AZ

Ulu öndər BAM-da çalışmış azərbaycanlı qadını necə tapmışdı?

Soyuq Sibirin bir ömürlük isti xatirəsi

Ümummilli lider Heydər Əliyevin adı milli şərəf tariximizə bir sıra xidmətləri ilə yanaşı, həm də Azərbaycanı XX əsrdən  XXI əsrə keçirən dahi şəxsiyyət kimi yazılmışdır. Dünya şöhrətli siyasət və dövlət xadimi keçmiş SSRİ-nin də tarixinə öz adını silinməz izlərlə həkk edib. 

Məhz Ulu öndərin uzaqgörən siyasəti nəticəsində gələcəyə hesablanmış, ölkə iqtisadiyyatını gücləndirəcək nadir layihələrə imza atılıb. Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizin sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində böyük canlanma baş verib, əzəmətli uğurlar qazanılıb. Ümummilli liderin dərin zəkasından təkcə Azərbaycan deyil, o zamankı Sovetlər Birliyi də kifayət qədər yararlanıb.

Bu yaxınlarda qonşu Rusiyada 50 illiyi böyük təntənə ilə qeyd edilən Baykal – Amur Magistralının çəkilişində Azərbaycan xalqının qüdrətli oğlunun müstəsna xidməti qədirbilənliklə qeyd edildi. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi məxsusi olaraq yubileyə dəvət edərək bildirdi: “Atanızın layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmətlər, illər bu gün də mühüm rol oynayır. O, bütün Sovet İttifaqı üçün əhəmiyyətli olan möhtəşəm layihənin təşkilatçılarından biri idi. Bütün Sovet İttifaqı üçün çox vacib layihə olan BAM-ın rəhbəri olub. Biz buna görə ona çox minnətdarıq və onun əziz xatirəsini yad edirik”.

Ötən il mənə Rusiyanın Severomuysk tunelinin tikintisi zamanı bu müdrik insanla, adını tarixin yaddaşına qızıl hərflərlə yazmış qurucu rəhbərlə görüşmüş, aralarında maraqlı dialoq baş vermiş BAM əməkçisi barədə məlumat verilmişdi. Onun “qatı açılmamış” xatirəsi ilə bağlı mənə ipucu verildikdən sonra axtarışlara başladım. Lakin onu tapmaq elə də asan olmadı. Çünki bildiyim bunlar idi: Sumqayıt şəhəri, Rzayeva Minəxanım. Uzunmüddətli axtarışlarım, keçmiş qonşularının kimliyini  araşdırmağım da fayda vermirdi. 

Lakin bir gün, sanki, möcüzə baş verdi və mən onun ünvanını əldə edə bildim. May ayının sonunda qeyd edilən ünvana baş çəkdim. Qapı bağlı idi. Qonşular bildirdi ki, axtardığım xanım səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Qapıbir qonşusunun telefon nömrəsini götürüb geri döndüm. Həmin şəxslə mütəmadi əlaqə saxlayırdım. Xəstənin vəziyyətinin yaxşılaşmasını gözləyirdim,  çünki onu həyəcanlandırmaq olmazdı. Bir müddət sonra öyrəndim ki, Minəxanım arvad xəstəxanadan evə buraxılıb. Xəbərdarlıqsız yaşadığı ünvana getdim və məlum oldu ki, mənzilini dəyişib...

Artıq gec olduğu, hava da qaraldığı üçün Bakıya qayıtdım, lakin bu dəfə Minəxanım Rzayevanın şəxsi telefon nömrəsi ilə. Günlər ötdü. Nəhayət, bir gün özü ilə əlaqə saxlayıb, razılığını aldım və yaşadığı yeni ünvana yollandım. Qapını nəvəsinin həyat yoldaşı açdı. Arvadın bu yaxınlarda insult keçirdiyini söylədilər. Mən onu yormayacağımı bildirdim. 

...Ortaboylu, üzü nurlu Minəxanım xala məni ayaqüstdə qarşıladı. Onu necə tapdığımla maraqlandı. Başıma gələnləri qısaca danışdım... Vaxtını alıb yormamaq üçün mətləbə keçdim. Köhnə bir albom gətirdi. Tayqa xatirələrini əks etdirən ağ-qara fotoları mənə göstərə-göstərə, sanki, yaddaşının həmin dövrünü vərəqləyirdi...

– Minəxanım xala, necə oldu ki, ailəlikcə uzaq və soyuq Sibirə getdiniz? Ora uyğunlaşmaq, yaşamaq çətin deyildimi?

– 1981-ci ilin yayında getdik Severomuyska. Buryatiya Muxtar Respublikasında Severomuysk qəsəbəsi salınmışdı ki, yol çəkilsin. Xüsusi olaraq dağın alt hissəsindən 15 kilometr uzunluğunda yer-
altı tunel qazılırdı ki, qısa yol olsun, çünki dağların üstü ilə yol çəkmək mümkün deyildi. Tunel qazılan vaxtlarda dağın üstündə qaynar bulaq vardı, həm də yer-
altı göllər ortaya çıxdı (həmin ərazidəki torpaqlarda tektonik toqquşmalar, yeraltı axınlar, qaz emissiyaları olub – red.). Ona görə də iş bir qədər ləngidi. Kənardan dağın arasını açıb, dəmir yolu xətti çəkdilər.

Həyat yoldaşım əvvəlcə meşədə, sonra isə tunel çəkilişində çalışdı. Özüm isə müvəqqəti olaraq yeməkxanada işə düzəldim. O zaman SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olan Heydər Əliyev qəsəbəyə gəldikdən sonra  başqa yerə işə keçdim. Ora kiçik yer idi, biz gedəndə cəmi 500–600 nəfər işçi vari idi. Hamı bir-birini tanıyırdı: beynəlmiləl kollektiv idi. Azərbaycanlılar çox zaman bir yerə yığışardılar.

Qəsəbə Muyakan çayının sahilində yerləşirdi. Hər tərəfi də tayqa meşələri... Biz çox yüksəklikdəydik, səhər tezdən, sanki, hava donurdu, sonra açılırdı. Ailəli insanlar ümumi “barak”larda yaşayırdılar.

Sonradan torpaq sahəsi aldıq və taxtadan ev tikdik. İlin cəmi 3 ayı hava isti keçirdi. Hətta içməli su maşınla gətirilirdi qəsəbəyə. İnsan hər şəraitə öyrəşə, uyğunlaşa bilir. Orada istixana qurub, müxtəlif tərəvəzlər də yetişdirirdik... Toxumları Azərbaycandan qohumlarımız göndərirdi. İlk getdiyimiz vaxtlarda qarğalardan başqa quş görməzdik, sonradan sərçələr də uçub gəlməyə başladı. Sanki, illər ötdükcə, insan nəfəsi dəydikcə, iqlim də dəyişirdi, yumşalırdı... Ətrafda yırtıcı heyvanlar görünürdü. Ona görə də çoxlu itlər gətirilmişdi ki, canavarlar, ayılar qəsəbəyə yaxın gəlməsinlər. Evlərin qapısı bayıra açılardı ki, yırtıcılar qapını itələyib içəri girə bilməsin...

Xatırlatma: Baykal–Amur Magistralı Şərqi Sibir və Rusiyanın Uzaq Şərqindən keçən, uzunluğu 4324 kilometr olan - dünyanın ən böyük dəmir yolu xətlərindən biridir. BAM 11 dərin çaydan və 7 böyük dağ silsiləsindən keçirdi.

Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin qərarı əsasında 1974-cü ildə başlanan tikintinin oktyabr inqilabının 67-ci ildönümünə, daha doğrusu, 1984-cü il noyabrın 7-dək başa çatdırılması nəzərdə tutulmuşdu. Amma müəyyən zamanın boşa getdiyinin fərqində olanda, tikintiyə nəzarət SSRİ Nazirlər Soveti sədrinin müavini Heydər Əliyevə həvalə olunur. Həmin layihə ulu ödər Heydər Əliyev tikintiyə əl qoyandan sonra tam sürətlə həyata keçirildi və gerçəkləşdirildi.

Tarix elmləri namizədi, “Tavolqa” Fondunun layihə rəhbəri Vasili Novikov Rusiya mətbuatına verdiyi müsahibəsində deyib:

“Heydər Əliyev, necə deyərlər, çox səmərəli idarəçi idi. Orada qarşıda duran vəzifə məhz yüksək keyfiyyətli rəhbərlik sistemi qurmaq idi. Onun ən böyük nailiyyəti, mənim fikrimcə, yerlərdə tikinti ilə birbaşa məşğul olan insanlarla şaquli münasibət yaratması oldu. O qədər səriştəli işləyirdi ki, adi işçilərlə də isti, şəxsi münasibətlər qururdu. Onların bir çox problemlərini dərhal başa düşürdü. Və bu, effektiv tikinti nəticəsinə gətirib çıxardı. Bununla əlaqədar olaraq o, BAM-ın təhvil müddətini 2 ilə yaxın qısaltdı”.

Beləliklə də, məhz Heydər Əliyevin qətiyyəti, əzmi, əməkçi insanlara qayğısı nəticəsində ən böyük sovet tikinti layihəsi vaxtından əvvəl başa çatdırılıb ki, bu da SSRİ-yə əhəmiyyətli miqdarda resurslara qənaət etməyə imkan verib.

V.Novikov qeyd edib ki, BAM-da işlədiyi müddətdə Heydər Əliyev öz kabinetində oturmayıb, relslərin çəkilişini şəxsən yoxlamaq üçün fəal şəkildə əraziyə gedib, hətta tikilməkdə olan yolun bütün obyektlərini gəzib, magistralın ən çətin hissəsi olan Severomuysk tunelinə də baş çəkib: “Əliyev yolun qızıl, son halqasında çəkiclərin vurulmasında da şəxsən iştirak edib”. Tarixçi vurğulayıb ki, Heydər Əliyev həmişə işçilərin qayğıları ilə maraqlanıb və onlara kömək edib: müavinətlərin yubandırıldığı barədə şikayətləri dinlədikdə dərhal həll edib, texnikanın çatışmazlığını bildirdikdə, tez bir zamanda əraziyə çatdırılmasına nail olub. Hansı ki, həmin illərdə yarımçıq magistral yol ilə ora texnika-maşın çatdırmaq qat-qat çətinmiş.

“BAM, prinsipcə, mürəkkəbliyinə görə Aya enişlə müqayisə edilə bilər”, – deyə alim bu layihənin həyata keçirilməsinin nə qədər çətin olmasına diqqət çəkib. Rusiya iqtisadiyyatına BAM-ın verdiyi töhfə kifayət qədər böyükdür. Bu işdə Heydər Əliyevin əməyi danılmaz, orada çalışan çoxsaylı xalqların nümayəndələri arasında azərbaycanlıların zəhməti inkaredilməzdir. BAM-ın Ulkan və Anqoya qəsəbələrini də məhz azərbaycanlılar tikmişdilər. Qeyd edək ki, 2008-ci ildə BAM-ın Anqoya stansiyasında Heydər Əliyevin adını daşıyan vağzalın açılışı da olub.

Qayıdaq Minəxanım Rzayeva ilə söhbətə:

– Bəs necə olmuşdu ki, o zaman sizi qəsəbəyə gəlmiş ali məqamlı sovet rəhbəri Heydər Əliyevin yanına aparmışdılar?

– Neçənci il olduğunu dəqiq xatırlamıram, amma o yadımdadır ki, Severomuyska getdiyimiz bir neçə il idi. Heydər 
Əliyev Severomuyksda görülən işlərə baş çəkməyə gələndə isə mən yeməkxanada çalışırdım. Dedilər ki, banket zalında kimlərləsə görüş olacaq, deyəsən, xaricilərlə. Məndən Azərbaycan yeməklərinin hazırlanma qaydasını bilmədiklərini və əldə olan ərzaqlardan nə hazırlamaq mümkün olduğunu soruşdular. Xüsusi olaraq ərzaq gətirilmişdi: diri qoyun, üzüm yarpağı və s. Onlar qoyunun quyruğunu “sala” bilirdilər. Mən isə bunun quyruq olduğunu və yarpaq dolması hazırlamaq lazım olduğunu dedim. Sonra azərbaycanlıları çağırdılar ki, kabab bişirsinlər. Piti qabları olmadığı üçün qazanda xaşlama kimi yemək hazırladım. Yarpaq dolması bükəndə isə boşqaba çəkən zaman dağılmaması, səliqəli olması üçün dədə-baba üsulu ilə hamısını sapa düzdüm... 

Axşam saat 16:00 radələri idi. İşlərimi bitirib evə gedəsi oldum. Lakin hardan biləydim ki, yarpaq dolması süfrəyə veriləndə sapdan çıxarmaq lazım olduğunu mənimlə birgə çalışanlar başa düşməyəcək. Beləcə evdə uşaqlara düşbərə bişirmək istəyirdim. Bir də gördüm yeməkxananın rəisi başılovlu içəri girdi. Üz-gözündən zəhər yağırdı. Mənə onunla təcili getməli olduğumu dedi. Səbəbini soruşdum, amma o, izah belə etmədi və dedi ki, orada biləcəyəm... 

Əllərimin xəmirini yumağa belə imkan vermədi. Çox əl-ayağa düşmüşdü. Məni elə əli xəmirli, yaxası önlüklü maşına əyləşdirib apardılar. Lap “Bəxtiyar” filmində nənənin dəmir yolu vağzalına aparıldığı kimi (gülür). Ora çatdıqda dedilər ki, sən bəzi suallara cavab verəcəksən. Lakin kimə cavab verəcəm, nə barədə sual veriləcək, bilmirdim. Banket zalında kiril əlifbasının “p” hərfi formasında stullar düzülmüşdü. Ortada Heydər Əliyev əyləşmişdi. Düzü, əvvəlcə onu tanımadım, sadəcə, bənzətdim. O, əli ilə yaxın gəlməyimi işarə etdi, eyni zamanda, Azərbaycan dilində “Ay qızım, gəl bura” dedi. 

Stola yaxınlaşdım. Mənə bir söz demədən çəngəl ilə yarpaq dolmasını yuxarı qaldırdı. Gözlərimə inana bilmirdim - sap üstündə idi. Sanki, başıma qaynar su tökdülər. Heydər Əliyev çəngəldəki sapa düzülmüş dolmaları mənə göstərərək “Ay qızım, sən özün çoxbilmişlik edib deməmisən sapı çıxartmaq lazımdır, yoxsa bunlar anlamayıblar ki, sapları kəsib çıxarmaq lazımdır?”-  deyərək özünəməxsus tərzdə mehribanlıqla gülümsündü. Ətrafdakılar donub qalmışdı. Heydər Əliyev isə mənimlə Azərbaycan dilində danışırdı. 

Sən demə, yeməkləri kimin bişirdiyini soruşduqda ona bildiriblər ki, özlərinin çox yaxşı aşpazları var və həmin yeməkləri 6-cı, 7-ci dərəcəli aşpazları bişiribdir. O isə bu dolmanı məhz azərbaycanlının bişirdiyini və hətta Azərbaycanın bütün bölgələrində bu üsuldan istifadə olunmadığını dəqiq bildiyini də onlara deyib. Bütün bunları isə həmin söhbəti eşitmiş ofisiant sonradan mənə söylədi. Mən ofisiantın dil-dodağının quruduğunu gördüm və gözucu işarə etdim ki, yeməkləri mətbəxə aparsınlar. Heydər Əliyevlə söhbətdən sonra mən özüm yeməyi süfrəyə veriləcək qaydada hazırladım.

– Heydər Əliyevin gəlişi sizin üçün münasibət baxımından nəyisə dəyişdimi? Çünki Ulu öndər hər bir xalqın nümayəndəsinə qarşı diqqətcil idi və ayrı-seçkiliyə yol verilməsini də sevməzdi.

– O, əvvəlcə mənim qəsəbəyə necə gedib çıxmağımla maraqlandı. Mən ora ailəmlə – 3 uşağımla gəldiyimi söylədim. Təəccübləndi, çünki o zaman çox gənc idim. Mənə talon verilib-verilmədiyi ilə də maraqlandı. Talon məsələsini rus dilində soruşdu. Mənim təəccübləndiyimi gördükdə bildi ki, mənə heç bir talon verilməyib. Sən demə, orada çalışanlara “defisit” mallar əldə etmək üçün talon verilirmiş. Heydər Əliyev dönüb rəisin üzünə baxdı və dedi: “Bəs deyirdiniz, hamıya talon paylamısınız... Mən dedim ki, bunu azərbaycanlı bişirib, dediniz ki, öz aşpazlarımız ən bacarıqlılardır. Nə oldu bəs?! Aşpazınız başqası çıxdı” (Müsahibim gülümsünür). 

Söhbət zamanı Azərbaycanın hansı bölgəsindən gəldiyimlə maraqlandı. Bidirdim ki, Sumqayıtdan gəlmişəm. Lakin o, mənim əslən haralı olduğumu soruşdu. Babalarımın köklərinin Əmircanlı olduğunu, lakin rayonda doğulduğumu söylədim. O dəqiqə “qızım, sən onda Xilədənsən” dedi.  Düzü, xiləlilərin keçmişini bilməsi mənim üçün təəccüblü olsa da, Heydər Əliyevin hərtərəfli məlumata, hafizəyə malik olması heç kəsə sirr deyildir. O, yaşayışımızla, qayğılarımızla maraqlandı. Hər hansı problemimiz olarsa, ona çatdırmağımızı, müraciət etməyimizi tapşırdı. 

Mən Ulu öndərdən ata qayğısı, nəvazişi hiss etdim. O, xalqını, millətini sevən, dəyər verən dövlət xadimi idi. Heydər 
Əliyev bənzərsiz şəxsiyyət idi: qətiyyətli danışığı, səs tembri, insanlara münasibəti... Sözünü dedikdə belə, onun səs tonu hər şeyi həll edirdi... Onu da deyim ki, oradan ayrılıb evimə çatana qədər artıq qapımın kandarına 2–3 metr ölçüdə Monqolustan istehsalı olan yun xalça qoyulmuşdu, çünki bilirdilər ki, Heydər Əliyev çox diqqətcil və tələbkardır. Həmin xalçanı uzun illər sonra Azərbaycana gətirdim və gəlin köçən qızıma cehiz verdim (Gözləri dolur).

 M.S.Qorbaçov Sov. İKP MK-nın Baş katibi təyin olunduqdan və Heydər Əliyev tutduğu vəzifədən azad edildikdən sonra milliyyətindən asılı olmayaraq, bütün işçilər narazılıq etdilər - işləmək istəmirdilər, çünki Ulu öndəri hamı sevirdi, hörmət edirdi. Ondan yalnız qayğı görmüşdülər! Elə biz də 20 Yanvar hadisələrindən sonra vətənimizə dönməyi özümüzə borc bildik.

...Vaxt keçir, o şövqlə tayqa xatirələrini nəql etdi: millət atası saydığı Heydər Əliyevlə qeyri-adi tanışlıq zamanı baş verən ən kiçik nüansları belə qaçırmamağa çalışdı. Sağollaşarkən məni daha gümrah, daha rahat addımlarla yola saldı. Sanki indiyədək bu xatirəsini danışmağa bir yazar gözləyirmiş. Mən isə bir qucaq xatirə və məmnunluqla Bakıya döndüm.

Yasəmən MƏMMƏDLİ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla