AZ

Siyasətdə boğulanların saman çöpü: “kilsə yürüşləri”

Mayın 4-dən “Vətən naminə Tavuş” hərəkatı Azərbaycanla sərhəddə yerləşən Xeyrımlı (Kirants) kəndindən İrəvana doğru yürüşə başlayıb. Bunu Kirants kəndində çıxış edən erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan deyib.

Onun sözlərinə görə, Ermənistanın digər rayonları və qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar. O, paytaxta gedən yolda yürüş iştirakçılarının sayının durmadan artacağına əminliyini bildirib. Keşiş deyib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar: “Vətən naminə Tavuş” vətəndaş hərəkatı İrəvana yürüş etmək və suallarına cavab almaq, bu prosesin dayandırılması üçün tələblərini formalaşdırmaq qərarına gəlib”.

Arxiyepiskop daha sonra bildirib ki, sərhədin delimitasiyası və demarkasiyası problemi varsa, o zaman bu, Ermənistan qanunlarına uyğun olaraq beynəlxalq müqavilələrin əsasları və prinsipləri əsasında həyata keçirilməlidir. Əks halda delimitasiya ola bilməz. Birtərəfli, fərdi qərarlar, aldadıcı təzahürlər olmamalıdır. Biz bilirik ki, minatəmizləmə prosesi artıq başlayıb, lakin bu, heç bir halda tələbimizi səsləndirmək, məqsəd və istəyimizə nail olmaq üçün bizə maneə deyil”.

Yeparxiya rəhbəri bəyan edib ki, hərəkata politoloq Suren Petrosyan və Ermənistan parlamentinin deputatı Qarnik Danielyan rəhbərlik edəcəklər: “Bu hərəkat partiyasızdır, partiyaların fövqündədir, onun rəngi, forması, simvolu yoxdur. Hərəkat təbii şəkildə formalaşıb və bundan sonra da fəaliyyətini davam etdirəcək. İstədiyimiz kimi gedəcəyik. Bu, bizim ölkəmiz, bizim yolumuzdur. Mayın 9-da xalq İrəvana gedib öz tələblərini açıq şəkildə ifadə edəcək”.

Görünən odur ki, “din xadimi” adlanan, ancaq dini ayinlərin icrası, ibadətlə məşğul olmaq əvəzinə, marafon iştirakçıları kimi yürüşə çıxan Baqratı finiş xəttində gözləyənlərin sayı o qədər də çox olmayacaq. Çünki Ermənistan cəmiyyəti onu və onun kimi avantüristləri yaxşı tanıyır. Bir müddət öncə onun barəsində populyar erməni teleqram kanalı – “Baqramyan 26”da yerləşdirilmiş “Kilsəni dağıtmaq və katolikos olmaq” sərlövhəli yazıda bildirilirdi ki, öz ambisiyalarına malik yepiskop ölkədə qeyri-sabitlik toxumu səpmək cəhdlərini davam etdirir. Tez-tez görüşlər keçirməsi isə onun sakitləşmədiyini açıq şəkildə göstərir. Qeyd olundu ki, Tavuşun dörd kəndinin (?) sakinlərinin problemləri yepiskop üçün maraqlı deyil və o, “öz oyununu” oynayır: “Yeparxiyanın rəhbəri yaxın ətrafına bildirib ki, hərəkat uğursuzluğa düçar olsa belə, bu avantürada iştirak etməklə gələcək katolikos seçkilərində iştirak etmək üçün “xal” qazanacaq. Baqratın ambisiyaları çoxlarına məlumdur”.

Həmçinin qeyd edilirdi ki, 2018-ci ildə bütün ermənilərin katolikosu II Qareginlə bağlı aparılan nüfuzdan salma kampaniyasının “kölgə lideri” məhz B.Qalstanyan idi. Həmin kampaniya mövcud hakimiyyətin dəstəyini almaması və kilsə işlərinin kilsə daxilində həll edilməli olduğu mesajı səbəbindən uğursuzluqla nəticələnib.

2021-ci ildə isə keçmiş prezident Robert Koçaryanın adamları Baqratı əmin ediblər ki, əgər o, qalib gəlməkdə onlara kömək etsə, katolikos olacaq. Ancaq bu da fayda verməyib. İndi isə o, xaos yaratmaq üçün üçüncü cəhdini edir, amma bu dəfə Tavuşda: “Kilsə ətrafında sosial şəbəkələrdə mövcud olan mənfi əhval-ruhiyyəni də nəzərə alaraq deməliyik ki, yepiskoplar arasında yaşanan bu qeyri-sağlam, dağıdıcı proses dayandırılmalı və Baqrat yeparxiyanın rəhbəri vəzifəsindən uzaqlaşdırılmalıdır. Əks-təqdirdə onun əməllərindən həm dövlətə, həm də kilsəyə ciddi ziyan dəyəcək”.

Beləliklə, aydın görünür ki, baş nazir Nikol Paşinyan iqtidarının son vaxtlar nümayiş etdirdiyi konstruktivliyə baxmayaraq, kilsə prosesi əngəlləmək üçün daxildəki və xaricdəki müəyyən siyasi qüvvələri qızışdırır. Bunun nəticəsində onlar bir müddət öncə Azərbaycanla şərti sərhədə yaxın kəndlərdə kütləvi etirazlara başlayıblar. İndi isə prosesi İrəvanda davam etdirməyi qarşıya məqsəd qoyublar. Ümumiyyətlə, son ayın tendensiyası göstərir ki, kilsə Ermənistanda siyasi proseslərə daha aktiv şəkildə qatılmaqdadır və əslində, hazırda sülh prosesinə əngəl yaradan əsas institut hesab oluna bilər. Güman etmək olar ki, dünyəvi müxalifət reytinqinin çox aşağı olmasını nəzərə alaraq geri çəkilib və “din xadimləri” adlanan siyasiləşmiş şəxsləri qabağa verib. Əslində, onlar dünyəvi müxalifət adını daşımağa da layiq deyillər. Bunlar Ermənistanda 20 il talançılıqla məşğul olan Robert Koçaryan və Serj Sarkisyanın dəstəsinin üzvləridir. 

Koçaryan bu siyasi avantürada “xaç atası” rolunda çıxış edir. Ancaq onun aqibətinin yaxşı olmayacağı göz qabağındadır. Çünki erməni cəmiyyəti bu qüvvələrdən bezib, onları 2018-ci ildə siyasi səhnədən, necə deyərlər, birdəfəlik süpürüb atıb. Görün, bu talançılar 20 il ərzində xalqın başına hansı oyunları açıblar ki, haylar 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində hətta, müharibəni uduzmuş baş naziri belə hakimiyyətdə saxlamağa razılaşdılar, təki Qarabağ klanı yenidən hakimiyyətə qayıtmasın. Bu mənada əlləri hər yerdən üzülmüş revanşist qüvvələr Paşinyanı “din xadimləri”nin mübarizəsi ilə devirməyi xəyal edirlər. Xam xəyaldır!

Analitik yazılar üzrə ixtisaslaşmış “Armenian Report” saytında bugünlərdə Tavuşda yaşanan proseslər və B.Qalstanyanın əməlləri barədə yerləşdirilmiş “Qarabağ klanı və erməni apostol kilsəsi Paşinyanı hədəfə alır, amma Ermənistanı vurur” sərlövhəli məqalə bu baxımdan diqqəti cəlb edir. Yazıda açıq aydın bildirilir ki, Tavuş aksiyalarının lideri olan B.Qalstanyanı dağıdıcı fəaliyyətə, heç şübhəsiz, indiki hakimiyyətlə uzun müddətdir düşmənçilik münasibətlərində olan katolikosun özü həvəsləndirir.

Müəllif Tevos Arşakyan qeyd edir ki, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesi ətrafında baş verən son hadisələr, bununla bağlı sabiqlərin (Koçaryan–Sarkisyan cütlüyünün–S.H.) və din xadimlərinin birgə həyata keçirdikləri təxribatlar cəmiyyətdə artan narahatlığa səbəb olur: “Artıq gərginlik o həddə çatıb ki, sanki bir az sonra əsl vətəndaş müharibəsi başlayacaq. Sərhədlərin müəyyənləşdirilməsi prosesi heç vaxt heç bir yerdə ağrısız olmayıb. Məsələn, son 100 ildə müharibə etmədiyimiz Gürcüstanla hələ də sərhəd tam müəyyən edilməyib. 35 ildən çoxdur bir-birini düşmən hesab edən ölkələrlə bağlı nə deyə bilərik? Aydındır ki, burada hər iki tərəf imkan daxilində daha çox şey əldə etmək istəyir”.

Bildirilir ki, sərhədlərin müəyyənləşdirilməsi ən mühüm addımdır. Bu addım olmadan biz nə sülh sazişi imzalaya, nə də müvafiq olaraq Ermənistanın təhlükəsizliyinə nail ola biləcəyik: “Ona görə də burada səbir, incəlik və diplomatiya lazımdır. Ermənistanda insanların çoxu müharibələrdən və məşəqqətlərdən yorulub. Əhalinin həssas hissəsi ərazi bütövlüyünün tanınması əsasında davamlı sülhün bərqərar olması üçün real imkanın olduğuna inanmaq istəyir. Sərhədləri müəyyən etmədən buna necə nail olmaq olar? Ölkə daxilində təxribatlara, süni gərginlik yaratmağa yer yoxdur. Amma Koçaryanın, Sarkisyanın, Ermənistandan kənar müəyyən qüvvələrin əlindən qidalanan barışmaz müxalifətin, eləcə də erməni apostol kilsəsinin bəzi nümayəndələrinin son zamanlar etdikləri də məhz budur”.

Bəli, bu qüvvələr Ermənistanı yanlış istiqamətə yönəldir. Həmin yol Hayastan daxilində təxribatlara, qarşıdurmalara gedir və paralel olaraq hayları sülhdən uzaqlaşdırır. Bu baxımdan ermənilər arasında sağlam düşünənlər ona qarşı çıxırlar. Son dövrlərdə iki dəfə – 2023-cü ilin dekabr və bu ilin aprel aylarında müharibə etmiş iki dövlət vasitəçilərin iştirakı olmadan öz aralarında razılığa gəlməyə çalışıb və nəticədə ortaq dil tapıb. Bu isə Qarabağ klanının və onun arxasında duran qüvvələrin maraqlarına ziddir.

Mövzu üzrə fikirlərini öyrəndiyimiz Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov bildirdi ki, Ermənistanda müxtəlif yürüş və mitinqlər keçirilə bilər, ancaq əsas məsələ həmin yürüş və mitinqlərin məntiqinin nədən ibarət olacağıdır. Onun sözlərinə görə, ya bu aksiyalar Hayastanda yeni dövlət çevrilişi ilə nəticələnəcək ki, bu da öz növbəsində Azərbaycanla yeni müharibəyə gətirib çıxaracaq. Ya da İrəvan kəndləri qaytaracaq və üzərinə götürdüyü digər öhdəlikləri yerinə yetirəcək. Bundan sonra iki ölkə arasında yeni münasibətlər qurulacaq: “Seçim erməni xalqındadır. Onlar Azərbaycanla ya sülh, ya da müharibə istəməlidirlər. Burada üçüncü yol yoxdur. Bunu erməni cəmiyyəti yaxşı yadda saxlamalıdır”.

Müsahibimiz qeyd etdi ki, prinsip etibarilə Paşinyan və komanda üzvləri xalqa ismarıclarında bunu dəfələrlə dilə gətiriblər. Onlar hazırda Ermənistanın gələcəyinin həll edildiyini bildiriblər. Ona görə də bu gün məsuliyyət birbaşa erməni cəmiyyətinin üzərindədir. 

Z.Məmmədovun sözlərinə görə, dörd kəndin qaytarılması prosesin birinci mərhələsidir. Bundan sonra Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi gündəmə gələcək. Bəs o zaman indi etiraz edənlər hansı rəyi bildirəcəklər? Bununla bağlı hakimiyyət qərar verdikdən sonra kimlər və hansı xarici qüvvələr kütlənin arxasında dayanacaqlar? Yəni, Azərbaycanın tələbləri var və bu tələblər təkcə kəndlərlə bağlı deyil. Bundan sonra daha mühüm qərarlar verilməlidir. Əgər həmin qərarlar verilməsə, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin yerini müharibə tuta bilər. Bunun üçün də biz erməni cəmiyyətinin proseslərə ayıq yanaşmasını və rasional addım atmasını çox istərdik. Hansı addımı atacaqları özlərindən asılıdır. Onlar bununla gələcək müqəddəratlarını həll edəcəklər.

Politoloq danışıqlar prosesində praqmatik addımların atılmasının mümkün olduğunu vurğuladı: “Müxalifətdən fərqli olaraq, Paşinyan keçmişə baxmır. Əgər müxalifət hələ də “böyük Ermənistan” xülyası ilə yaşayırsa, hakimiyyət Azərbaycandan aldığı zərbə nəticəsində fərqli düşünməyə başlayıb. Onlar danışıqlarda ortaq məxrəcə gəlməsə, Ermənistanı nələrin gözlədiyini başa düşürlər. Paşinyan iqtidarı özü də 4 il ərzində vaxtı uzadırdı. Rəsmi İrəvan Rusiya–Ukrayna müharibəsində Moskvanın məğlubiyyətini gözləyir, yeni fürsətlər, yeni imkanlar barədə düşünürdü. Biz bunu da unutmamalıyıq. Ancaq vaxtın daralması, onlara 4 kəndlə bağlı ultimatum verilməsi kəndlərin qaytarılmasına gətirib çıxardı. Artıq şərti sərhəddə minaların təmizlənməsinə başlanıb”.

Z.Məmmədovun fikrincə, müxalifət isə başa düşür ki, hakimiyyətə gəlmək məsuliyyət və yük deməkdir. Müxalifət hakimiyyətə gəlsə belə, Azərbaycanın şərtlərini bu və ya digər şəkildə yerinə yetirməlidir: “Buna görə də onlar insanları mitinqlərə səsləyərək, həm özlərinin sosial bazalarının zəifliyini göstərmək, həm də siyasi məsuliyyəti üzərlərinə götürmək istəmirlər. Güman etmək olar ki, Paşinyan hökuməti ciddi addımlar atdıqdan sonra biz müxalifətin hərəkətə keçəcəyinə şahidlik edəcəyik. Hazırda Ermənistan hakimiyyəti və müxalifəti, eləcə də cəmiyyəti həlledici mərhələdədir. Onlar məsuliyyəti bölüşməlidirlər və atacaqları addım erməni dövlətinin gələcəkdə sərhədlərinin harada başlayıb, harada bitəcəyinə gətirib çıxaracaq”.

Səxavət HƏMİD
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
Mənbələr
Şərh ()
Bağla