AZ

Axşamdan qalmış çayı səhər içməyin!

Çay dəmlənəndən sonra ən geci 30-40 dəqiqə ərzində içib bitirilməlidir

Azərbaycan çay mədəniyyətinin geniş yayıldığı, çayın gündəlik ən çox istifadə olunduğu ölkələrdən biridir. Bildiyimiz kimi, respublikamıza çaylar həm müxtəlif ölkələrdən gətirilir, həm də bir neçə bölgəmizdə istehsal olunur. Ona görə də çeşidliliyin artdığı, lakin keyfiyyətin də bir o qədər aşağı düşdüyü bir dövrdə insanlara çay seçərkən hansı nüanslara diqqət yetirməli olduğu və onu necə istifadə etmələri maraqlıdır.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, çay insan orqanizminə enerji və gümrahlıq verir, yorğunluğu aradan qaldırır. Lakin çayın faydalarını görmək üçün onun istifadə qaydalarına əməl etmək lazımdır. Belə ki, çay ümumilikdə 10-15 dəqiqə müddətində dəmlənməli, daha sonra ən geci 30-40 dəqiqə ərzində içib bitirilməlidir. Bəzən insanlar 2-3 saatdan artıq, hətta axşamdan qalmış çayı belə səhər içirlər. Lakin bu, qətiyyən doğru deyil. Çünki çox qalan zaman çayın tərkibində bir çox maddələr yaranır ki, bu da insan orqanizminə fayda əvəzinə ziyan verir. Xüsusilə də ağız boşluğunda dişlərin saralmasına, həzm sistemində problemlərin yaranmasına, bağırsaq mikroflorasının pozulmasına gətirib çıxarır. Tövsiyə olunur ki, çay yeməkdən əvvəl xüsusilə də 15-20 dəqiqə öncə içilsin. Yeməkdən sonra isə çayı 45-50 dəqiqə gözləmək daha düzgündür. Çayın xüsusilə ət yeməklərinin ardınca içilməsi tərkibindəki vitaminlərin, mineralların və faydalı elementlərin düzgün şəkildə orqanizmə sorulmasının qarşısını alır.

Çay alarkən keyfiyyətinə fikir vermək lazımdır. Belə ki, keyfiyyətli çaylar yarpaqları iri və çox parlaq olmayanlardır. Belə çayların dəmlənərkən gec rəng verməsi onun təbii olduğunu göstəricisidir. Parlaqlıq isə onun qurudulma texnologiyasında və eyni zamanda tərkibində müəyyən əlavələrin olduğunu göstərir. Xüsusilə bir çox hallarda çayın həddindən artıq tez dəm alması və sürətli şəkildə tündləşməsi onun tərkibində boya maddələrinin çox olduğunu sübut edir. Belə çaylarda bir çox hallarda məhz kimyəvi boyalardan istifadə olunur ki, bu da insan orqanizmində müəyyən fəsadlar yarada bilər. Bir çox hallarda çayın uzun müddət keyfiyyətini itirməməsi üçün qutudan əlavə xüsusi falqalarda olan çayların alınması daha tövsiyə olunandır. Yaxşı olar ki, çay çox hava keçirən qabda saxlanılmasın. Çünki oksigenlə təmasda olduqca onun keyfiyyəti aşağı düşür. Digər bir məqam çayın şirniyyatla, südlə və yaxud digər şirinləşdirici, dadlandandırıcı maddələrdən istifadəsi ilə qəbul olunmasıdır. Belə ki, bu insan orqanizmində daha çox həzm sisteminə mənfi təsir göstərir. Eyni zamanda parçalanma prosesinin ləngiməsinə, qaraciyərin, mədəaltı vəzin yüklənməsinə səbəb olur. Xüsusilə hipertaniyadan əziyyət çəkən insanlar çayı bu formada qəbul etməməlidir. Lakin çayı dadlandırmaq üçün şirniyyat əvəzinə darçın, mixək, hil, nanə, cökə, kəklikotu, zəncəfil kimi ədviyyatlar və yaxud bitkilərlə qarışıq şəkildə dəmləyə bilərlər. Bu zaman çay daha dadlı və ətirli olur. Amma diqqət etmək lazımdır ki, insanın sadalananlardan hər hansı birinə allergik reaksiyası olmasın. Gündəlik praktik olan paket çaylara gəldikdə isə insanların belə məhsullardan uzaq durması məsləhətdir. Çünki bu məhsulların tərkibində tez rəng alması və uzun müddət xarab olmaması bir çox kimyəvi qatqı maddələri əlavə olunur. Bununla yanaşı, həmin paketlərin dağılmaması üçün tərkibinə müəyyən plastik hissəciklərdən istifadə olunur. Bu paketlər qaynar su ilə reaksiyaya getdikdə tərkibində bir çox kanserogen maddələr yaranır ki, bu da həmin çayı qəbul etdikdə insan orqanizmində bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Sayalı Abasova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla