AZ

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İbrahim Quliyevin rəhbərlik etdiyi Avropa Komissiyasının Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin iştirakı ilə azərbaycanlı alim və mütəxəssislərin beynəlxalq layihələrə cəlb edilməsi üzrə AMEA-nın Rəyasət Heyəti Aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsi tərəfindən təşkil edilən tədbirlər müsbət nəticələr verir. Bu istiqamətdə Avropa Komissiyasının əhəmiyyətli proqramlarından biri olan COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə göstəricilər xüsusilə fərqlənib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, yaxın qonşu ölkələrin COST fəaliyyətində iştirakı üzrə vəziyyətin, tədqiqat və innovasiya əlaqələrinin gücləndirməsinin müzakirəsi məqsədilə Brüsseldə toplantı keçirilib. Tədbirdə COST fəaliyyəti üzrə milli əlaqələndirici şəxs (MƏŞ) - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü, Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov iştirak edib. COST rəsmiləri tərəfindən ölkələr üzrə iştirak göstəriciləri təqdim edilib. Azərbaycanlı alim və mütəxəssislərin bu proqramda iştirakının layihələrin və bu layihələr çərçivəsində nəşr olunmuş kollaborativ məqalələrin sayına görə ilk yerdə olduğu diqqətə çatdırılıb. Belə ki, 2019-cu ildə Azərbaycan bu layihələrdə 4 iştirakçı ilə təmsil olunurdusa, 2023-cü ildə bu göstərici 176 olub. Son illərdə ümumilikdə 80 layihədə Azərbaycanın iştirakı qeydə alınıb, onlardan 67-si davam etdirilir. 2014-2024-cü illərdə COST proqramı çərçivəsində həyata keçirilən layihələr üzrə Azərbaycanlı alim və mütəxəssislərin həmmüəllifliyi ilə 50-dən çox məqalə yüksək impakt fakorlu jurnallarda dərc edilib və bu göstərici üzrə Azərbaycan Mərakeş, Liviya, Misir və digərlərindən üstünlük təşkil edərək birinci yerə yüksəlib.

Azərbaycanlı MƏŞ İlham Hümbətov ölkə üzrə belə müsbət dinamikanın əldə edilməsinə dair təcrübəni bölüşüb. Qeyd edilib ki, Azərbaycanın müxtəlif elm, təhsil və səhiyyə müəssisələrində, dövlət və özəl qurumlarında Horizon proqramı üzrə təşkil edilən bütün məlumat günlərində, seminar və vebinarlarda COST fəaliyyətinə xüsusi yer ayrılır. Bu proqrama qoşulmaq üzrə təlimatları əyani nümayiş etdirmək üçün AMEA-nın Rəyasət Heyəti Aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsi və onun iştirakı ilə videomaterial hazırlanıb və AMEA-nın rəsmi səhifəsi və sosial şəbəkələr vasitəsilə yayılıb, həmçinin bütün müraciət edənlərə ünvanlanıb. Bununla yanaşı, Avropa Komissiyasının COST Assosiasiyasının ekspertlərinin iştirakı ilə Azərbaycanın alim və mütəxəssisləri üçün bir dəfə Bakıda, bir dəfə isə onlayn tədbir keçirilib.

Toplantıda, həmçinin Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasında assistent, tibb üzrə fəlsəfə doktoru, Səhiyyə üzrə MƏŞ Püstə Orucova COST layihələrində iştirak üzrə təcrübəni təqdim edib, bu proqram çərçivəsində əldə edilmiş nəticələri iştirakçıların diqqətinə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla