarda mənimsəmə münaqişələrinin artmasına səbəb olur. İqlim dəyişikliyi insan sağlamlığına təsir edərək  xəstəliklərin artmasına, başlıca olaraq, qan-damar, tənəffüs problemlərinin yaranmasına, onkoloji xəstəliklərin, anadangəlmə patologiyaların artmasına, infeksion  və sahib orqanizmlər vasitəsilə xəstəliklərin yayılmasına səbəb olur. Bundan əlavə, temperaturun yüksəlməsi və yaşayış yerlərinin dəyişməsi, bir çox bitki və heyvan növlərini təhdid altında saxlayır. Bu, biomüxtəlifliyin itirilməsinə və  ekosistemlərin tarazlığının pozulmasına  səbəb olur. ABŞ kosmik agentliyi olan NASA-nın rəhbəri Bill Nelson bildirir ki, peyklər dünyanın hər yerindən alimlərə iqlim dəyişikliyini öyrənmək üçün məlumatlar ötürür, eyni zamanda, getdikcə daha çox metan sızması kimi istixana qazı emissiyalarının mənşəyini müəyyən edir: “Təbii qazın əsas komponenti olan metan karbon qazından sonra qlobal istiləşməyə ən böyük töhfə verən ikinci amildir. Alimlər indi peyklər tərəfindən toplanan məlumatlardan istifadə edərək böyük metan sızmasının mənşəyini dəqiq müəyyənləşdirə bilərlər. Metan qazı karbon dioksidlə müqayisədə qlobal istiləşmənin daha güclü təhrikçisidir, çünki atmosferdə daha çox istilik tutur”.  Ümumdünya Meteorologiya Təşkilatının baş katibi, professor Petteri Taalas qeyd edir ki, ekstremal hava hər gün insanların həyatını və dolanışıq vasitələrini pozur, hər kəsin erkən xəbərdarlıq xidmətləri vasitəsilə qorunmasını təmin etmək üçün təcili ehtiyacını vurğulayır. İstiləşmənin gələcəkdə də davam edəcəyi gözlənilir, bu dəyişiklik əsrlərdən minilliklərə qədər zaman miqyasında geridönməz prosesdir. Bütün məlumatlarda göstərilir ki, okeanların istiləşmə sürəti son iyirmi ildə xüsusilə dramatik şəkildə artıb. Şimali Amerikanın qərbində və Avropa Alp dağlarında buzlaqlar həddindən artıq ərimə mövsümünü yaşayıb. İsveçrədə buzlaqlar son iki ildə qalan həcminin təxminən 10 faizini itirib. Ekstremal hava və iqlim hadisələri bütün məskunlaşmış qitələrə böyük təsir göstərib. Bunlara böyük daşqınlar, tropik tsiklonlar, həddindən artıq istilik və quraqlıq, həmçinin onların səbəb olduğu meşə yanğınları daxildir.

Bunlar fonunda Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi 2049-cu ilə qədər qlobal iqtisadiyyata ildə 38 trilyon dollara başa gələ bilər. Qeyd olunub ki, bu səbəbdən qlobal iqtisadiyyat 19% kiçilə bilər. İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanıb. Əsas təhlükə təbii fəlakətlərin - meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir. Materialda həmçinin Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən ən ciddi problemlərlə üzləşəcəyi bildirilib. Hazırda bu qəbildən olan problemlərə Azərbaycan xüsusi diqqət cəlb edir. Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin ölkəmizə həvalə olunması da bu mənada təsadüfi deyil. Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə ciddi töhfə vermək niyyətindədir.  Məsələn, “yaşıl enerji”nin inkişafı və onun dünya bazarlarına çıxışı hazırda Azərbaycanın enerji siyasətinin prioritetidir. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Həmçinin, ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığı təşviq edəcək. Dünyada hər kəs gündəliyimizin yaşıl enerji ilə bağlı olmasını bir daha görəcək. Bunlar fonunda rusiyalı ekspert Arseni Mitko qeyd edir ki, Azərbaycanın böyük “yaşıl enerji” potensialı var: “Bunun üçün ilkin şərtlər ölkədə bərpa olunan təbii mənbələrdən elektrik enerjisi istehsalı üçün böyük potensialın olması kimi amillər idi. Günəş enerjisini, demək olar ki, bütün ölkə ərazisində əldə etmək olar və külək enerjisindən istifadə baxımından ən perspektivli sahələr Xızı, Xəzər, Abşeron, Qobustan rayonları, eləcə də Bakı sayılır. Xəzər dənizində dəniz və külək stansiyalarının yaradılması ehtimalı var. Külək və günəş elektrik stansiyaları, emissiyaların azaldılması, meşələrin bərpası, elektrik və hidrogen nəqliyyatının inkişafı - bütün bunlar böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, bu məsələdə elektrik enerjisi istehsalının ənənəvi üsullarından ekoloji cəhətdən təmiz üsullara sürətli keçid mümkün deyil. Hesab edirəm ki, enerji mənbəyi kimi neft, qaz və kömür dərhal silinməyəcək. Onlar hələ də qalacaqlar, onlara ehtiyac davam edəcək. Ona görə də Azərbaycan ağlabatan proporsiya və real tempi saxlamaqla ənənəvi üsullardan yeni üsullara rəvan keçid strategiyasını qəbul edib. Belə ki, əvvəllər işğal olunmuş və hazırda işğaldan azad edilmiş ərazilərdə bütün infrastrukturu sıfırdan bərpa etmək, faktiki olaraq yaratmaq lazımdır və bu bərpa artıq ən müasir, “ağıllı” texnologiyalar əsasında aparılır. Məhz bu bölgələr təmiz enerji zonası elan edilib. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan təbii mənbələrdən elektrik enerjisi istehsalı üçün böyük potensial mövcuddur. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli günəş enerjisi ilə zəngindir; Kəlbəcər və Laçın güclü küləkləri ilə tanınır. Təbii, dağ çaylarının - Tərtərçay, Bazarçay, Həkərinin enerji yaradan potensialını xüsusi qeyd etmək yerinə düşər ki, bu da atmosferə zərər vermədən elektrik enerjisi istehsalına öz töhfəsini verəcək”.

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
303
36
Mənbələr
Şərh ()
Bağla