AZ

Ceyhun Sultanovun şirkəti 7 futbolçu ilə müqavilə bağlayıb

Ölkəmizdə iki yeni idman şirkətin yaradılması sevindirici xəbərdi.

Söhbət “Topsport Management” ilə “İQ Sports”dan gedir. Hər iki şirkətin yaradılmasında əsas məqsəd Azərbaycan futboluna və idmanın başqa növlərinə xidmət göstərməkdi. Adı çəkilən şirkətlərin rəhbər şəxsləriylə əlaqə saxladıq. Öncə “Topsport Management”in qurucusu Ceyhun Sultanov yeni yaratdığı şirkətin hədəf və prinsiplərindən danışdı:
“Şirkətimiz əcnəbi futbolçuların Azərbaycana gətirilməsi ilə məşğul olacaq və bu futbolçuların “Topsport Management”ə aid olması üçün çalışacaq. Bu ideyanın yaranması uzun çəkdi. Müəyyən bir müddət gözlədim ki, təklif gələr və hansısa klubda çalışaram. Amma indiki durumda mən də heç kimdən iş istəməmək üçün belə addım atdım. Çünki bizdə iş tapmaq üçün kiməsə ağız açmalısan. Mən də bunu etmək istəmədiyimdən şirkətimi qurmaq qərarına gəldim. Hazırda “Topsport Management”in 7 futbolçu ilə şəxsi müqaviləsi var. Çalışacağıq ki, bunu qısa bir zaman kəsiyində daha da artıraq. Ancaq sözsüz, bu heç də asan deyil və illər lazımdı. Hesab edirəm ki, şirkətimiz fəaliyyətə başladığı vaxtdan bəri daha böyük sürətlə işlər gedib. Lakin yenə də nə iş görürsən-gör, o işdə uğur qazanmaq üçün müəyyən zamana ehtiyac var. Başqa ölkələrdən futbolçu gətirmək və ya başqa ölkələrə futbolçu çıxarmaq yönündə işlərimiz davam edəcək. Amma bilindiyi kimi, bizim futbolçuları xaricə çıxarmaq çox çətindi. Hər halda, bu istiqamətdə əlimizdən gələni edəcək, var qüvvəmizlə çalışacağıq”.


Çoxunun “Neftçi”dən tanıdığı, vaxtilə klubun media və marketinq rəhbəri olmuş Rüstəm Allahverdiyev yenicə yaratdığı “İQ Sports”un fəaliyyəti haqda məlumatı detallı şəkildə bizlə bölüşdü:
“Yeni yaratdığımız “İQ Sports” media və marketinq agentliyidi. Bu agentlik sırf idman sektorunda, istər futbol klubları, istər federasiyalar, istərsə də nazirlik olsun və ya peşəkar, qeyri-peşəkar şəkildə idmanla məşğul olan tərəfdaşlar üçün həm media, həm də marketinq tərəfdən xidmətlər təklif edəcək. Media ilə əlaqələrin qurulması, media kommunikasiyaların yaradılması, mediada müxtəlif layihələrin həyata keçirilməsi, bir sözlə, media və ictimaiyyət ilə əlaqələrə daxil olan məsələlər, o cümlədən marketinqlə bağlı idman federasiyalarına və ya klublara marketinq strategiyasının yazılması, bu strategiyaların həyata keçirilməsi, sponsorların tapılması, onların komandalara cəlb olunması, əlaqələrin möhkəmləndirilməsi, işin davam etdirilməsi, müqavilə detallarının yerinə yetirilməsinə nəzarət və idman marketinqinə nələr daxildirsə, bu kimi şeylər bizim xidmətlərimizə daxildi. İdmançılara və məşqçilərə yeni imiclərinin qorunması, marka dəyərlərinin formalaşdırılması, onların reklam hüquqlarının qorunması, təmsil olunması və s. bu kimi məsələlər də “İQ Sports”un əsas istiqamət hədəflərindən biridi. Qısası, gələcək layihələr arasında həm media, həm də marketinq tərəfindən müxtəlif idman reklamlarının təşkili, agentliyin tərkibində hansısa proqramların hazırlanması da var. Xidmət sahələrini maksimum dərəcədə geniş seçməyə çalışmışıq. Klublarla danışıqlarımız gedir. Artıq dörd klub və bir federasiya ilə görüşümüz olub. Gələn həftə də görüşlərimiz var. Həmçinin Peşəkar Futbol Liqasıyla da görüşmüşük. Sağ olsunlar, ölkə kubokunun final oyunuyla bağlı reklam yerlərinin satılması məsələsində bizimlə əməkdaşlıq edəcəklər. Yüksək səviyyədə xidmət göstərməyə çalışacağıq. Hələ ki fəaliyyət göstərməyimiz heç bir ay deyil. İnşallah, ümid edirik ki, qısa zaman ərzində tanışdığımız, görüşdüyümüz klublara sponsorlar cəlb edəcəyik”.


KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla