AZ

“Hələ Azərbaycana qayıtmağı düşünmürəm”

Azərbaycan çempionatı həlledici mərhələyə qədəm qoyub.

“Football-plus.az” xəbər verir ki, Avropa kuboklarına vəsiqəyə iddialılarımız və onların azarkeşləri hər turdan əvvəl və sonra özü üçün turnir cədvəli qurur, bəzən xəyallarda da dalırlar. Bolqarıstan çempionatında da 31-ci turun oyunları arxada qalıb. Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan “Arda” uğurlu çıxışla diqqəti cəlb etməyi bacarır. Yığmamızın müdafiəçisi Cəlal Hüseynovun da formasını geydiyi Kırcali komandası 40 xalla Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan 4 kollektiv arasında üçüncü yerdə durur.  

Maraq üçün bildirək ki, "Arda"nın Bolqarıstanın yüksək liqasında çempioluq kimi uğuru yoxdu. 2021-ci ildə komanda elitada 4-cü yeri tutub, ölkə kubokunun finalçısı olub. 2021/22 mövsümündə Konfrans Liqasında iştirak edib. Bu, hələ ki kırcalilərin ən böyük uğuru sayıla bilər. "Arda" 2-ci təsnifat mərhələsində İsrailin "Hapoel” (Beer-Şeva) klubuna hər iki oyunda uduzaraq (0:4, 0:2) mübarizəni dayandırıb. Komanda ötən mövsümü 8-ci yerdə tamamlayıb. Cari mövsüm üçün "Arda"nın hədəfi mümkün qədər yüksək yer tutaraq avrokuboklara qatılmaqdı. Ötən yay “Zirə”dən bu kluba transfer olunan futbolçu son vaxtlar əsas heyətdə daha çox şans qazanır. Etimadı doğruldan həmyerlimizin bir çox başqa klubdan təklif aldığı deyilir. Bəs Cəlal son bir ildə Azərbaycandan fərqli hansı yeniliklər görüb, təcrübəsinə təcrübə  qata bilibmi? Ümumiyyətlə, iki ölkənin çempionatları arasında hansı fərqləri görür?

- Bolqarıstan çempionatında 31 turu geridə qaldı. İlk dəfə çıxış etdiyin klubla avrokuboklara vəsiqə qazanmağa yaxınsız...
-Bəli, bu, komandayla ilk uğurum olacaq. İnşallah, bacara biləcəyik. Təbii ki, özümüzdən aslıdı. Burda oyunlar fərqli formatda gedir. Hər komandayla iki dəfə oynadıq, indi pley-offlar davam edir. Komandamız 7-ci yeri tutmaq üçün 10-cu yerə qədər olan rəqiblərlə qarşılaşacaq. Yəni 4 komanda öz arasında iki dəfə - evdə və səfərdə qarşılaşacaq. Biz isə “ÇSKA 1948” ilə bir oyun keçirmişik. 9-cu yerdəyik, yəni dördlükdə üçüncüyük. Sonda 7-ci yeri tutmalıyıq ki, turnir cədvəlində 4-cü yerlə bir oyun oynayaq. Qalib gələ bilsək, onda Avroliqaya yollanacaq, məğlub olsaq, sadəcə, 7-ci yeri tutacağıq. Qarşıda 5 matçımız var ki, hamısında şansımız böyükdü. Bu həftə 10-cu yerdə olan “Slaviya” ilə görüşürük və xal almaq ehtimalımız daha çoxdu. Əsas məqsədimiz 7-ci yeri tutmaqdı ki, 4-cu yerlə həlledici oyun keçirək.

 - Son oyunlarda səni meydanda daha çox görürdük, amma ötən tur belə olmadı. Əsas heyətdə şans verilmədikdə inamsızlıq yaranır?
- Demək olar ki, əsas heyətin üzvüyəm. Son oyunlarda 90 dəqiqə meydanda oluram. Düzdü, ötən dəfə sonradan meydana çıxaraq 20 oynadım. Yeni gəldiyim zamanlarda bu kimi çətinliklər olmuşdu. İndi isə hər şey qaydasındadı. Özümü həm meydanda, həm də düşərgədə daha inamlı hiss edirəm.

 - Bolqarıstan çempionatı ilə Azərbaycan çempionatı arasında nə kimi fərqlər var? Vətən üçün darıxdığın vaxt olurmu?
- Çempionatları qarşılaşdırsaq, “Qarabağ” istisna olmaqla qalanlar bir-biri ilə rəqabət apara, məğlub edə bilir. Burda da eynilə elədi. Düzdü, görürəm ki, “Qarabağ” son turlarda məğlub olur. Məsələn, biz “Ludoqorets”lə səfərdə oynayanda, ilk 10 dəqiqədə üç şansımız vardı, amma yararlana bilmədik. Sadəcə, burda güclü komandalar daha çoxdu. Üç-dörd klub var ki, onları məğlub etmək çətindi. Əsas fərq isə komandaların  çoxluğundadı (Bolqarıstan elitasında 16 komanda oynayır – red.) ki, buna görə futbolçuların sayı da kifayət qədərdi. Mübarizənin gərginliyini nəzərə alsaq, hər turda sürpriz nəticələr baş verə bilir. Bir qədər daha gücə dayanan çempionat keçir. Darıxmaq hissi ilk vaxtlarda, yəni az şans veriləndə olurdu. Bunu bura gəlməmiş də bilirdim. Ona görə də özümü bu kimi şeylərə hazırladım. Əsas də o periodlarda özümu çox sıxmadım və öhdəsindən gəldim. İndi özümü daha rahat hiss edirəm.

 - Azərbaycan çempionatını izləyirsənmi? Sabiq komandan “Zirə”nin çıxışlarını necə dəyərləndirirsən?
- Bəli, çalışıram ki, yerli çempionatı izləyim. Bütöv izləməyə vaxtım olmasa da, icmalların hamısına baxram. “Zirə” yaxşı formadadı, məncə, Avroliqaya vəsiqə qazanacaq. Kubokda da nəticələri, çempionatdakı performansı ilə bunu əminliklə demək olur. Ötən turda uduzmasına baxmayaraq, bu yolda ən şanslı komandadı.

- Azərbaycanlı fitbolçulara Bolqarıstanda legioner həyatı yaşamağı tövsiyə edərdinmi?
- Futbolçularımızın hamısına legioner həyatı yaşamağı arzulayıram. Nə qədər bacarırlarsa, bunu tez yaşasınlar. Bolqarıstan çempionatından Avropa klublarına keçmək ehtimalı daha böyükdü. Gördüyüm neçə futbolçu var ki, maraq cəlb edərək, tanınmış komandalara transfer olunublar. Bir tramplin kimi istifadə etmək üçün yaxşı ölkə və çempionatdı. Hansı ki, özünü daha da inkişaf etdirə və səviyyəli yerlərə gedə bilərsən. Burdakı legioner həyatı növbəti addımlarında təcrübə qatır. Ona görə yaxşı yerdi futbolçu gəlib özünü göstərərək, daha yaxşı yerlərə gedə bilər.

 - Bir neçə klubdan təklif aldığın deyilir. Azərbaycana qayıtmağı düşünürsən?
- Belə bir şey yoxdu. Nə mənə, nə də agentimə bu haqda məlumat gəlib. Yaxınlarım da hansısa klubla danışıq aparıb-aparmadığımı soruşurlar. Amma ortada real heç nə yoxdu. Hələ Azərbaycana qayıtmağı düşünmürəm. Qarşıdakı 5 oyuna köklənmişik. Sonra isə burda olacam, yoxsa başqa yerdə - onu zaman göstərəcək.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla