AZ

“Böyük güclər” “Qafqaz evi”ndən niyə qorxurlar?

“Çağırılmamış qonaqlar”ın məkrli planları qəbuledilməzdir

Mövzuya əsas sualla giriş edək. Cənubi Qafqazda geosiyasi vəziyyətin gərginləşməsi, yeni münaqişə ocağının yaranması həmin ermənipərəst Qərbin, bütövlükdə, NATO blokunun maraqlarına cavab verirmi? Bəli, verir! Ən azı ona görə ki, onlar bölgədə suyu bulandırmaqla həm korporativ mənafelərini yeritməyə çalışır, həm də silah-sursat ticarətindən qazanc əldə edirlər. 

Məsələnin bundan heç də az önəmli olmayan tərəfi isə “böyük güclər”in özlərinin iştirakı olmadan Qafqazda, eləcə də dünyanın başqa bölgələrində problemlərin həllini görmək istəməmələridir. Bu prizmadan baxanda “Qafqaz evi” ideyasına qarşı ilk çıxanların Avropa İttifaqı, Fransa və ABŞ-nin olması təəccüb doğurmamalıdır.

Bəs qafqazlıların öz problemlərini yağlı vədlərinə inandıqları həmin kənar oyunçuların “ssenariləri”nə söykənərək, həll etmək cəhdləri nə ilə nəticələnir? Gürcüstan nümunəsi göz qabağındadır. Hər şey o qədər aydın, vəziyyət o dərəcədə çılpaqdır ki, əlavə şərhə də ehtiyac qalmır.   

Məsələyə məhz bu kontekstdən yanaşanda birmənalı şəkildə deyilməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “bölgədə sülh, dünyada sülh” çağırışı gec-tez bütün tərəfləri ortaq məxrəcə gətirməyə qadir ideyadır. Dövlətimizin başçısı bu fikri dəfələrlə vurğulayıb ki, bəzi kənar vasitəçilər yalnız öz məqsədlərini güdürlər, onlar yardım deyil, öz siyasi-iqtisadi maraqları naminə regiona müdaxilə etmək, “savaş tonqalına yenidən odun atmaq” istəyirlər. Fəqət, rəsmi Bakı artıq regional sülhün optimal variantını, real modelini ortaya qoyub. Bu modelin zəminində Cənubi Qafqazda sülhün və əmin–amanlığın kənar müdaxilə cəhdlərinin qarşısının qətiyyətlə alınması sayəsində əldə olunması prinsipi dayanır. Artıq bu reallıqla barışmağın zəruriliyini rəsmi İrəvan da anlayıb.

Sözümüz bir-birimizin boğazından keçir 

“Mən ötən ilin sonundan deyirəm ki, sülh müqaviləsi imzalamaq imkanı var idi. Ümid edirik ki, bu, prosesin çox tez başa çatdırılmalı olduğuna dair növbəti siqnaldır. Ona görə ki, erməni tərəfi bu istiqamətdə hərəkət edəcək və daim iş aparacaq”. Bu açıqlamanı erməni mediasına Ermənistan parlamentinin spikeri Alen Simonyan verib. Onun fikrincə, prosesin ləngiməsinə əsas səbəb tərəflər arasında sülh sazişinin müddəaları ilə bağlı fikir ayrılıqlarıdır. A.Simonyan fikir ayrılığının əsas nədən ibarət olduğuna dair sualı belə cavablandırıb: “Əslində heç bir prinsipial fikir ayrılığı yoxdur. Biz, sadəcə olaraq, bənd-bənd müzakirələrimizi davam etdiririk”.

A.Simonyanın açıqlamasının nikbin tonu bizə bir daha onu deməyə əsas verir ki, artıq İrəvan da Bakı ilə eyni mövqedən çıxış etməyə başlayıb və Qafqazda özəl və məkrli planlarını reallaşdırmağa çalışan kənar aktorlardan ümidini üzüb. Əslində, Ermənistan hakimiyyəti Azərbaycanın ona təkidlə anlatmağa çalışdığı bu çılpaq reallığı çoxdan qəbul etməli idi. Yenə gec deyil, necə deyərlər, ziyanın yarısından qayıtmaqda da fayda var. 

Qafqazlıların Qərbə inamı tükənib

Avropa İttifaqına üzv ölkələr arasında Macarıstan öz dəst-xətti ilə seçilir. Azərbaycanla dost və qardaşlıq münasibətlərini gündən–günə gücləndirməyə meyilli Budapeşt Cənubi Qafqazda sülhə və sabitliyə töhfələrini verməkdə davam edir. Əslində, Macarıstan hakimiyyətinin bu davranışı ABŞ, Aİ və Fransa üçün önəmli örnək rolunu oynamalıdır. Bu örnək Cənubi Qafqazda sülhü və sabitliyi sözdə dəstəklədiklərini bəyan edən və bunu təkrarlamaq vərdişləri yaranmış Vaşinqtona, Brüsselə və Parisə lazımdır. Onların bölgəyə yönəlik atdığı addımlar yeni savaş ehtimalının gerçəkləşməsinə yol açmaqdadır. Yəni, bu baxımdan, həm Ağ ev, həm də Aİ -nin rəsmi dairələrindən sülh çağırışları ilə bağlı səslənən bəyanatlar qətiyyən səmimi deyil və qafqazlılar onlara inamlarını itiriblər.

Ağ evdən verilən açıqlamaya görə, ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan arasında sülh prosesini birbaşa və daim nəzarətdə saxlamağa çalışır. Digər tərəfdən, məhz Antoni Blinkenin ABŞ, Aİ və Ermənistan arasında keçirilmiş və şübhəli nəticələrə malik ortaq Brüssel konfransının əsas təşəbbüskarı olması onun səmimiliyinə ciddi şübhələr yaradır. Əgər, Vaşinqton, doğrudan da, Cənubi Qafqazda sülhü və sabitliyi əsas prioriteti saysaydı, onda Brüssel konfransında Bakının da iştirakını təmin edərdi. Bunun tam əksinə olaraq, ABŞ Ermənistana açıq şəkildə dəstək verməklə, Azərbaycanı özündən narazı salmazdı.

Yuxarıda deyilənlərdən belə nəticə hasil olur ki, ABŞ, Aİ və Fransa kimi kənar aktorların Cənubi Qafqazda sülh prosesinə müdaxiləsinə yol verilməməsi Azərbaycan və Ermənistan arasında problemlərin həllinə münbit şərait yarada biləcək yeganə modeldir. Cənubi Qafqazda indi mövcud olan sülhü və sabitliyi hərbi yolla təmin edən Bakı bu sabitliyin kənar müdaxilələrlə pozulmasına, sülhə aparan yola “kötük diyirlətməsinə” qətiyyən imkan vermək niyyətində deyil.

Həlledici tarixi məqam

Hazırda Cənubi Qafqazda sülhün və sabitliyin davamlı olması üçün çox vacib addımlar atılır. Rəsmi Bakı israrla Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının məhz kənar vasitəçilər olmadan aparılmasına üstünlük verir. Bu həlledici tarixi məqamda iki ölkə arasında əldə olunan son anlaşma Azərbaycan hakimiyyətinin vasitəçilərdən imtina qərarının tamamilə doğru və effektli olduğunu isbatlayır. Məhz kənar vasitəçilərsiz, ikitərəfli danışıqlar sayəsində Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesində böyük irəliləyişə nail ola bildilər. 

İndi İrəvan da bu anlaşmanı Cənubi Qafqazda sülhə aparan önəmli nailiyyət kimi qəbul edir. Baş nazir Nikol Paşinyan Azərbaycanla delimitasiya anlaşmasına qarşı çıxan müxalif qüvvələri, radikal-revanşistləri müharibə tərəfdarı kimi ittiham edir. O, haqlı olaraq hesab edir ki, sülhə qarşı çıxanlar yeni savaşın baş verməsinə cəhd göstərənlərdir. Güman edirik ki, Ermənistan cəmiyyətində qüvvələr nisbətinin Paşinyanın xeyrinə dəyişəcəyini proqnozlaşdıranlar haqlıdırlar. 

Ermənistan parlamentinin sabiq vitse-spikeri, dünənə qədər baş nazirə müxalif mövqedə olan Ruben Rubinyan rəsmi İrəvanın mövqeyini dəstəkləyən açıqlama ilə diqqəti çəkib. O bildirib ki, delimitasiya prosesi Ermənistanın təhlükəsizliyi üçün həlledici amildir: “Mən delimitasiyadan sonra savaşın olmayacağına tam təminat verə bilmərəm. Ancaq ona əminəm ki, əgər, delimitasiya olmazsa, yeni savaş mütləq baş verəcək”.

Bəli, Bakı da yeni savaş istəmir və o, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin uğurla bitməsinə çalışır. Buna görə də sülh və delimitasiya proseslərinə kənar güclərin müdaxiləsinə imkan vermək niyyətində deyil. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistana kənar vasitəçi qətiyyən lazım deyil: “İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılıb. Buna hər hansı vasitəçi olmadan nail olunub”.

Bəzi kənar vasitəçilərin bölgədə ancaq öz məqsədlərini güddüyünü deyən dövlətimizin başçısı haqlı olaraq bildirib ki, “onlar yardım üçün deyil, özlərinin siyasi-iqtisadi maraqları naminə regiona müdaxilə etmək, “savaş tonqalına yenidən odun atmaq” istəyirlər”. 

Daha zaman o zaman deyil, reallıq da dəyişib. Cənubi Qafqazda bir daha avantürist, məkrli cəhdlərə qətiyyən imkan verilməyəcək. Bunu məlum güclərin diqqətinə çatdıran Prezident İlham Əliyev Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə bölgədə davamlı və ləyaqətli sülhə nail olunacağına əminliyini bildirib. Bu, uzun illər Cənubi Qafqaz üzərində çoxgedişli kombinasiyalar quran kənar aktorlara ünvanlanan kifayət qədər açıq və sərt mesaj sayılmalıdır. 

Prezident İlham Əliyev regional sülhün real modelini artıq dəqiqləşdirib. Bu, birmənalı şəkildə Cənubi Qafqaza kənar müdaxilə cəhdlərinin bloklanması sayəsində reallaşa bilər. Bəli, “Qafqaz evi”nin sakinləri qapılarını “çağırılmamış qonaqlar”ın döyməsini arzulamırlar. İndi Bakının timsalında qafqazlılar buna cəhd edənlərin “dəmir” qapılarını özləri sındırmağa qadirdirlər. 

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi

– Azərbaycan heç kəsdən asılı olmayan müstəqil dövlətdir. Əlbəttə, Bakı bütün ölkələrlə ikitərəfli əməkdaşlığı qarşılıqlı maraq prinsipinə əsasən qurur. Belə münasibətləri, ilk növbədə, qonşuları ilə formalaşdırmaq istəyir. Amma o qonşu ki, Azərbaycana qarşı yanlış və təxribatçı siyasət yürüdür, əlbəttə ki, cavabı verilməlidir. 

İrəvan son illərdə çox şey itirib. Əgər bu ölkə bizə qarşı separatçılığa başlamasaydı, torpaqlarımızı işğal etməsəydi, normal qonşuluq münasibətləri zəminində ticarət, hər sahədə əməkdaşlıq olacaqdı. Bundan isə onlar daha çox fayda görəcəkdilər. Yenə gec deyil. İkitərəfli danışıqlar prosesi davam edir, sülh və ya çərçivə sazişinin imzalanacağı da real görünür. Burada ikinci və daha vacib amil isə cənab Prezident İlham Əliyevin söylədiyi postulatdır: Heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz. Çünki Bakı özü digər ölkələrin daxili qaydalarına qarışmır. Eyni yanaşmanı hamıdan gözləyir. Bu mesaj Cənubi Qafqaza da aiddir. Keçən il Gürcüstana işgüzar səfəri zamanı çıxışında “Qafqaz evi” ideyasını irəli sürdü. Yəni, bölgədə yaşayan xalqlar sülh və əmin-amanlıq, yaxın əməkdaşlıq şəraitində yaşamalıdırlar. Bu bölgəyə xarici dövlətlərin, güclərin təsir imkanları sıfıra enməli, təxribatların qarşısı isə qətiyyətlə alınmalıdır. Bakı məhz bu siyasi iradəni nümayiş etdirir. 

Doğrudur, hazırda Gürcüstanda vəziyyət qarışıqdır. Bunun da səbəbi bəzi Qərb dövlətlərinin Gürcüstan hökumətinin və cəmiyyətin istəklərinin əleyhinə getməsidir. Qəbul ediləcək qanuna qarşı çıxan müxalifət kənarda dəstəklənir. Bu isə, bütövlükdə, “Ümumqafqaz evi” ideyasına zərər vuran təmayüldür. 

Bəli, dövlətimizin başçısı həm bölgə, həm də Avropa üçün eyni prinsipləri irəli sürür. Bölgədə vəziyyətin gərginləşməsi isə hamının ziyanınadır. 

Tofiq ABBASOV,
siyasi icmalçı

– Biz kollektiv Qərbin Qafqaz bölgəsi ilə bağlı məkrli planlarının təzahürlərini görürük. ABŞ, Avropa İttifaqı, xüsusilə də, Fransa bölgəni çalxalamağa çalışırlar. Ermənistana, Gürcüstana, eləcə də Azərbaycana müdaxilə cəhdləri var. Onların istəyi ondan ibarətdir ki, Cənubi Qafqazın bu üç qonşu ölkəsi arasında heç vaxt sabit, normal münasibətlər olmasın, münaqişə ehtimalı daim başlarının üstünü kəsdirsin. Belə şəraitdən öz mənafeləri üçün yararlanmaq, “parçala, hökm sür!” siyasətini yeritməyə çalışanların Gürcüstanı hansı vəziyyətə saldıqları məlumdur. Səbəb Qərbin bu ölkəyə müdaxiləsidir. 

Onlar Cənubi Qafqazı özləri üçün platsdarm kimi görürlər. Buradan isə Avrasiya coğrafiyasında üzə çıxan yeni güc mərkəzlərini özlərinin təsir dairəsində saxlamaq məqsədini güdürlər. Belə durumda bölgənin sabit qarantı sayılan Azərbaycan hamıya sülh çağırışları edir. Həmin qərbçilər də yaxşı görürlər ki, Bakının rəyi olmadan bölgədə heç bir layihə gerçəkləşə bilməz. Eyni zamanda, onların dağıdıcı planlarının qarşısına sipər çəkən də Azərbaycandır. 

Kriminal dünyanın belə qaydası var: əgər hərc–mərcliyin qarşısını ala bilmirsənsə, ona rəhbərlik etməyə çalış. Nə qədər qəribə və təəccüblü görünsə belə, Qərbin bölgəyə yanaşması bu qayda ilə səsləşir. Dünyanın bu qəliz dönəmində qərbli oyunçuların Qafqazı da alova bürümək istədiklərini görürük. Aydın məsələdir ki, onların əsas məqsədləri bölgəni Rusiyanın təsir dairəsindən qoparmaqdır. Digər postsover respublikalarına qarşı da eyni taktikadan istifadə olunur. Bu məmləkətlərin qismətinə xaos, müharibə, dağıntı düşürsə, bu, onları qayğılandırmır. 

İki mininci illərin əvvəllərində Gürcüstanda “narıncı inqilab”ın baş verməsi, Saakaşvilinin hakimiyətə gəlişi Qərbin “demokratiya oyunlarının mahiyyətini” ortaya çıxardı. O zaman Qərbin fitvasına uyan rəsmi Tbilisini hansı duruma düşdüyünü hamı gördü. “Qafqaz evi” ideyası məhz buna görə aktualdır.

İmran BƏDİRXANLI
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
50
Mənbələr
Şərh ()
Bağla